• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Moskvanın Qarabağ PLANI, gizli danışıqların DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskvanın Qarabağ PLANI, gizli danışıqların DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır. Türkiyə prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb. ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı Ər-Riyadla apardığı danışıqların bəzi detalları ortaya çıxıb. İspaniyanın Barselona şəhərində törədilən terror aktı haqqında yeni təfərrüatlar məlum olub. İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatlarının üç minə qədər döyüşçüsü tezliklə Avropaya qayıda bilər.

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” o dərəcədə bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11 tarixlərində Azərbaycana səfər edəcək. Türkiyə prezidentinin səfəri zamanı hansı mövzuların müzakirə ediləcəyi açıqlanmayıb.

Erməni siyasi şərhçi Sarkis Artsruni Vaşinqton və Moskvadan verilən bəyanatları “soyuq müharibə”nin nəticəsi hesab edir. Onun sözlərinə görə, Rusiya-Amerika “soyuq müharibə”sinin soyuq küləkləri gec-tez Dağlıq Qarabağa qədər çatacaq.

Sarkis Artsruni bildirir ki, Moskva Ermənistanın xarici siyasəti üzərində ümumi nəzarətin qurulması məqsədi ilə Vaşinqtonun ehtimal edilən fəallığının qarşısını almağa çalışır.

ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Ankarada isə Türkiyə-Rusiya-İran birgə əməliyyatı müzakirə edilir.

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqirinin Ankaraya səfərində İdlib mövzusu hərtərəfli müzakirə edilib.

Masada olan plan Rusiya və İran əsgərlərinin cənubdan, Türkiyənin isə şimaldan irəliləyərək İdlibi “xarici ünsürlər”dən təmizləyərək nəzarət altına alınmasını nəzərdə tutur. Planın həyata keçirilməsi istiqamətində ilk addımların atıldığı bildirilir.

Türkiyə Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalamaq niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi söyləyib. O, Türkiyənin bunun sayəsində Avropa Birliyi ilə olan gömrük razılaşmasını pozmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Avrasiya İttifaqına 5 ölkə daxildir: Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan.

Avropa İttifaqı Almaniyanın təşəbbüsü ilə Türkiyəyə ayrılan maliyyə yardımlarını azaltmağı düşünür. Diplomatik mənbələrin yaydığı məlumata görə, Türkiyəyə 2014-2020-ci illər arasında təxminən 4 milyard 450 milyon avro məbləğində yardım etməyi planlaşdıran Avropa İttifaqı son hadisələrdən sonra bu məbləği azaltmaq niyyətindədir. Qurum bu məsələni növbəti aylarda müzakirə edəcək.

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı (mayın 20-də -red) Ər-Riyadla apardığı danışıqların bəzi detalları ortaya çıxıb. Ər-Riyadda danışıqlar masasında Türkiyənin Suriya tənliyindən tamamilə çıxarılması müzakirə edilib.

Xəbərə görə, ABŞ nümayəndə heyəti “suriyalı müxalifətlə Türkiyənin bütün əlaqələri kəsilməlidir” şəklində təlimat verib. Bundan başqa, mərkəzi İstanbulda yerləşən Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) ilə Qaziantepdə fəaliyyət göstərən Suriya müvəqqəti hökumətinin Türkiyədən çıxarılması da danışıqların gündəliyində olub.

Suriya müxalifətinin rəhbərliyinin Ər-Riyada köçürülməsi, müxalifətə silah və lojistik dəstək mövzusunda İordaniya və Misirə daha effektiv rolun verilməsi razılaşdırılıb.

Səudiyyəli səlahiyyətlilər isə ABŞ-dan İranın Tehran-Bağdad-Dəməşq-Beyrut şiə dəhlizinə qarşı dəstək istəyib.

“Vikiliks” internet portalının banisi Culian Assanj 2016-cı ildə Rusiyanın Ukraynaya müdaxiləsi haqqında məxfi informasiya və sənədləri dərc etməkdən imtina edib. Bu haqda “Foreign Policy” nəşri yazıb.

Qeyd edilir ki, Assanj Rusiya hökuməti ilə bağlı məlumatların böyük həcmini dərc etməkdən imtina edib. Rusiya Daxili İşlər Nazirliyindəki mənbədən daxil olan məlumatların ümumi həcmi ən azı 68 qiqabayt təşkil edir.

Bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayka Pompeo “Vikiliks”in Rusiya kimi düşmən dövlətlərin tez-tez istifadə etdiyi kəşfiyyat strukturu olduğunu bildirib. MKİ direktoru “Vikiliks”i ABŞ-a düşmən ölkələrin yararlandığı qeyri-hökumət kəşfiyyat xidməti adlandırıb.

O, ABŞ kəşfiyyatının yanvar hesabatına əsaslanaraq qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi “Vikiliks”dən hakerlərin oğurladığı sənədlərin və ABŞ Demokratlar Partiyasının məktublarının yayılması və bununla seçkilərin gedişinə respublikaçı namizəd Donald Trampın xeyrinə təsir etmək məqsədilə istifadə edib.

İspaniyanın Barselona şəhərində törədilən terror aktı haqqında yeni təfərrüatlar məlum olub. Terror aktına səkkiz döyüşçüdən ibarət qrupun cəlb olunduğu ehtimal edilir.

Agentlik bu haqda məhkəmədəki mənbəyə istinadən xəbər verib. Hakimiyyət güman edir ki, terrorçular qazla balonlarının tətbiqi ilə hücumu planlaşdırırdılar.

Qeyd edək ki, dünən İspaniyada silsilə terror aktları törədilib.

On yeddi yaşlı Musa Ukabir İspaniyanın Barselona şəhərində terror aktının törədilməsində əsas şübhəli şəxsdir. “El Mundo” qəzeti qeyd edir ki, Musa mikroavtobusu insanların üzərinə sürdükdən sonra cinayət yerindən gizlənib. Qəzetin məlumatına görə, o, silahlı ola bilər.

Daha əvvəl Kataloniyanın hüquq-mühafizə orqanları terror aktını törədən şəxsin silahlı olmadığını açıqlayıb.

İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatlarının üç minə qədər döyüşçüsü tezliklə Avropaya qayıda bilər. Bu haqda İsveçrənin ATS agentliyi Avropa Komissiyası tərəfindən yaradılan RAN (Radicalization Awareness Network) təşkilatının məruzəsində istinadən yazıb.

“Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti döyüşçülərin getdikcə sürətlənən qayıdışını gözləyirlər”, - agentlik məruzədən sitat gətirib.

Sənəddə göstərilir ki, müxtəlif məlumatlara görə 1200-dən 3000-ə qədər “müxtəlif mənşəli” avropalı Avropaya qayıdacaq.

Kiyev Dnestryanı ərazinin zəbt edilməsini planlaşdırır. Bu haqda “Peyk” radiosunun efirində politoloq Aleksey Martınov deyib.

“Poroşenko Krımın itirilməsinə əvəz olaraq Dnestryanı ərazinin Ukraynaya birləşdirilməsi imkanlarını istisna etmir. Əlbəttə, bu, Ukrayna və Moldovanın münasibətlərini kəskinləşdirəcək, amma Moldovanın fikri heç kəsi, həmçinin prosesin moderatorları maraqlandırmır. Mən Amerika hərbçilərini nəzərdə tuturam”, - Martınov bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq hücuma hazırdır:

“Bunun müxtəlif nəticələri ola bilər. Hər şey ondan asılıdır ki, Dnestryanı əraziyə kim daha sürətlə girəcək. Ukraynalılar nədənsə düşünürlər ki, onlar daha yaxın olduğu üçün bunu daha tez edəcəklər. Buna görə də son həftələr Ukrayna öz qoşunlarını - zenit-raket divizionları və Hava Hücumundan Müdafiə sistemlərini sərhəd boyu yerləşdirir”.

Rusiya Prezidenti Vladimir Putin Sevastopola işgüzar səfərə yollanıb. Putin səfər çərçivəsində yeni açılmış ümumtəhsil müəssisəsini ziyarət edəcək.

Vladimir Putin Sevastopolda məktəbin müəllim kollektivi və valideynlərlə görüşəcək. Bundan əlavə, Rusiya prezidenti "Tavriya Hersones” dövlət tarixi və arxeoloji muzeyində "antik dövrdə Hersones tarixi" ekspozisiyası ilə tanış olacaq və Sevastopolun elmi və ictimai dairələrinin nümayəndələrini qəbul edəcək.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR