Ordumuzun düşmənə cavabı ağır olacaq – Rusiya Bakının ZƏRBƏLƏRİNİ AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Ordumuzun düşmənə cavabı ağır olacaq – Rusiya Bakının ZƏRBƏLƏRİNİ AÇIQLADI

Risklər son dərəcədə yüksəkdir

Erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində 50 yaşlı Sahibə Quliyeva və iki yaşlı Zəhra Quliyeva həlak oldu. Quliyevlər ailəsinin daha bir üzvü ağır yaralanaraq, xəstəxanaya yerləşdirdi. Bu, erməni vandalizminin daha bir üzüdür. İndi çoxlarını Azərbaycan Ordusunun bu hücuma hansı reaksiyanı verəcəyi düşündürür, həmçinin, düşmən ölkə də tikan üstündə oturub.

Azərbaycanın cavabı ağır olacaq

Publika.az xəbər verir ki, rusiyalı jurnalist Mixael Belyayev Azərbaycan Ordusunun cavabının ağır olacağını hesab edir və o, bunu “aprel müharibəsi” təcrübəsinə əsaslanaraq söylədiyini vurğulayır: “Son bir neçə həftədə Qarabağ cəbhəsində müşahidə olunan nisbi sakitliyi artıq unutmaq olar. Ötən ilin “aprel müharibəsi”nin təcrübəsi göstərdi ki, Azərbaycan öz mülki vətəndaşlarının qətlinə sərt cavab verir. Xatırladım ki, aprel döyüşlərindən öncə erməni hərbi birləşmələri Azərbaycanın mülki vətəndaşlarına hücum etmişdi və bir neçə şəxs həlak olmuşdu. Azərbaycan Ordusu erməni tərəfinə ağır zərbələr endirdi və işğal olunmuş ərazilərin bir hissəsini azad etdi. Eyni təcrübə indi də yaşana bilər. Nəzərə alsaq ki, Bakıda “İslam oyunları” və “Formula 1” yarışları başa çatıb, bu, Azərbaycanın genişmiqyaslı cavab tədbirlərini həyata keçirməsinə heç nəyin mane olmadığı deməkdir. Artıq Azərbaycanın dayanacağını düşünmək ağılsızlıq olar”.

Rusiyalı jurnalist qeyd edir ki, bu qanlı hadisəyə cavab olaraq Azərbaycan ən azından cəbhə zonasında ağır artilleriyanı işə sala bilər.

“Yumşaq”, yaxud “sərt” ssenari

M.Belyayev Azərbaycanın mümkün cavabının iki versiyanı təqdim edir.

“Əgər hadisələr “yumşaq” ssenari üzrə inkişaf edəcəksə, onda cəbhə xətti boyunca erməni əsgərlərini Bakının snayperləri bir-bir dənləyəcək. Əgər “sərt” ssenari ön plana çıxarsa, ən azından erməni hərbi birləşmələri ağır artilleriya zərbələri ilə darmadağın ediləcək”, - deyə o vurğulayıb.

Erməni hiyləsi

Lakin rusiyalı jurnalist “sərt” ssenarinin əks-təsirlərindən də danışıb: “Ağır artilleriyanın işə salınması “hadisələrin araşdırılması mexanizmi” məsələsini gündəmə gətirə bilər. Bu, Bakının maraqlarına cavab vermir. Azərbaycan prinsipial olaraq belə mexanizmi rədd etmir, lakin bunun status-kvonun möhkəmləndirilməsinə xidmət etməməsi üçün münaqişənin həlli ilə bağlı substantiv danışıqların başlanmasını tələb edir. Əslində, erməni hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı hücumunun kökündə də məhz substantiv danışıqlar məsələsi dayanır. Axı ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərində tərəfləri substantiv danışıqlara çağırdı. Sözsüz ki, bu danışıqlar status-kvonun dəyişikliyini və ərazilərin Azərbaycana qaytarılması üçün real addımların atılmasını nəzərdə tutur. Ermənistan tərəfi də “nəzarət mexanizmi” məsələsini yenidən aktuallaşdırmaq üçün mülki əhaliyə hücum etdi. İrəvan bu təxribatla Azərbaycanı Tavuş rayonunda mülki erməni əhalisinə atəş açmasını təmin etməyə cəhd edir. Bu, baş verərsə, Ermənistan mülki azərbaycanlıları, körpə uşaqları qətlə yetirməyini ört-basdır edə bilər”.

Azərbaycan Ordusu ərazilərin bir qismini azad edəcək

M.Belyayev “sərt” ssenarinin digər mümkün nəticələrinə də diqqət çəkib.

“Azərbaycan “sərt cavab” variantına üstünlük verərsə, bu, yeni “aprel müharibəsi” deməkdir. Nəticə etibarilə, Azərbaycan Ordusu işğal altındakı ərazilərin müəyyən hissəsini də azad edəcək. Bu, danışıqların növbəti mərhələsində Bakının mövqelərini gücləndirəcək və Ermənistanın yeganə çıxış yolu substantiv danışıqların başlanması olacaq. Hadisələrin bu cür inkişafı İravanın mövqeyini zəiflədəcək, hansı ki, bu, Rusiyanın maraqlarına da uyğundur. Çünki Rusiya sülhməramlılarının regiona gəlməsi məsələsi Ermənistanın maksimalist mövqeyinə görə baş tutmur. İrəvan ərazilərin müəyyən qisminin azad edilməsi qarşılığında Qarabağın müstəqilliyinin tanınmasını istəyir ki, bu da qeyri-real ssenaridir. Lakin Ermənistanın bu siyasəti Rusiyanın regionda həyata keçirmək istədiyi layihələrə də mane olur”,- deyə o vurğulayıb.

Rusiyalı jurnalist əlavə edib ki, Bakının hansı cavab variantına üstünlük verəcəyi ən yaxın zamanda məlum olacaq: “Lakin risklər son dərəcədə yüksəkdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm