“Azərbaycanın enerji potensialı və kommunikasiya imkanları yüksək qiymətləndirilir” - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

“Azərbaycanın enerji potensialı və kommunikasiya imkanları yüksək qiymətləndirilir” - ŞƏRH

Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Azərbaycanın müxtəlif sahələr üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinə malik olması da sazişin uğurlu olacağına zəmanət verir.

Azərbaycan Prezidentinin cari ilin fevralında Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinə yeni impuls verdi. Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu prioritet hesab edir.

Azərbaycan müxtəlif sahələr üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan olan ölkə kimi tanınır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşad Mirbəşirov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanla münasibətlərin yeni formatda inkişaf etdirilməsi məhz Avropa İttifaqının təşəbbüsü olub.

“Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyində aparıcı ölkələrdən biri olduğunu əsaslandırıb”

Politoloq xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqının rəhbərliyi ilə görüşdə Azərbaycanla qurum arasında əməkdaşılığın prioritet istiqamətləri çox aydın şəkildə səsləndirilmişdi.

“Məsələn, konkret olaraq Donald Tusk (Avropa İttifaqı Şurasının prezidenti - red.) bildirmişdi ki, enerji, nəqliyat və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi Brüssel üçün prioritetdir. Azərbaycan Prezidenti də ittifaq rəhbərliyi ilə görüşlərində əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan tərəfinin iradəsinin və potensialının böyük olduğunu qeyd edib və bunu konkret nümunələrlə əsaslandırıb. Cənab prezident demokratik cəmiyyətin qurulması, insan hüquq və azaqlıqlarının qorunması sahəsində Azərbaycanın əldə etdiyi uğurlar haqqında məlumat verməklə yanaşı, iqtisadi potensialını da nümayiş etdirəcək məqamlara toxunub. Prezident əsaslandırıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində bu gün aparıcı ölkələrdən biridir. Qeyd olunub ki, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması istiqamətində Azərbaycanla Avropa İttifaqı arasında kifayət qədər konstruktiv əməkdaşlığa meyllilik mövcuddur”, - o deyib.

E.Mirbəşirov qeyd edib ki, Azərbaycan prezidentinin bu səfərindən sonra Azərbaycanla Avropa İttifaqı arasında təmaslar artıb. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması istiqamətində prinsipial razılaşmanın imzalanması da bunun göstəricisidir.

Politoloq qeyd edir ki, bütün bunlar enerji, nəqliyyat və kommunikasiya sahəsində Azərbaycanın böyük potensialının Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilməsi və əməkdaşlığa meylli olmasının nəticəsidir:

“Avropa İttifaqı aydın şəkildə dərk edir ki, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan alternativsiz mənbədir. Brüssel Rusiyadan olan enerji asılılığını azaltmaq istəyir və təbii ki, Azərbaycan Avropanın ən etibarlı enerji təhcizatçısı rolunda çıxış edir. Avropa üçün digər enerji mənbələri də var. Amma bu mənbələr bir qayda olaraq münaqişə potensialının böyük olduğu regionlarda yerləşir. Təbii ki, maraqlar qarşılıqlıdır və Azərbaycanın da özünün iqtisadi maraqları var. Bir məqamı yaddan qaçırmayaq ki, Azərbaycan üçün enerji bazarı çoxdur, yəni öz enerji ehtiyatlarını bir çox istiqamətlərdə satışa çıxara bilər. Amma Avropanın vəziyyətinə diqqət yetirsək görərik ki, Azərbaycan onun üçün alternativsiz enerji mənbəyidir”.

“Azərbaycan yalnız Avropa və Mərkəzi Asiyanı deyil, həm də uzaq Qərb və Şərqi birləşdirir”

Bundan başqa, başlıca hədəflərdən biri Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir.

Azərbaycanı qonşu ölkələrlə birləşdirən bütün magistrallar müasirləşdirilmiş, ölkədə altı beynəlxalq hava limanını inşa edilmiş, təyyarə parkı yenilənmiş, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi gedir. Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması vardır.

Müsahibimiz xatırladıb ki, Azərbaycan prezidentinin Brüsselə səfərində diqqət mərkəzində olan məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi olmuşdu. Azərbaycanın Qərb və Şərq arasında körpü rolunu oynadığını söyləyən politoloq vurğulayıb ki, ölkəmizin təklif etdiyi nəqliyyat imkanlar yalnız Avropa və Mərkəzi Asiyanı deyil, həm də uzaq qərb və şərqi birləşdirmək imkanına malikdir. O əlavə edib ki, Avropa Azərbaycanın nəqliyyat imkanlarını yalnız şərq-qərb deyil, həm də şimal-cənub istiqamətində nəqliyyat imkanlarını qiymətləndirir.

“Azərbaycan hazırda qlobal məsələlərin həllində yaxından iştirak etməkdədir”

E.Mirbəşirov vurğulayıb ki, bütün istiqamətlərdə atılan addımlar istənilən halda, ölkənin siyasi imicinə də müsbət təsir göstərir:

“İstər iqtisadi, istər mədəni, istərsə də sosial və hərbi-texniki xarakterli əməkdaşılıq ölkənin siyasi potensialının inkişafına xidmət edir. Təbii ki, iqtisadi və enerji sahəsində əldə olunan uğurlar beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini möhkəmlədir. Azərbaycanın etibarlı iqtisadi tərəfdaşa çevrilməsi ölkənin beynəlxalq münasibətlər sistemində təsirli oyunçuya çevrilməsini şərtləndirir. Azərbaycan hazırda qlobal məsələlərin həllində yaxından iştirak etməkdədir. Ən strateji məsələlərin həllində ölkə başçısının iştirakının şahidi oluruq. Azərbaycanın mövqeyi və təşəbbüsləri diqqətlə izlənilir. Bu gün qlobal məsələlərdə Azərbaycanın da təsir imkanları yaranır və bu imkanlar getdikcə daha da genişlənəcək. Bu məqam isə Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsini şərtləndirəcək. Bir daha qeyd edib ki, Azərbaycanın əhəmiyyəti getdikcə artır və belə olan halda ölkəmiz öz istəklərini daha inamla irəli sürəcək, ədalətli mövqeyinin təmin olunmasını yüksək kürsülərdən daha inamla tələb edəcək. Bu isə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın işğalçı olaraq tanınması və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini şərtləndirəcək. Bu siyasi dividentlər bir dövlət olaraq hərtərəfli şəkildə Azərbaycanın beynəlxalq klubun ən əhəmiyyətli üzvlərindən birinə çevrilməsini şərtləndirir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm