• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biri olması barədə informasiya Ermənistanda qorxudub. Soçidə Rusiya və Ermənistan prezidentləri aparında görüş keçirilib. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirib. ABŞ növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib. ABŞ Şimali Koreyanın nüvə və raket proqramına dəstək verdikləri üçün Çinin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib.

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib. SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.

Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib.

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biri olması barədə informasiya Ermənistanda qorxu ilə qarşılanıb. S-500 “Prometey” artıq məşhur olan S-400 zenit-raket sistemlərinin yeni modifikasiyasıdır və ekspertlərə əsasən, istənilən hədəfi vura bilər.

Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, sözegedən silaha Azərbaycanın sahib olması ehtimalı Ermənistan üçün olduqca təhlükəlidir.

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında Soçidə görüş nəzərdə tutulub. Kremldən verilən məlumata görə, iki ölkənin liderləri Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivləri ilə yanaşı, ən vacib beynəlxalq və regional mövzular və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi edəcəkilər.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirib. Politoloq Fikrət Sadıxov hesab edir ki, Ankara özünün xarici siyasət prioritetlərini heç zaman dəyişməyəcək.

Bu gün ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyəyə səfər edib. Səfərin gündəliyinə Yaxın Şərqdəki münaqişələr, həmçinin Suriya və İraqda böhranlarının həlli, terror təşkilatları ilə mübarizə məsələləri daxildir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mettislə görüşdə ABŞ-ın PKK/PYD terror təşkilatlara verdiyi dəstəyə görə narahatlığını ifadə edib.

Moldova BMT-dən Rusiya hərbçilərinin Dnestryanıdan çıxarılması məsələsinin 72-ci Baş Assambleyanın gündəminə daxil edilməsini istəyib. Bu sözlər Moldovanın BMT-dəki daimi nümayəndəsi Viktor Morarunun BMT baş katibinə göndərdiyi məktubda yer alıb. Onun sözlərinə görə, Moldovadakı rus hərbçiləri təhlükəsizlik üçün əsas təhdiddir.

Qeyd edək ki, bundan öncə Moldova Konstitusiya Məhkəməsi Rusiya hərbçilərinin Dnestryanıdakı mövcudluğunu qanunsuz adlandırıb.

BMT-nin Baş Assambleyası sentyabrın 12-də fəaliyyətə başlayacaq.

Pakistan hakimiyyəti özünün terrorizmə yanaşmasını dəyişməlidir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə gərginlik terrorçuların tez-tez Pakistanda gizlənməsi ucbatından yaranıb:

“Pakistan öz antiterror siyasətinə yenidən baxmalıdır. Əgər Pakistan heç bir addım atmasa, ABŞ onu cəzalandıracaq və ya onu böyük müttəfiq statusundan məhrum edəcək”.

ABŞ-ın dövlət katibi Reks Tillerson növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.

“Rusiya, həqiqətən, taliblərə silah-sursat tədarük edir, bu beynəlxalq hüquqa, BMT TŞ-nin normalarına ziddir. Biz, əlbəttə ki, buna qarşı çıxış edirik və Rusiyanı buna fikir verməyə çağırırıq”, - deyə Tillerson qeyd edib.

“Əgər kimsə silah tədarük etmək istəyirsə, bu yalnız Əfqanıstanın hökuməti ilə əlaqədə həyata keçirilə bilər ”, - deyə Tillerson qeyd edib.

Rusiya tərəfi bu ittihamları əsassız adlandırıb.

ABŞ Senatının kəşfiyyatı üzrə komitəsi kibertəhlükəsizlik üzrə qanun layihəsini dərc edib. Qanun layihəsi ABŞ prezidenti Donald Trampa Konqresin razılığı olmadan kibertəhlükəsizlik məsələləri üzrə Rusiya ilə əməkdaşlığı qadağan edir.

Sənəd həmçinin Rusiya tərəfindən kibertəhlükələr və ABŞ-ın seçki sisteminə kiberhücumlara qarşı ümumdövlət strategiyasının yaradılmasını tələb edir.

ABŞ Şimali Koreyanın nüvə və raket proqramına dəstək verdikləri üçün Çinin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.

Məlumata görə, sanksiya tətbiq edilənlər arasında Çinin 6 şirkəti, o cümlədən 3 daş kömür müəssisəsi, Şimali Koreyaya neft satan Sinqapurun 2 şirkəti, onlarla birlikdə fəaliyyət göstərən Rusiyanın 4 müəssisəsi var.

Bundan başqa, şimali koreyalıların idarə etdiyi mərkəzi Namibiyada yerləşən heykəllər yonan firmaya da sanksiya tətbiq olunub.

Qeyd edək ki, ABŞ-da ötən il keçirilən prezident seçkiləri zamanı ölkənin seçki sisteminə Rusiyanın güman edilən müdaxiləsi ilə bağlı araşdırma davam edir.

Koreya Xalq Demokratik Respublikası (KXDR) döyüş başlıqlarının və raket mühərriklərinin istehsalını artıracaq. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, KXDR lideri Kim Çen In Kimya Materialları Elmi İnstitutuna baş çəkib və bərk yanacaqlı raket mühərriklərinin, döyüş başlıqlarının istehsalını artırmaq barədə göstəriş verib.

"O, göstəriş verdi ki, institut yüksək dəqiqlikli cihazlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərriklərinin və döyüş başlıqlarının istehsalını artırsın", - deyə xəbərdə qeyd edilir.

Avqustun 21-də Koreya yarımadasında “Ulchi Freedom Guardian” (UFG) adlı hərbi təlimlər başlayıb.

On gün davam edəcək ABŞ-Cənubi Koreya təlimlərində təxminən 50 min Cənubi Koreya və 17,5 min amerikalı hərbi qulluqçu iştirak edir. Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

Baxmayaraq ki, iki ölkənin birgə təlimləri hər il keçirilir, Koreya Xalq Demokratik Respublikasında (KXDR) hesab edirlər ki, bu dəfə onlardan KXDR-ə müdaxilə hazırlığı üçün istifadə oluna bilər. Pxenyan artıq təlimləri iki ölkənin “düşmənçiliyin təzahürü” adlandırıb.

Öz növbəsində Rusiya duşmən ölkələr arasında birbaşa danışıqları dəstəkləyir və Pxenyanla Vaşinqtonu buna inandırmağa çalışır. Moskvada hesab edirlər ki, belə format Koreya yarımadasında sülh və sabitlik üçün tək imkandır.

Suriyadan müxalifətin terrorçulardan ayrılması və neytral zonaların yaradılması bu ölkədə vətəndaş müharibəsini bitirməyə imkan verdi. Bunu Livan Müdafiə naziri Yaqub Sərrafla görüşü zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildən bu yana davam edir. Vətəndaş müharibəsi zamanı 300 mindən çox insan həlak olub.

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş keçirilib. Tərəflər Yaxın Şərqi, Suriya, Livan və Yəməndəki kritik vəziyyəti, terrorla birgə mübarizə məsələlərini müzakirə edib.

Netanyahu İŞİD terror qruplaşmasını müxtəlif ölkələrin əməkdaşlığı vasitəsilə məhv etməyin labüdlüyündən danışarkən İranın İsrail və dünya üçün yaratdığı təhlükəni də unutmamaq lazım olduğunu vurğulayıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR