• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

İki rayon və Qarabağın TALEYİ, təhlükəsiz “TROYA ATI”… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İki rayon və Qarabağın TALEYİ, təhlükəsiz “TROYA ATI”… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Kremlin ideoloqu hesab olunan rusiyalı Aleksandr Duqin yenə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri şərh edib. Rusiyalı ekspert ABŞ-ın dağıla biləcəyi tarixi açıqlayıb. Şimali Koreya növbəti ballistik raketini sınaqdan keçirib. Cənubi Koreya prezidenti Koreya Xalq Demokratik Respublikasını məhv etməklə hədələyib. London metrosunda terror aktı törədilib. Şimali İraq regional kürd muxtariyyətinin başçısı Məsud Bərzani müstəqillik referendumunun təxirə salınması üçün ona təqdim olunan təklifi rədd edib.

Azərbaycanın regionda əhəmiyyəti artır; Gözü açıq yatan canavarlar kimi üz-üzə dayanmış ABŞ və Rusiya toqquşmasında Bakı manevr çevrəsini genişləndirir; O cümlədən, Bakı uğrunda hər iki cəbhə bütün kartlarını sona qədər oynamaq qərarına gəlib, hərçənd, bu, gərginlik atmosferi vəd etsə də, bu oyunda Azərbaycan maraqlarının təmin edilməsi perspektivləri aydın görünür.

Sentyabrın 14-də iki hadisə siyasi gündəmin əsas mövzusu idi: Bakıda “Əsrin müqaviləsi”nin yenilənməsi ilə bağlı mərasim keçirildi; Moskvada isə “Prezident” hotelində “Moskva-Bakı oxu” adlı konfrans baş tutdu.

Bu iki hadisənin mərkəzində Azərbaycan dayanır, lakin burada həm də Qərblə Rusiyanın gizli mübarizəsinin təzahürləri də görünür.

Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin yenə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri şərh edib. “Moscow-baku” portalına danışan Duqin həmişəki kimi Rusiyanın münaqişənin həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Uzun müddətdir müzakirə mövzusu olan Suriyanın İdlib şəhərinin taleyinə aydınlıq gətirilib. Xarici KİV-in yazdığına görə, Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada İdlib razılaşması imzalayıblar.

Razılaşmaya əsasən, ABŞ-ın Əl-Qaidə adı ilə bombalamaq istədiyi İdlib şəhəri Rusiya, Türkiyə və İranın əsgərləri tərəfindən mühafizə olunacaq.

Eni 35 kilometr, uzunluğu 130 kilometr olan bölgə isə təhlükəsizlik zonası elan olunacaq. Burada 2 milyon suriyalı təhlükəsizlik şəraitdə yaşayacaq.

İdlibin mühafizəsi üçün 3 ölkədən ümumilikdə 25 min əsgər Suriyaya göndəriləcək.

Şimali İraq regional kürd muxtariyyətinin başçısı Məsud Bərzani müstəqillik referendumunun təxirə salınması üçün ona təqdim olunan təklifi rədd edib. Siyasətçi yalnız kürd xalqının referenduma legitimlik qazandıracağını deyib.

“Buna görə də heç kimə qulaq asmırıq, referenduma getməyəcəyik”, - Bərzani bildirib.

Qeyd edək ki, Sentyabrın 14-də ABŞ, İngiltərə, Almaniya, Fransa və BMT nümayəndələri Şimali İraq kürd muxtariyyətinin müstəqillik referendumunun təxirə salınması üçün alternativ təkliflə çıxış edib. Təklif nümayəndə heyətinin muxtariyyətin başçısı Məsud Bərzani ilə görüşdə təqdim olunub.

Kürd liderə təqdim olunan təklifin detalları barədə məlumat verilməyib.

Şimali Koreya növbəti ballistik raketini sınaqdan keçirib. KXDR-in buraxdığı raket Yaponiya üzərindən uçub keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.

Bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa bildirib.

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın yeni raketinin 770 km maksimal hündürlüyə çataraq 3700 km məsafəni qət etdiyini bildiriblər. Raket Pxenyanın Sunan aeroportu yaxınlığından buraxılıb.

ABŞ, Cənubi Koreya və Yaponiya cümə günü BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın növbəti raket sınağı ilə bağlı fövqəladə məsləhətləşmələr keçirilməsini tələb edib. Fövqəladə iclasın günün ikinci yarısında baş tutması gözlənilir.

Cənubi Koreya Respublikasının prezidenti Çje İn Mun Koreya Xalq Demokratik Respublikasını məhv etməklə hədələyib. Dövlət başçısı ölkənin Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında Pxenyanla dialoqun aparılmasını qeyri-mümkün adlandırıb.

“Əgər Şimali Koreya cənuba və ya bizim müttəfiqimizə (ABŞ –red) qarşı təxribatlara davam edərsə, biz onu məhv etmək üçün kifayət qədər gücə malikik”, - prezident qeyd edib.

Rusiya hökuməti Krım və Kalininqradda layihələrin maliyyələşdirilməsinin xeyrinə işğal edilmiş Donbasa istənilən dəstəkdən imtina etmək niyyətindədir. Bu haqda mənbələrə istinadən “RBK” agentliyi yazıb.

Baltikyanı ölkələr onların sərhədləri yaxınlığında Rusiya və Belarusun genişmiqyaslı birgə hərbi təlimlərindən təşvişə düşüb. Ancaq ekspertlərin əksəriyyəti inanmırlar ki, Moskva Minskə “Troya atı”nı göndərib. Bu haqda Almaniyanın “Das Erste” telekanalı bildirib.

Təlimlər Rusiyanın hərbi gücünü NATO-ya göstərməlidir. Ancaq süjetin müəllifi Udo Lilişkis əmindir ki, ittifaq ölkələrindən birinə hücum üçün Rusiya prezidenti Vladimir Putinin ordusu çox zəifdir.

Bu gün London metrosunda terror aktı törədilib. İngiltərənın Baş naziri Tereza Meyin İngiltərəni heç bir terror hücumunun yıxa bilməyəcəyini deyib.

Rusiya “Qərb-2017” hərbi təlimini keçirməklə ABŞ və NATO-ya müharibəyə hazır olduğunu göstərməyə çalışır. Bunu jurnalistlərə açıqlamasında amerikalı general Cek Kin söyləyib. O, Rusiyanın həm də ABŞ və NATO-nu zəiflətmək istədiyini bildirib:

“Bu təlim hər dörd ildən bir keçirilir. Son dəfə bu təlim olanda Rusiya Gürcüstan ərazisinə daxil oldu. 2014-cü ildə isə onlar Donbasa girdi, Krımı anneksiya etdi. Rusiya belə təlimlər vasitəsilə NATO-nu zəiflədib, Avropanı parçalamaq istəyir”.

Amerika Konqresinin respublikaçı senator Lindsi Qrem 2018-ci ildə Dövlət Departamentinin beynəlxalq fəaliyyət üzrə xərcləri haqqında qanun layihəsi hazırlayıb. Senator “Rusiyanın təsiri və təcavüzündən müdafiəyə” ayrılan vəsaitin 20 milyon dollar artırılmasını təklif edib.

Daha əvvəl bu fəaliyyət üçün 100 milyon dolların ayrılması planlaşdırılırdı.

“Ən azı 120 milyon dollar Avropa və Asiya ölkələrində Rusiyanın təsiri və təcavüzündən müdafiə üçün ayrılmalıdır”, - sənəddə Qrem izah edib.

Qanun layihəsi qəbul olunacağı halda, bu məqsədlə ayrılan pulun çox hissəsi - 65 milyon dollar xarici silahlı qüvvələrin maliyyələşdirilməsi proqramı üçün ayrılacaq.

Daha əvvəl KİV-də çıxan informasiyaya görə, ABŞ NATO üzrə müttəfiqlərlə birlikdə regionda Rusiyanın təsiri ilə mübarizə üçün informasiya mərkəzi yaradır. Mərkəzin Serbiyada yaradılması planlaşdırılır.

ABŞ imperiya kimi artıq XXI əsrin birinci yarısında dağıla bilər. Bu haqda “Proses” tok-şousunun efirində Rusiya hökuməti yanında Maliyyə Universitetinin Şiyasətşünaslıq Tədqiqatlarının Mərkəzinin direktoru Pavel Salin bildirib.

“Mən milli dövlət ABŞ-ı və imperiya ABŞ-ı bir-birindən ayırardım. ABŞ bir imperiya kimi artıq tikişləri üzrə bölünür. Burada trend tamamilə aşkardır. Böyük Britaniyaya baxın: imperiya idi, indi milli dövlətdir. Şotlandiyada milli separatizmə baxmayaraq, milli dövlət olaraq Böyük Britaniya üçün heç bir təhlükə yoxdur. Amma Britaniya imperiyası iyirminci əsrin ortalarında dağıldı. Prinsip etibarilə amerikalıları da həmin proses gözləyir. Bu, iyirmi birinci əsrin birinci yarısının məsələsidir”, - ekspert qeyd edib.

Xatırladaq ki, sentyabrda Türkiyənin “Yeni Səfəq” nəşrində Mehmet Şəkərin “ABŞ nə vaxt dağılacaq? başlqlı məqaləsi dərc olunub. Müəllifin fikrincə, ABŞ dünya hegemonluğunun tək nümunəsidir ki, ərazi dəyişikliklərindən narahat deyil. Ancaq yazar əmindir ki, təxribatçıların indiki siyasəti fonunda ABŞ-ın dağılması qaçılmazdır.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR