• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

İntiqam SÖZÜ, Rusiya raketləri QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İntiqam SÖZÜ, Rusiya raketləri QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayır. Ermənistan Rusiyadan yeni raket sistemləri alıb. Tehran ABŞ-ı “ən böyük İŞİD” adlandırıb. Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar əksəriyyəti itirib. Qətər ətrafında vəziyyət gərginləşir. Terror aktlarının hədəfi olan İran intiqam sözü verib.

Sabah – iyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək. Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır. Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb. Ermənistan mediası da həmsədrlərin səfəri öncəsi atəşkəsə nəzarət mexanizminin yaradılmasının vacibliyini cənfəşanlıqla təbliğ edir.

Ermənistan Rusiyadan yeni raket sistemləri alıb. Bu barədə Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin rəis müavini, polkovnik Artur Poqosyan deyib.

Erməni polkovnik deyib ki, Rusiyadan aldıqları silahlar Azərbaycan vertolyotlarına və pilotsuz uçuş aparatlarına zərbə endirəcəklər. Yeni alınan “İqla-S” və “Verba” zenit raketləridir.

Rusiyanın “Hərbi” informasiya agentliyi isə yazır ki, Ermənistan Rusiyadan aldığı raketləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirəcək.

Erməni analitik Eduard Abramyan “Aravot” qəzetində bu günlərdə vəfat edən məşhur amerikalı politoloq, dövlət xadimi Zbiqnev Bjeziniski ilə söhbətini dərc edib. Z.Bjeziniski hesab edir ki, Ermənistandakı Rusiya hərbi bazası Türkiyəyə qarşı yerləşdirilməyib: “Bu baza bir göz qırpımında Ermənistan üçün təhlükəyə çevriləcək”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb. Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.

Türkiyənin Qətərə əsgər göndərməsi haqqında qərarından sonra Pakistan da hərəkətə keçib. Pakistan Qətərə 20 min əsgər göndərmək üçün parlamentə müraciət edib.

Türkiyənin qərarından dərhal sonra Pakistanın Qətərə əsgər göndərməsi Pakistan ilə Türkiyə arasındakı ittifaqı yenidən gündəmə gətirib.

Böyük Britaniyada keçirilən növbətənkənar parlament seçkilərinin nəticəsi olaraq hakim Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olub. Böyük Britaniyanın baş naziri Tereza Mey seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra bildirib ki, hakim partiyanın qələbəsi ölkəyə sabitlik gətirəcək və Londonu Avropa İttifaqından çıxış üçün əlverişli şərtlərlə təmin edəcək. Öz növbəsində leyboristlərin lideri Ceremi Korbin parlamentdə əksəriyyəti itirən baş naziri istefa verməyə çağırıb.

Mühafizəkarların parlament əksəriyyətini əldə etməməsi koalisiyaların yaradılmasını zəruri edəcək. Mümkün koalisiya variantları artıq KİV-də fəal müzakirə edilir.

Böyük Britaniyada seçkilərin nəticələri Breksit üzrə danışıqları ikinci plana keçirə bilər. Bunu Böyük Britaniyada dünən keçirilən növbədənkənar parlament seçkilərininin nəticələrini şərh edən Rusiya Strateji Araşdırmalar İnstitutunun (RİSİ) baş elmi işçisi, siyasi elmlər namizədi Anna Vilobatıx bildirib.

Onun sözlərinə görə, xarici siyasətlə məşğul olmaq üçün əvvəlcə daxili məsələləri həll etmək lazım olacaq.

ABŞ Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün genişmiqyaslı əməliyyat hazırlayır. Bunu jurnalislərə açıqlamasında rusiyalı senator İqor Morozov söyləyib.

“ABŞ Suriyada strateji təşəbbüsü ələ keçirərək, silahlı qüvvələr vasitəsilə rəngli inqilab təşkil etmək istəyir. Dəməşqə hücum hazırlanır. Bunun hədəfi isə Əsədi devirib, yerinə özünün idarə etdiyi rəhbər qoymaqdır”, – deyə o bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi sentyabr ayında müstəqillik üçün referendum keçirməyi planlaşdıran Şimali İraq kürd muxtariyyətinə sərt reaksiya verib. Nazirlikdən verilən bəyanatda referendum qərarı “dəhşətli bir səhv” kimi qiymətləndirilib.

“Referendum qərarı dəhşətli bir səhvdir. İraqın ərazi bütövlüyü və siyasi birliyi Türkiyə xarici siyasətinin əsas prinsipləridir”, - bəyanatda deyilir.

Xatırladaq ki, kürd muxtariyyəti cari ilin sentyabrın 25-də müstəqillik referendumunun keçirlməsi barədə qərar verib.

"İyunun 8-də Tehranda təşkil edilən hücumların intiqamı alınacaq". Bunu İran dövlət televiziyasına danışan İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbərinin müavini Hüseyn Salami deyib.

“Hücumların intiqamını alacağıq. Bunun necə və harada olacağı gizlidir. İntiqam bizə ediləndən min dəfə ağır olacaq və millətimiz bunu görəcək”, - o vurğulayıb.

Qeyd edək ki, bu İranın intiqam alınacağı barədə ilk bəyanat deyil. SEPAH daha əvvəl hücumun arxasında Səudiyyə Ərəbistanının olduğunu və intiqam alınacağını açıqlayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib. Bu barədə “Nyu York Times” nəşri yazıb. Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır.

“ABŞ İŞİD terror qruplaşmasına sponsorluq edir və özləri ən böyük İŞİD-dir”. Bunu İran parlamentinin spikeri Əli Laricani Tehranda terror aktlarının qurbanları ilə vida mərasimində bildirib.

"ABŞ-da demokratiya və insan hüquqlarını pula dəyişdilər. ABŞ haqqında söylənmiş fikir yenə təsdiqini tapır ki, o, əsas iblisdir. Biz İŞİD-ə qarşı dayanmışıq, amma Amerika bu dünyada ən böyük İŞİD-dir. O, regionda İŞİD-i dəstəkləyir. Biz pərdəni qaldıracağıq ki, Amerika ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-ə əsas dəstəyi göstərir”, - siyasətçi qeyd edib.

Xatırladaq ki, iyunun 7-də İran parlamenti və İran inqilabının lideri Ayətullah Xomeyninin türbəsinə hücumlar təşkil edilib. Terror aktları nəticəsində 17 nəfər həlak olub, 43-ü yaralanıb. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR