Teatr ictimaiyyəti Alxanlı hadisəsi ilə bağlı bəyanat yaydı
Bizi izləyin

Nida Təhlil

Teatr ictimaiyyəti Alxanlı hadisəsi ilə bağlı bəyanat yaydı

Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkənin teatr ictimaiyyəti işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması və insanların həlak olması ilə bağlı bəyanat qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Teatr Xadimləri İttifaqından məlumat verilib.

Dünya ictimaiyyətinə ünvanlanan bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarına yiyələnmək məqsədi güdən işğalçı Ermənistan davamlı olaraq uşaq, qadın və ahılları hədəf seçməklə onların həyatını təhlükə altına alır. 4 iyul 2017-ci il tarixdə dünya ictimaiyyəti erməni vəhşiliyinin bir daha şahidi oldu. Heç bir hərbi məntəqənin olmadığı Füzuli rayonu, Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması Ermənistanın iyrənc siyasətinin növbəti bariz nümunəsidir. Alxanlı kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi nəticəsisində kənd sakini 50 yaşlı Quliyeva Sahibə və onun 18 aylıq nəvəsi Quliyeva Zəhra düşmən gülləsinə tuş gələrək həlak olub, eyni zamanda 52 yaşlı Quliyeva Səlminaz ağır şəkildə yaralanıb. Ailənin yeganə övladı, 2 yaşı tamam olmayan Zəhra Elnur qızı Quliyevanın faciəli şəkildə həlak olması təkcə Azərbaycanda deyil, bütün dünyada geniş əks-səda doğurub.

Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkənin teatr ictimaiyyəti dünyanın bütün mötəbər qurumlarına, siyasət və mədəniyyət xadimlərinə müraciət edərək, terrorçu Ermənistanın bu iyrənc əməlini pisləməyə çağırır.

İnanırıq ki, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər mötəbər təşkilatlar Ermənistanın bu vəhşiliyinə öz münasibətini bildirəcək, mülki əhalinin həyatı üçün təhlükə yaradan, soydaşlarımızı qətlə yetirən terrorçu Ermənistanın insan hüquqlarını pozduğu, çox sayda Azərbaycan vətəndaşlarının həyatına son qoyduğu bu vəhşiliyinə qarşı sərt tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm