İki müsəlman ölkəsi Qətərə ordu yeridir: müharibəyə hazırlıq, yoxsa?
Bizi izləyin

Nida Təhlil

İki müsəlman ölkəsi Qətərə ordu yeridir: müharibəyə hazırlıq, yoxsa?

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına gələrək, Ərəb-İslam-Amerika sammiti keçirtdi və müsəlman coğrafiyasının əksər ölkəsi bu sammitə qatıldı. Trampın bu gedişinin bölgədə yeni ittifaq yaratmaq və İrana qarşı böyük koalisiya formalaşdırmaq məqsədi daşıdığı məlumdur. ABŞ prezidenti bölgəni tərk edəndən sonra 8 ərəb ölkəsi Qətərə diplomatik hücum etdi və bütün əlaqələrini kəsdi. Əsas ittihamlardan biri Qətərin İranla əməkdaşlığı idi. Ardınca İranda terror hücumları başlandı. Regionda “bombalar” ard-arda partladığı vaxtda Türkiyə Qətərə arxa çıxdı və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzaladı. Türkiyənin bu addımından sonra Pakistan Qətərə 20 minlik ordu göndərmək haqda qərar verdi. Pakistanın bu addımı Türkiyə ilə eyni strateji xətt üzrə hərəkət etməklə yanaşı, növbəti qurbanın özünün olması ehtimalından da irəli gəlir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan Xarici Münasibətlər Konseyi (CFR)-nin analitiki Bruce Ridel bildirir ki, Pakistan “Ərəb NATO-su”na qoşulmaqdan imtina etdiyi üçün yeni hədəf bu ölkədir.

Proseslər “Türkiyə-Pakistan-İran-Qətər ittifaqı”nın yaranması ilə bağlı ehtimallarını ön plana çıxarır.

Siyasi ekspertlər bu məsələni Publika.az-a şərh edib.



Politoloq Qabil Hüseynli bildirib ki, baş verənlər Yaxın Şərqdə qüvvələr nisbətinin yenidən qurulması ilə bağlıdır: “Amerika Rusiyanı Suriyadan, İranı isə Suriya və İraqdan vurub çıxarmaq istəyir. İrana hücumu da regiondakı müttəfiqləri, yaxud əlaltıları vasitəsilə edir. Qətər kiçik dövlətdir və daim Səudiyyənin təsiri altında olub. İndiki əmri məhz Səudiyyənin dəstəyi ilə öz atasını devirərək, həbsə atıb. Cəmi 33 yaşı olan əmirin xaricdə təhsil alması, iki universitet bitirməsi qabardılarsa, hadisələr göstərir ki, təcrübəsizdir. İranla bağlı bəyanat da səhv idi. Səudiyyə Ərəbistan və onun ətrafındakı ərəb ölkələr bu bəyanata dərhal sərt reaksiya verdilər, ardınca da əlaqələri kəsdilər. Qətərin iqtisadi marşrutu Səudiyyədir, dəniz yolunu isə ABŞ gəmiləri tutub. Yalnız Türkiyə və İrandan hava yolu qalır. Buna görə də ölkə demək olar ki, blokadaya düşüb. Belə təsəvvür yaranır ki, Səudiyyənin hədəfi Qətərdə dövlət çevrilişi etməkdir. Rusiya və İran buna etiraz etsə də, nəsə edə biləcəkləri çətin görünür”.

Politoloq hesab edir ki, Türkiyənin Qətərdə hərbi baza yaratmaq niyyəti səhv addımdır.

“Türkiyə Suriyadan sonra daha qəliz olan bu bölgəyə daxil olursa, bu, onun üçün çətin olacaq. Eləcə də Pakistanın Qətərə qoşun göndərmək qərarının da nə qədər doğru olduğunu demək çətindir. Hesab edirəm ki, Amerika Türkiyə-Pakistan-İran-Qətər ittifaqının yaranmasına imkan verməz. Ümumiyyətlə, regiondakı hadisələr ildırım sürətli ilə cərəyan edir, buna görə də belə bir ittifaqın yarana biləcəyini proqnozlaşdırmaq çətindir. Əgər niyyət olsa belə, bunu həyata keçirmək mümkün olmayacaq”, - deyə o vurğulayıb.

Azərbaycan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri hesab edir ki, Türkiyə və Pakistanın Qətərə ordu göndərməsinin kökündə ittifaq yaradılması dayanmır: “Yaxud bu, xaricdə hansısa geosiyasi qazanc əldə etmək məqsədi də daşımır. Türkiyə və Pakistan anlayır ki, regionda qlobal, geosiyasi oyun oynanılır və bu oyundan orada iştirak edən regional ölkələr yox, ssenarisini quranlar qazanclı çıxacaq. Regionda böyük müharibə ocağı hazırlanır. Buna görə də Türkiyə və Pakistan razılaşdırılmış şəkildə Qətərə ordu göndərməklə, bu müharibənin qarşısını almağı düşünürlər. Yəni nüvə dövləti olan Pakistan və NATO üzvü olan Türkiyənin Qətərdə olması müharibəni başlamaq istəyənlərin qarşısında maneə ola bilər”.

N.Miri əlavə edib ki, Körfəz ölkələri Türkiyə və Pakistana hücum etmək istəsələr, bu İranın və Rusiyanın da prosesə qoşulması ilə nəticələnək.

“Belə olarsa, regionda Türkiyə-Pakistan-İran-Rusiya hərbi bloku yarana bilər”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm