İlham Əliyev ordunu poliqona yeritdi və ABŞ-a getdi... - Qarabağla bağlı NƏ BAŞ VERİR?
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev ordunu poliqona yeritdi və ABŞ-a getdi... - Qarabağla bağlı NƏ BAŞ VERİR?

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün Nyu-Yorka yola düşüb.

Publika.az xəbər verir ki, Amerika torpaqlarında yüksək səviyyədə qarşılanan Azərbaycan liderinin mühüm görüşləri gözlənilir.

Prezidentin Nyu-York səfəri fonunda Azərbaycan Silahlı Qüvvələrinin 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarının iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlaması diqqət çəkir.

Təlimlər güman ki, əvvəldən planlaşdırılırdı, elə Prezidentin səfəri də. Lakin bu iki məqamın üst-üstə düşməsi ötən ilin “aprel döyüşləri”ni yada salır.

Azərbaycan Prezidenti ötən ilin 1 aprelində eyni tədbirdə iştirak üçün Nyu-Yorkda səfərdə idi. Aprelin 1-dən 2-nə keçən gecə erməni hərbi birləşmələri cəbhədə təxribat hücumuna keçdilər. Azərbaycan Ordusunun əks hücumu çox ağır oldu və düşmənə ciddi zərbə endirildi. Nəticədə işğal altındakı ərazilərin bir qismi azad edildi.

Bu baxımdan, Ali Baş Komandanın Nyu-Yorka yola düşərkən, ordunu poliqona yeritməsi iki versiyanı gündəmə gətirir:

1. Ermənistan dünyanın diqqətinin Nyu-Yorkda olmasından istifadə edərək, növbəti təxribata əl ata bilər. Bakı mümkün təhlükələrə qarşı ordunu “ayaq üstə” saxlayır.

2. Prezident İlham Əliyev ehtimal ki, Azərbaycan torpaqlarının işğal edildiyi məsələsini Nyu-York kulislərinə daşıyacaq. Beləliklə, Ali Baş Komandan ordunu poliqona yeridərək, Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-da “səbrin artıq daşdığı” mesajını verir.

Burada diqqət çəkən digər amil Ermənistan prezidentinin Nyu-Yorka getməməsidir. Erməni mediası “Sarkisyan Nyu-Yorka gedəcəkmi?” sualını gündəmə gətirərək yazır ki, “Ermənistan prezidenti Putinin qəzəbindən çəkinərək, okeanın o tayına getməyəcək”. Tramp Administrasiyasında Sarkisyanın qəbul edilmədiyini nəzərə alsaq, onun Nyu-Yorka getmək ehtimalı daha da zəifləyir.

Bu gün İrəvanda ABŞ Konqresinin bir sıra üzvlərinin iştirakı ilə keçirilən Ermənistan diasporunun 6-cı konqresində Serj Sarkisyanın çıxışı isə ermənilərin daha təhlükəli təxribatından xəbər verir.

Sarkisyan bildirib ki, “Ermənistan “böyük vətənə” qayıdış planının müzakirəsi üçün yetkinləşdi”. Erməni prezidenti “böyük vətən” dedikdə, Türkiyə və Azərbaycan torpaqlarının (xüsusilə Naxçıvan) işğalını nəzərdə tutur.

Hesab etmək olar ki, Bakı İrəvanın təxribat planlarından xəbərdardır və buna qarşı tədbirlərini gücləndirir. Bununla yanaşı, Azərbaycan liderinin Nyu-York səfəri ərəfəsində ordunun poliqona yeridilməsi, eləcə də Türkiyə ilə birlikdə “TurAz Qartal -2017” təlimlərinin başlanması Bakı və Ankaranın ermənilərin “böyük vətən” planına dəstək verən amerikalı konqresmenlərə yerini göstərmək məqsədi daşıyır. Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Nyu-Yorkda səfərdədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm