Nida Təhlil
Özalın ölümünə imza atan əcnəbi alimin İNTİHAR SİRRİ və 25 sentyabra UZANAN BAĞ
Şimali İraq Kürd Muxtariyyəti müstəqil olmaq üçün sentyabrın
25-də referenduma hazırlaşır. Ən təhlükəli məqamlardan biri isə
Bərzani rejiminin türkmanların tarixi vətəni olan Kərkük və Mosulu
da referendum aktına daxil etməsidir. Bu oyunun lap əvvəldən
qurulduğu məlumdur. Lakin referendum ərəfəsində diqqətçəkən
məqamlardan biri Türkiyədə baş verən bir ölüm hadisəsi oldu:
sentyabrın 18-də Hacettepe Universitetinin professoru, ürək cərrahı
İlhan Paşaoğlu Ankaradakı evində ölü tapıldı. Professorun intihar
etdiyi deyilir, ancaq onun ölümündən əvvəl ailəsinə yazdığı
məktubun yoxa çıxması hadisəyə sui-qəsd donunu geyindirir. Amma
professora sui-qəsd edilmiş olsa belə, bu ölümün Bərzaninin
referendumu ilə hansı bağlantısının ola biləcəyi şübhə doğurur.
Kərkük və Mosula da göz dikən İraq kürdləri müstəqil olmaq
üçün referendum keçirir; Türkiyədə ürək cərrahı olan professor
evində ölü tapılır.
İlk baxışdan, biri siyasi, digəri kriminoloji olan bu iki hadisə
arasında heç bir əlaqə görünmür. Amma İlhan Paşaoğlunun kim olduğu
və vaxtilə hansı işlər gördüyü bu iki hadisə arasında bağlantıların
ola biləcəyinə dair ciddi ehtimallar yaradır.
1. İlhan Paşaoğlu 1950-ci ildə Kərkükdə doğulub.
Türkiyədə tibb təhsili alıb, ürək cərrahlığı üzrə məşhurdur. Hətta
Türkiyənin 10-cu prezidenti Əhməd Necat Sezarın ürək əməliyyatını
həyata keçirib. O cümlədən, bir çox məşhur türkiyəli
siyasətçilərin, iş adamlarının, məmurların əməliyyatını aparıb.
Yəni Türkiyədə və dünyada ürək cərrahlığında böyük usta hesab
olunur.
2. 2006-cı ildə Türkiyənin mərhum prezidenti
Turqut Özalın zəhərlənərək öldürüldüyü iddiası ilə bağlı rəsmi
araşdırma başlandı. Həmin vaxt mərhum prezidentin cəsədi üzərində
yenidən ekspertiza aparıldı və “ölüm səbəbi ürək çatışmazlığıdır”
arayışı verildi. Həmin ekspertizada iştirak edən həkimlər qrupunda
və arayışa imza atanlar arasında İlhan Paşaoğlu da var idi. Turqut
Özal Körfəz müharibəsində Mosul və Kərkükə qoşun çıxarmaq
istəyirdi. Lakin həmin vaxt baş nazir olan Süleyman Dəmirəl buna
imkan verməmişdi. O dövrün Türkiyəsində parlament respublikası
sistemi mövcud idi və baş nazir ölkədə əsas söz sahibi idi. Buna
görə də Özalın istəyi havada qalmışdı. Özalın Qarabağın işğalı
vaxtı qoşun göndərmək istəyinin də qarşısı bu cür alınmışdı.
Kərkük və Mosula girməyi tələb edən Özalın öldürüldüyü iddiasının
üzərindən xətt çəkən tibbi arayışa kərküklü cərrahın imza atması,
illər sonra Kərkük və Mosulu “müstəqil Kürdüstan”a qatmaq istəyən
İraq kürdlərinin referenduma getmək niyyəti və referenduma sayılı
günlər qalmış həmin cərrahın müəmmalı ölümü arasında, nə qədər
konspriloji səslənsə də, bir bağın olması ehtimalı görünür. Və bir
detalı da unutmaq olmaz: İlhan Paşaoğlu İngiltərədə uzun müddət
Kraliça ailəsinə bağlı tibbi mərkəzdə çalışıb.
Bütöv pazlı görmək üçün hissələrə ayrılıqda nəzər
yetirək:
- Kərkük və Mosulu almaq istəyən Özal 1990-cı illərdə türk
dünyasına səfərdən dönərkən ölür. Onun zəhərləndiyi iddiaları
2000-ci illərə qədər davam edir və bir çox dəlillər bu iddiaların
doğruluğunu təsdiqləyir.
- 2006-cı ildə İlhan Paşaoğlunun da imzası ilə Özalın
zəhərlənmədiyi, əslində “ürək çatışmazlığından” öldüyünə dair rəsmi
arayış hazırlanır. Yəni öldürüldüyü iddialarının üzərində xətt
çəkilir, hərçənd, bu iddialar doğru çıxsaydı, ip ucları daha
dərinlərə qədər gedər, hətta Kərkük-Mosul da daxil olmaqla Qərbin
Yaxın Şərqi xətlərlə bölən Sykes-Picot anlaşması planının qaranlıq
tərəfi gün üzünə çıxa bilərdi.
- Maraqlıdır ki, Özala ürək çatışmazlığı diaqnozunu qoyan İlhan
Paşaoğlu Sykes-Picot anlaşmasının əsas banisi olan İngiltərədə uzun
müddət çalışıb.
- Nə təsadüf ki, Sykes-Picot anlaşmasının nəticəsi olaraq ortaya
çıxan İraqın bölünməsinə səbəb olacaq kürd referendumu öncəsi əslən
kərküklü olan cərrah İlhan Paşaoğlu müəmmalı şəkildə ölür.
Pazlın hissələrini birləşdirək: Özal Mosul və
Kərkükə müdaxilə edəcəkdi. 1926-cı ildə imzalanan Ankara
razılaşması buna imkan verir. Onu zəhərləyərək öldürdülər. İllər
sonra Özalın ölümü gün üzünə çıxarıldı və araşdırma başlandı. Əgər
Özalın həqiqətən də öldürülmüş olması üzə çıxsaydı, bu geosiyasi
qalmaqala səbəb olar, eləcə də geosiyasi planları ifşa edərdi. Amma
bütün iddialara rəğmən, İlhan Paşaoğlunun rəhbərlik etdiyi qrup
ölümün təbii səbəbdən baş verdiyini təsdiqləyən tibbi arayış
hazırladı. İddia etmək olar ki, kərküklü professor ingilislərə
yaxın olub, yaxud da kiminsə təsiri altında belə bir arayış
hazırlayıb. Həmin arayışın hazırlanmasından 11 il sonra “müstəqil
Kürdüstan” layihəsi gündəmə gəlir, yəni Sykes-Picot anlaşmasının
baniləri uzun illər rəfdə toz basmış əsas layihəni həyata keçirməyə
başlayırlar. Referenduma sayılı günlər qalmış Özala “təbii ölüm”
arayışı verən professor evində ölü tapılır, lakin ailəsinə yazdığı
məktub yoxa çıxır. Ehtimal ki, Paşaoğlunun ölümündə bildiyi
sirlərin rolu böyük olub, onun yoxa çıxan məktubu da bir çox sirri
özündə gizlədirmiş. Özalı öldürərək sirləri örtənlər mərhum
prezidentə ölüm arayışı yazan professoru da aradan götürməklə
həqiqətlərin üzərini bir az da torpaqladılar.
Bu iddiaları gündəmə gətirən türkiyəli politoloq,
KAFKASSAM-ın eksperti Ömür Çelikdönmez Publika.az-a
açıqlamasında sui-qəsd nəzəriyyəsini inkişaf etdirir.
Onun sözlərinə görə, İlhan Paşaoğlu kimi karyerasının zirvəsində
olan bir həkimin intihar etməsini düşünmək gülməlidir.
“1950-ci ildə Kərkükdə doğulan İlhan Paşaoğlu 1974-cü ildə
Hacettepe Universitetinin Tibb Fakültəsinin Qəlb-Damar Cərrahiyə
kafedrasını bitirib. 1981-ci ildə Hacettepe Universiteti tərəfindən
İngiltərəyə göndərilib. Londonda St.Tomas Xəstəxanasında və Rayne
İnstitunda çalışıb. Tomas Xəstəxanası Britaniya Tibb Tərəfdaşı,
Kraliça Tibb Akademiyası və Kraliça Tibb Qurumlarının mərkəzi idarə
orqanıdır. Paşaoğlu 1987-ci ildə ABŞ-da Visconsin Universitetində
də işləyib. Bir il sonra Hacettepe Universitetinə qayıdıb. 1991-ci
ildə professor olub. Onun adı Turqut Özalın müəmmalı ölümü ilə
gündəmə gəlir. Belə ki, 2006-cı ildə Özalın nəşi yenidən ekspertiza
edildi və İlhan Paşaoğlu, Yüksel Bozer, Kemal Erdem, Ali Otove və
Kubilay Varlı tərəfindən ölüm arayışı hazırlandı. Arayışda
“Hörmətli prezidentimiz Turqut Özal xronoloji xəstəliyi və ürək
çatışmazlığı səbəbindən 14:30-da vəfat edib” deyə qeyd olunur.
Körfəz müharibəsində Mosul və Kərkük məsələsini gündəmə gərtirən
Turqut Özalın ölüm arayışını hazırlayanlar arasında bir kərküklü
həkimin olması diqqət çəkir. Daha sonra, İlhan Paşaoğlunun ölümünün
Sykes-Picot anlaşmasının məhsulu olan İraqın referendumla bölünməsi
ərəfəsinə təsadüfi etməsi nə dərəcədə təsadüf ola bilər?!”, - deyə
türkiyəli politoloq vurğulayır.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!