Sevr müqaviləsi DİRİLİR, İrəvan HƏRƏKƏTƏ KEÇİR: “Kürdüstan”ın Azərbaycana yaratdığı BÖYÜK TƏHLÜKƏ
Bizi izləyin

Nida Təhlil

Sevr müqaviləsi DİRİLİR, İrəvan HƏRƏKƏTƏ KEÇİR: “Kürdüstan”ın Azərbaycana yaratdığı BÖYÜK TƏHLÜKƏ

Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsi bölgənin siyasi xəritəsinin dəyişməsi və yeni müharibə ilə nəticələnə bilər. Lakin referendumda diqqətçəkən məqamlardan biri də “Kürdüstan” dövlətinin yaradılacağı təqdirdə, Azərbaycana qarşı ola biləcək təhlükələrdir.

Publika.az
xəbər verir ki, “Kürdüstan” rəsmi şəkildə müstəqil olacağı təqdirdə hər şey İraqın parçalanması ilə başa çatmayacaq. Sonrakı mərhələdə kürdlər Türkiyənin cənub bölgəsinə, həmçinin, Azərbaycan torpaqlarına iddia edəcəklər. Söhbət Sevr müqaviləsinin dirilməsindən gedir və 1920-ci ilin 10 avqust tarixində ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilsonun hazırladığı bu müqaviləyə görə, Türkiyə torpaqları ilə yanaşı, Azərbaycanın qədim şəhəri Naxçıvan, eləcə də hazırda İran idarəçiliyi altında olan Cənubi Azərbaycanın cənub-qərb bölgəsi “Böyük Kürdüstan” dövlətinin ərazisinə daxil edilmişdi.

Maraqlıdır ki, bu ilin 1 iyun tarixində “Amerikanın səsi” radiostansiyası “Twitter” səhifəsində Naxçvanı “Kürdüstan” ərazisi kimi təqdim etmişdi. Bu nə dərəcədə təsadüf ola bilərdi?!



Həmçinin, Bərzani rejiminə bağlı “Rudav” televiziyasında yayımlanan hava proqramında Naxçıvan “Kürdüstan” ərazisi olaraq göstərildi.



Lakin hər şey bununla da başa çatmır. Arxadan “Böyük Ermənistan” xülyaları da boylanır və ermənilər gecə-gündüz göylərə yalvarırlar ki, “Kürdüstan” müstəqil olsun. Çünki onlar beləliklə Sevr müqaviləsinin diriləcəyinə inanırlar.

“Sevr” müqaviləsi: 1920-ci ildə Vudri Vilsonun “14 bənd” tezisinə əsasən hazırlanan “yeni dünya xəritəsi”ndə türk torpaqları bölünür, “Böyük Kürdüstan” yaradılır (kürdlər həmin vaxt bu planı qəbul etmədilər və türk ordusunda döyüşmək seçimini etdilər, lakin üzərindən 100 ilə qədər vaxt keçsə də, böyük güclər kürd planını yenidən işə salır), həmçinin, Türkiyənin Ərzum, Trapezund, Van və Bitlis bölgələri Ermənistana verilir. Bununla yanaşı, Trabzonun şərq hissəsi Gürcüstan və Ermənistan arasında bölünür və ermənilər beləliklə, Qara dənizə çıxış imkanı əldə edirlər. 1918-ci ildə Paris sülh konfransında Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətini tanımaq təklifini rədd edən Vilson “yeni dünya xəritəsi”nə Azərbaycanı daxil etməmişdi.



Lakin Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində, heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir. Bundan başqa, ABŞ və Rusiya bu müqaviləni imzalamayıb. Türkiyədə Atatürkün başlatdığı Qurtuluş savaşı Vilson planını alt-üst etdi. 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında Lozanna müqaviləsi imzaladı və bununla Sevr müqaviləsinin üstündən xətt çəkildi.

Həmin plandan 97 il sonra kürdlər müstəqillik referendumu keçirməyə qərar veriblər və buna ən çox sevinənlər ermənilərdir. Ermənistan hesab edir ki, “Kürdüstan” dövləti yaranarsa, Sevr müqaviləsi diriləcək və bu, onlara “Böyük Ermənistan” xülyalarını həyata keçirmək imkanı verəcək. Artıq İrəvanda buna hazırlıqların getdiyini deyə bilərik.

Ermənistanın milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, türkoloq Ruben Safrastyan hesab edir ki, “müstəqil Kürdüstanın” yaranması Sevr müqaviləsini aktuallaşdıracaq.

“Kürdüstanın müstəqilliyilə Yaxın Şərqin xəritəsi dəyişməyə başlayacaq, bu proses yaxınlaşır. Böyük ölkələr bu prosesdə hansı gedişi etməyi düşünəcəklər və onlar Sevr müqaviləsinə müraciət edəcəklər. Həmin müqavilədə “Kürdüstanın” müstəqilliyi haqda danışılır. Əgər Yaxın Şərqdə sərhədlərə yenidən baxmaq ehtiyacı yaransa, onda Ermənistan bizə aid olan ərazilərə böyük dövlətlərin diqqətini yönətlməyə hazır olmalıdır. Əmin deyiləm ki, müqavilə bərpa olunacaq, amma biz yenə də buna hazır olmalıyıq”, - deyə o bildirib.



Təbii ki, bütün bunlar erməni xülyasından başqa bir şey deyil. Amma yenə də təhlükənin miqyasını heçə saymamalıyıq. Çünki tarix boyu təxribatçılıqla məşğul olmuş ermənilər indiki məqamda da hansısa cəhdlər edə bilər. Ermənilərin indiyə qədər PKK terror təşkilatına dəstək verməsi də bu kontekstdə aydınlaşır. Onlar hesab edirlər ki, kürdlər Türkiyədən, həmçinin, Azərbaycandan əraziləri alacaqlar. Bundan sonra ermənilərin kürdlərdən alması asanlaşacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm