Nida Təhlil
Ərdoğanın Şərq hədəfləri: Astana-Bakı-Tehran... - TƏHLİL

Qazaxıstanda keçirilən “Expo 2017 Astana” beynəlxalq sərgisində ən diqqətçəkən məqam iki türk liderin – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın üçüncü türk lider Nursultan Nazarbayevin ölkəsində bir araya gəlməsi oldu. Hərçənd, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən sərgiyə türk liderlərinin qatılması nadir hal kimi qarşılanmamalıdır və Astana toplantısını sıradan siyasi hadisə kimi qiymətləndirmək olar. Lakin beynəlxalq siyasi proseslərin kölgəsində baş verənlər türk liderlərin qazax torpaqlarına gedişinin məhz mühüm siyasi qərarların müzakirəsinə bağlı olduğunu deməyə əsas verir. Sərgi diplomatik örtük idi.
Türkiyə, Qazaxıstan və Azərbaycan türk dünyasında ən sıx tellərlə
bir-birinə bağlanmış ölkələridir, üç türk lideri – Ərdoğan, İlham
Əliyev və Nazarbayevi isə üç qardaş hesab etmək olar. Bu baxımdan,
qardaşların öz evlərində görüşərək, nələrisə müzakirə etməsindən
təbii heç nə ola bilməz. Amma müzakirələrin nədən ibarət olduğu,
məhz nəyin baş verməsi də maraq doğurur.
Ərdoğan Astana səfərindən sonra Bakıya gələcək və Türkiyə
prezidentinin bu iki paytaxta səfərini də qardaşlara baş çəkməsi
kimi qiymətləndirmək olar. Lakin Bakıdan sonra onun Tehrana getməyi
planlaşdırması Astana və Bakı səfərinin hansı siyasi gedişləri üzvü
şəkildə bir-birinə bağladığını da aydınlaşdırır.
Astana-Bakı-Tehran: Ərdoğanın Şərq ekspedisiyası
başlanır. Proseslərə bu kontekstdən yanaşa bilərik. Və bu
Şərq ekspedisiyasının ümumi tablosunu üç məsələ tamamlayır, hansı
ki, bunlar həm də Ankaranın planlarına baxa bilməyimiz üçün
pəncərədir.
Avropa körpüləri yandırır; Rusiya ABŞ-ın mümkün
hücumlarından özünü sığortalamaq üçün öz içinə çəkilir; Türkiyə
Suriyada vəziyyəti öz xeyrinə çevirmək istəyir.
Birinci məsələ - Avropa: Avropa İttifaqı Türkiyə
ilə körpülərin böyük hissəsini yandırdı və Brüssel Ankaraya açıq
şəkildə “səni qəbul etmirik” mesajını verdi. Almaniya və Fransa
bəyan etdi ki, Türkiyədəki “siyasi vəziyyət” Aİ-nin bu ölkə ilə
apardığı danışıqlara son verməsini şərtləndirir. Angela Merkel
Türkiyə ilə danışıqlar məsələsinə oktyabrda baxılacağını açıqladı
və alman xanımın sözləri Ankaraya “veto” qoyulacağının artıq
qaçılmaz olduğunu göstərir. Fransa isə bir az da irəli gedərək,
Türkiyə ilə danışıqların “vaxtın boşa getməsi” olduğu iddiasını
irəli sürür. Yəni Avropa Türkiyəni çayın o biri tərəfində
saxlamaqda qərarlıdır. Ankara üçün Aİ-yə daxil olmaq artıq
prioritet olmasa da, Trampın PKK/PYD-ni müttəfiq seçməsindən sonra
ABŞ-la buzlaşan münasibətlər fonunda bu yaxşı xəbər deyil. Çünki
Qərb yarımkürəsinin bu iki gücündən-ABŞ və Avropa İttifaqı-biri ilə
yaxşı münasibət Türkiyənin manevr imkanlarını saxlaması deməkdir.
Yaranmış situasiya bu imkanlardan məhrum olmaq təhlükəsini aydın
göstərir. Bu mənzərədə Türkiyənin bir çıxış yolu qalır: Şərqə doğru
irəliləmək.
İkinci məsələ - Rusiya: Türkiyənin Şərqə doğru üz
tutması məntiqi olaraq, onun Rusiya ilə yaxınlaşmalı olduğu fikrini
ön plana çıxarır. Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi
İttifaqı: Ankara bu birliklərlə əməkdaşlığı gücləndirərək, Qərb
qarşısında təklənmək təhlükəsini arxadan buraxa bilər. Lakin
görünür, Ankara Rusiya ilə məsafəni qorumaq və münasibətləri bu
məsafədən saxlamaq niyyətindədir. Bunun bir sıra səbəbləri var:
a) ABŞ Rusiyaya qarşı sanksiyaları rəfdən qaldırıb və yaxın dövrdə
Moskvanı yeni hücumlar gözləyir. Rusiya ilə eyni səfdə dayanmaq
ABŞ-ın sanksiyalarından da pay almaq təhlükəsini gözə almaq
deməkdir. Bu baxımdan, Türkiyə Rusiyanın ən yaxınında yer alaraq,
özünü mümkün hücumların hədəfinə çevirmək istəmir.
b) Əksinə, Ərdoğan hücumlardan ən az zərərlə çıxmaq üçün öz qınına
çəkilən və imkanlarını maksimum qorumağa çalışan Rusiyanın düşdüyü
vəziyyətdən istifadə edərək, Türkiyənin regional liderlik gücünü
artırmaq gedişi edir. Bu baxımdan, ilk olaraq Astanaya, ardınca da
Bakıya səfər planı təsadüfi deyil. Qazaxıstan Mərkəzi Asiyada ən
əhəmiyyətli və güclü ölkədir, həmçinin, rus ittifaqlarının –
Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müaviləsi
Təşkilatı – Rusiyadan sonra ən aparıcı üzvüdür. Azərbaycan isə
Rusiyanın “axilles dabanı” hesab olunan Cənubi Qafqazın əsas
gücüdür. Bu iki gücü yanına almaqla Türkiyə regional liderlik
perspektivi genişləndirə bilər.
Lakin məsələnin digər tərəfində də Ankara əlini gücləndirmiş
olacaq: Qərblə arasında uçurum yaranan Türkiyənin S-400 raket
sistemlərini almaq üçün ruslarla müqaviləsi bağlaması NATO ilə də
münasibətlərində çatlar yaratdı. Türkiyənin S-400 gedişi haqlı idi,
çünki üzvü olduğu Şimal Aıyansı ona rusların verdiyi imkanları
vermirdi. Lakin Rusiya üçün ABŞ və Avropa İttifaqı ilə
münasibətləri pisləşmiş Türkiyə daha sərfəlidir və bu situasiya
Moskvaya Ankara qarşısında daha ağır şərtlər irəli sürmək imkanı
verə bilər. Ərdoğanın Aİ-nin körpüləri yandırmasından dərhal sonra
Qazaxıstana – bir daha xatırladaq: rus ittifaqlarında demək
olar ki, ikinci söz sahibi – getməsi, ardınca da
Azərbaycanın yolunu tutması və Moskva üçün dəyərli olan Astana-Bakı
xəttində güclənməsi Türkiyəyə Rusiya ilə daha əlverişli bazarlıq
etmək şansı verəcək.
c) Astana və Bakıda güclərini birləşdirən Ankara Suriya xəritəsində
rusların qarşısına güclü çıxmaq istəyir. Çünki Moskva ABŞ-ın
əl-qolunu kəsmək üçün lazım olanda PYD-yə dəstək verməyə hazırdır,
hansı ki, indiyə kimi bu zaman-zaman müşahidə olunub. Digər
tərəfdən, Suriya ilə bağlı Astana danııqlarında ruslar Əsədin
tərəfindən çıxış edirlər və türklərin dəstək verdiyi müxaliflərə
qarşı çıxırlar. Türkiyə, İran və Rusiyanın rəhbərlik etdiyi növbəti
Astana danışıqları sentybarın 14-15-də baş tutacaq. Hesab etmək
olar ki, Ərdoğan Astana danışıqlarında xal qazanmaq üçün məhz
Astanada “güc nümayişi” edir. Təbii ki, Qazaxıstan bu danışıqlarda
sadəcə dialoq məkanı rolunda çıxır edir və təsir gücü zəifdir,
lakin “sənin ən yaxın müttəfiqin mənimlədir” mesajı rusları müəyyən
məsələlərdə yumşalda bilər. Və bu kontekstdə Qazaxıstan Xarici
İşlər Nazirliyinin press-relizi diqqət çəkir: “İştirakçılar İdlib,
Homs və Şərqi Qutadakı tәhlükәsizlik bölgәlәrinin sərhədlərini
tәsdiq edәcәk, koordinasiya mərkəzi, məhbusların və girovların azad
edilmәsi üçün yaradılacaq qrup, meyitlərin təhvil verilməsi və
itkin düşәn insanların axtarışı ilə bağlı qanun layihəsi təsdiq
olunacaq”. Söhbət “təhlükəsizlik zonaları”nın yaradılmasında gedir
və bu zonalardan birinin – İdlibin Türkiyənin dəstəklədiyi
müxaliflərin əlində olması da Ankaranın siyasi gedişlərinə müəyyən
mənada aydınlıq gətirir. Lakin bu, ümumi mənzərədə elementlərdən
biridir, əsas tablo isə Suriyada türk maraqlarının tapdanması
təhlükəsinin qarşısını almaqdır.
Üçüncü məsələ - Suriya: Ərdoğanın Astana və
Bakıdan sonra Tehrana getmək istəyinin səbəblərindən biri, daha
doğrusu ana məqsədi burada ortaya çıxır. ABŞ PKK/PYD terroruna açıq
dəstək verir və Türkiyənin cənub sərhədlərində - Suriyanın
şimalında “kürd dəhlizi” layihəsini reallaşdırmaq üçün PYD-dən
bölgədə güclü ordu düzəldir. İndiyə qədər yüzlərlə TIR
silah-sursatın PYD-yə verilməsinin səbəbi də budur: İŞİD Suriyadan
çıxarılır (terrorçular Yaxın Şərqdən çıxarılarsa, güman ki,
ABŞ-ın planlarına görə, bir qismi Mərkəzi Asiyaya – Rusiya
sərhədlərinə, digər qismi Cənub-Şərqi Asiyaya Çin sərhədlərinə
doğru axın edəcək. Bu hələki uzaq ehtimaldır, lakin üfüqdə az da
olsa işartıları görünür), PYD ABŞ-ın “vuran əli” olur və
“kürd dəhlizi” layihəsini həyata keçirmək üçün Türkiyəyə qarşı
güclü ordu hücuma keçir. Əslində, sentyabrın 25-də Şimali İraq Kürd
Muxtariyyətinin müstəqillik üçün referendum keçirmək niyyəti
təsadüfi deyil. Amerika İraqın şimalında yaradacağı müstəqil
Kürdüstanla Suriyanın şimalındakı kürdlərlə birləşdirərək, Aralıq
dənizinə qədər öz nzəarətində olan dəhlizi reallaşdıracaq. Bu, hər
kəsdən öncə Türkiyəyə təhlükəli gələcək vəd edir.
Bu təhlükəni aradan qaldırmaq üçün Türkiyə bəlkə də hazırki
geosiyasi şərtlərin ən ağırına gedərək, topun ağzındakı İranla
yaxınlaşır. Halbuki, Suriya məsələsində əvvəldən Əsədin yanında
olan İranla Türkiyənin bir araya gəlməsi ağılasığmaz görünürdü. Bir
tərəfdən, Türkiyə ümid edir ki, İranı vurmağa hazırlaşan ABŞ
Ankaranın Tehranla yaxınlaşmasını görərək, müəyyən güzəştlərə gedə
bilər. Trampın İranı təkləmək planları fonunda bu gediş məntiqli
görünür. Digər tərəfdən, Türkiyə Suriyada əsas oyunçulardan biri
olan İranla yaxınlaşaraq, öz maraqlarının müdafiə olunmasında yeni
manevr edir. Onsuz da hazırda Ankaranın prioriteti Əsədin gedişi
yox, cənub sərhədlərində yarana biləcək “terror dəhlizi”nin
qarşısını almaqdır. İran bu məsələdə Türkiyəyə həm lojistik, həm də
siyasi dəstək verə bilər. Amerikanın “anti-İran planı”na qarşı İran
da türklərlə razılaşmağa meylli görünür. Bu baxımdan, Ərdoğanın
Tehran səfərinin ana məqsədi məhz Suriyanın şimalında “terror
dəhlizi” məsələsidir. Lakin ortada bir məsələ açıq qalır: Türkiyə
Rusiyaya etibar etmirmi, yaxud ruslar türklərin istədiyini
vermirmi?
Ehtimal ki, Qərblə açıq qarşıdurma müstəvisinə keçən Türkiyə təkcə
Rusiya ilə kifayətlənmir və bölgədəki digər güc olan İranla da
münasibətlərində yaranmış çatları təmir etmək və birgə hərəkət
etmək xəttini seçir. Lakin o da mümkündür ki, Rusiya indiki məqamda
ABŞ qarşısında geri çəkilə və ilğımdan sağ çıxmaq üçün Suriyada
Vaşinqtonun xeyrinə güzəştə gedə bilər. Axı nəticə etibarilə Moskva
üçün əsas olan MDB-dir. Ərdoğan da məhz ruslara öz “yuvasından”
mesaj verir, buna paralel olaraq, Suriyada daha qalıcı qüvvə olan
İranla yaxınlaşır.
Ərdoğanın İran səfərinin üfüqündə Qətər böhranı ilə münasibətləri
pisləşən və Tramp cəbhəsində yer alan Səudiyyə Ərəbistanına
alternativ gediş etmək məqsədi də görünür. Və təbii ki, Tehranda
Türkiyə prezidentinin dediyi kimi, Qəndildə PKK terroruna qarşı
birgə əməliyyatların keçirilməsi məsələsi müzakirə olunacaq.
PKK-nın qolu olan PJAK-dan əziyyət çəkən İran bu məsələdə maraqlı
ola bilər, həm də birgə əməliyyatlar Tehranın təklənmək təhlükəsini
müəyyən qədər azaldacaq.
Niyə Astana və Bakıdan sonra Tehran? Ərdoğanın
Şərq ekspedisiyasında bu sual da açıq qalır. Şübhəsiz ki, bu, türk
liderin səfər proqramında ortaya çıxan təsadüf deyil.
Hesab etmək olar ki, Ərdoğan Astana və Bakıda güclənərək, Rusiya
qarşısına olduğu kimi, İran qarşısına da inamlı çıxmaq
niyyətindədir. Lakin Rusiyadan fərqli olaraq, İrana özü ilə “İslam
dünyasında güc olmaq” mesajını aparacaq. Xüsusilə İranın din
baxımından özünə yaxın hesab etdiyi Azərbaycan səfəri buna
hesablanıb. Və ehtimal ki, Ərdoğan Bakıda İlham Əliyevlə İran
səfəri müzakirə edəcək və hər iki lider saatlarını yoxlayacaq.
Türklərin Atakan dərdi: İslam liderliyi amili
Astanada da diqqətdən yayınmadı. Ərdoğanın Nazarbayevlə Myanmada
müsəlman soyqırımının müzakirə etməsinin bir səbəbi budur: Nə
Qərbin, nə də Rusiya-Çin cəbhəsinin heç bir reaksiya vermədiyi
qırğında önə çıxmaq, həm müsəlmanları qorumaq, həm də müsəlman
dünyasında liderliyini nümayiş etdirməkdir. Ehtimal ki, Ərdoğan
Nazarbayevdən Banqladeşə sığınan Arakan müsəlmanlarına humanitar
yardımın edilməsini də müzakirə etdi. Hansı ki, Ankara və Bakı bu
yardımı edib, növbə Astanadadır. Qazaxıstan həm də bölgəyə yaxın
olan ölkə kimi bu məsələdə Türkiyənin əsas tərəfdaşı ola bilər.
Ümumi tabloda Ərdoğanın Şərq ekspedisiyasının hədəfi regional
liderlik gücünü artırmaq və Qərblə savaşda imkanlarını səfərbər
etmək olduğu görünür. Və bu tabloda türklərin birləşməsi də
müşahidə olunur.
Asif Nərimanlı

-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar