
Azərbaycanın Rusiyadan aldığı silahların növbəti
partiyasının Bakıya çatdırılması İrəvanda qəzəb doğurdu. İndi
münaqişə qaçılmazdırmı və Ermənistan yeni “təhlükəsizlik zaminləri
axtarmağa” başlayacaqmı?!
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosbalt”
agentliyi Azərbaycanın əraziləri azad etmək üçün yeni müharibəyə
hazırlaşdığına dair məqaləsində yazır.
Agentlik Bakıya gətirilən silahlara diqqət çəkib və bu silahların
ən yeni hərbi texnika olduğunu qeyd edib.
Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana böyük miqdarda
hərbi texnika gətirilib. Hərbi texnika arasında xüsusilə
“Xrizantema S” raketləri diqqət çəkir. “Xrizantema-S” kompleksi
BMP-3 piyada döyüş maşınının bazasında yığılıb. Raket kompleksi
mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə
hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır,
dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir.
“Xrizantema-S” döyüş mövqeyini cəmi 20 saniyədə alır. Bunun üçün
maşının dayanması və daim döyüşə hazır olan iki “Xrizantema”
raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik, iki raketi eyni
vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura
bilər.
Bununla yanaşı, “Xrizantema-S” kompleksi hədəfi operatorun onu
görüb-görməməsindən asılı olaraq, istənilən hava şəraitində məhv
edə bilər. Üç “Xrizantema-S” kompleksi düşmənin böyük sayda
qüvvəsinin qarşısını uzaq məsafədən almağa qadirdir. Bu komplekslər
döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu
poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu
məhv edə bilər. Və bütün bunlar düşmənin özünə gəlib cavab
tədbirinə əl atmasına qədər baş verəcək. “Xrizantema-S” 400 metrdən
6 min metrə qədər hədəfləri vura bilir. Bu raket kompleksinə “Tank
qatilləri” də deyilir.
Azərbaycanın Müdafiə Nazirliyi yeni hərbi texnikaların cəbhə
bölgəsinə göndəriləcəyini açıqlayıb.
“Rosbalt” İrəvanın etirazlarına diqqət çəkir: “İrəvanda soruşurlar:
“Bu, necə ola bilər?” Hərçənd, onlar çoxdan Rusiya və Azərbaycan
arasında silah satışı üzrə sazişin imzalandığını bilirlər. Lakin
baş vermiş fakt həmişə onları heyrətləndirir. Ermənistanı ən çox
narahat edən “Xrizantema-S” raket-kompleksləridir”.
Agentlik Ermənistanın müdafiə naziri və xarici işlər nazirinin
müavininin etiraz bəyanatlarına yer verir.
Müdafiə naziri Viqen Sarkisyan bundan ciddi şəkildə narahat
olduqlarını, xarici işlər nazirinin müavini Savarş Koçaryan isə
Rusiyaya ümid etməyin mənasız olduğunu bildirib.
“Erməni ekspertlər danışırlar ki, Azərbaycan Rusiyadan əlavə olaraq
100 ədəd T-90 tankı almaq niyyətindədir. Bununla yanaşı, İsraildən
tank əleyhinə çoxfunksiyalı “Spayk” raket-komplekslərini alır. Və
bu, qızğın silahlanmanı göstərir. Erməni cəmiyyəti ölkə
hakimiyyətinə Rusiya ilə münasibətlərə yenidən baxmaq haqda
çağırışlar edir, həmçinin, Azərbaycana silah satmayan yeni
müttəfiqlər tapılmasının vacibliyi haqda danışırlar. Lakin
Rusiyadan başqa kim Ermənistana “İskəndər” və “Qasırğa” tipli
raketlər verəcək, özü də daxili qiymətlərlə? Ermənistanın bəzi
siyasi dairələri hesab edirlər ki, onlara Qərb kömək edəcək, buna
görə də Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin imzalanmasını
sürətləndirmək lazımdır. Amma onlar anlamalıdır ki, Ermənistan üçün
heç kim vuruşmayacaq. Azərbaycan üçün isə ən azından Türkiyə
döyüşəcək. Əlbəttə, qızğın silahlanma lazımsızdır. Lakin
“İskəndər”, yaxud “Qasırğa” haqda danışmadan Rusiyanı Azərbaycana
silah satmaqda ittiham etmək doğru deyil”, - deyə məqalədə
bildirilir.
Agentlik əlavə edir ki, Ermənistan üçün uğursuz vəziyyət
formalaşır.
Asif