Bakı-Tiflis-Qars: Bakının Avrasiya və Avropada ayaq səsləri
Bizi izləyin

Nida Təhlil

Bakı-Tiflis-Qars: Bakının Avrasiya və Avropada ayaq səsləri

Bu gün Bakıda Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentləri, həmçinin, digər yüksək səviyyəli şəxslər iştirak edəcək.

BTQ layihəsinin ilk təməli 2007-ci ilin 21 noyabr tarixində Gürcüstanın Marabda kəndində qoyulub. Təməlqoyma mərasimi Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə baş tutub.

İqtisadi və siyasi əhəmiyyəti çox yüksək olan bu strateji layihənin ərsəyə gəlməsi heç də asan olmadı. Xüsusilə işğalçı Ermənistanın regionun gələcəyinə böyük töhfə verən bu layihədən kənarda qalması Qərbdəki dairələri narahat edirdi. Buna görə də dəmiryolu xəttinin tikintisi 2005-ci ildə nəzərdə tutulsa da, ABŞ və Avropa Birliyi layihəni maliyyələşdirməkdən imtina etdiyi üçün 2 il gecikdi. Qərb hesab edirdi ki, Ermənistan bu regional layihədə yer almalı, bunun üçün Bakı-Tiflis-Qars yox, Qars-Gümrü-Tiflis dəmiryolu xətti çəkilməli idi. Bu, işğalçıya dəstək və Azərbaycana qarşı atılmış addım idi. Lakin rəsmi Bakı diplomatik manevrlərlə bu təhlükəli oyunu pozdu və Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verdi. Beləliklə, Qərbdə erməni lobbisinin oyunu baş tutmadı və Azərbaycanın addımı ilə BTQ-nin inşasına başlandı.

Bakıdan başlayan və ümumi uzunluğu 838,6 kilometr olan BTQ üç ölkənin ərazisindən keçir. Dəmiryolu xəttinin Azərbaycan ərazisində olan uzunluğu 503 kilometr, Azərbaycan sərhədindən Gürcüstanın Ahalkələk sərhədinə qədər 230 kilometr, Gürcüstan sərhəddindən Türkiyə sərhədi Kartsaxiyə qədər 26,3 kilometr, Kartsaxi Qarsa qədər isə 75,6 kilometrdir. Layihəyə əsasən qatar Bakıdan Tiflisə, oradan Axalkələk sərhədinə çatır, növbəti dayanacaq Qars şəhəri olur.

Niyə BTQ?

Bak-Tiflis-Qars dəmiryolu xətti ilk növbədə yükdaşımalarında müddəti qısaldacaq. Belə ki, Çindən İngiltərə, Almaniya, Fransa kimi Avropa ölkələrinə yükdaşıma müddəti 42-62 gündür. Lakin BTQ-nin istifadə verilməsi ilə bu müddət 12-15 günə enir. Bu, ticarətdə böyük irəliləyişdir. Bu baxımdan, dəmiryolunun istismara verilməsində dünya ölkələri də maraqlıdır.

BTQ-nin regiona töhfəsi

İqtisadi:
Bu dəmiryolu xətti bütövlükdə bütün regionun iqtisadi inkişafına böyük dəstək olacaq: Azərbaycan-Gürcüstan-Türkiyə arasında sərnişin və yükdaşımalarını asanlaşdıracaq; bu dəmiryolu vasitəsilə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulur; Bu layihə hər üç ölkədə - Azərbaycan-Gürcüstan-Türkiyə məşğulluğun artmasına və kiçik ticarətin inkişafına səbəb olacaq.

Siyasi: BTQ-nin siyasi amili da olduqca yüksəkdir. Bu layihə ilə region ölkələri bir-birinə daha sıx bağlanacaq, xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə regional ittifaqı güclənəcək. Lakin bu layihə təkcə üç ölkə ilə yekunlaşmır. Dəmiryolu xəttinə Mərkəzi Asiyadan Qazaxıstan, Türkmənistan kimi ölkələrin də qoşulması ehtimalı böyükdür. Həmçinin, İran gələcəkdə bu xətdən istifadə edə bilər. Bu, isə Avropa və Asiyanı birləşdirən coğrafiyada böyük siyasi birliyin formalaşması deməkdir.

Azərbaycan nə qazanacaq?

BTQ-nin həyata vəsiqə almasında Azərbaycanın təkcə coğrafi mövqeyi yox, siyasi iradəsi də böyük rol oynadı. Azərbaycanın bu layihədən əldə edəcəyi iqtisadi və siyasi dividendləri böyükdür, xüsusilə bu, gələcəyə yatırılmış investisiya hesab oluna bilər.

İqtisadi: Azərbaycan ilk illərdə tranzitdən 50 milyon dollar gəlir əldə edəcək; Azərbaycan neft məhsullarını Türkiyə, Avropa ölkələrinə, eləcə də digər bölgələrə məhz bu dəmiryolu vasitəsilə ixrac edəcək və bu marşrut xərclərinin minimuma endirilməsi deməkdir; Bu layihə ölkəyə valyuta gəlirini artırmaqla yanaşı, məşğulluğun da artırılmasına da töhfə verəcək; Bununla yanaşı, İranın və Mərkəzi Asiya ölkələrinin xəttə qoşulması ilə Azərbaycanın gəlirləri artıracaq.

Siyasi: Azərbaycanın iqtisadi gəlirlərinin zamanla daha da yüksələcəyi şübhəsizdir. Lakin bu layihənin siyasi əhəmiyyəti də olduqca yüksəkdir.

1. Bakı BTQ-nin reallaşması ilə ilk növbədə işğalçı Ermənistanı regionda bir daha təcrid vəziyyətinə saldı. Bunu ərazi bütövlüyümüzün bərpası istiqamətində daha bir uğurlu diplomatiya hesab oluna bilər.
2. Bu layihə ilə Bakı-Tiflis-Ankara regional ittifaqının daha da güclənməsi də işğalçı Ermənistanın küncə sıxışdırılması deməkdir.
Ermənistan üzərindən keçən və hələ də bağlı olan Qars-Gömrü-Tbilisi xətti isə istifadəsiz qaldığı üçün Ermənistanın vəziyyəti yaxşı olmayacaq.
3. Bu layihə ilə Azərbaycan regional gücü artacaq. Belə ki, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında quru yolu üzərində Azərbaycan əsas faktor olacaq. Eləcə də “Böyük İpək Yolu” layihəsinin həyata keçməsi ilə Çindən Avropaya qədər olan marşrut xəttində əsas paya sahib olacaq. Belə demək mümkünsə, Uzaq Şərq-Avropa arasında paylayıcı rol oynamaqla ölkəmizin siyasi əhəmiyyəti Avropa və Avrasiyada daha da yüksələcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm