Sarkisyandan QARABAĞ ETİRAFI, Azərbaycanla gizli DANIŞIQLAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Sarkisyandan QARABAĞ ETİRAFI, Azərbaycanla gizli DANIŞIQLAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan xarici işlər naziri noyabrın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır. Rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətinə qarşı hərbi əməliyyat keçirə bilər. Birləşmiş Ştatlar Amerika sanksiyalarına məruz qalan rusiyalıların xeyrinə sazişlər bağlayan xarici şəxslər və şirkətlər barəsində də sanksiyaları tətbiq edəcək.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Nazir bildirib ki, görüş Moskvada olacaq: "Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm".

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda görüşməyi və Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır. Bu barədə Kremlin mətbuat xidməti Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Putinlə görüşəcəyi haqda dediklərinə münasibət bildirərkən deyib.

Ərdoğan bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək.

“Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək”, - deyə Ərdoğan qeyd edib.

“Ermənistan Azərbaycanla qeyri-rəsmi danışıqlara başlaya bilər”. Bu barədə gürcü politoloq Soso Sinsadze Ermənistanın “168 jam” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində iştirak etmək istəyə bilər: “Ermənistanın bu layihədə iştirakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ayrıca predmet ola bilər. Siyasətçilər bu haqda düşünməli və Azərbaycana variantlar təklif etməlidir. Düşünürəm ki, Ermənistanın bu layihədə iştirakı ətrafında Azərbaycanla qeyri-rəsmi danışıqlar aparmaq mümkündür”.

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir”. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”, - deyən Sarkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib.

Lakin “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edirlər”.

Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sarkisyanın fikirlərini bölüşüb və qeyd edib ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq.

Avropa İttifaqının noyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı sammitində qətnamə qəbul ediləcək. Qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq.

Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq.

Aİ-nin əsas hədəfi son dövrlər Avropada Katalaniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir.

“Jamanak” qəzeti yazır ki, bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında İraq tərəfindən ölkə ərazisinə sızmağa çalışan PKK terrorçuları ilə təhlükəsizlik gücləri arasında atışma baş verib. Hadisə nəticəsində Türkiyə 8 şəhid verib.

S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür. Bu haqda “Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi artıq Rusiyaya ilkin ödənişi edib. Zenit-raket sistemlərinin çatdırılması iki il ərzində başlanacaq.

Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətinə qarşı hərbi əməliyyat keçirə bilər. İraq hökuməti sərhəd-keçid məntəqələrinin təhvil verilməsini gecikdirən və onların birgə idarə edilməsini təklif edən Ərbili hərbi əməliyyatla təhdid edib.

İraqın baş naziri Heydər əl-İbadi oktyabrın 16-da peşmərgə qüvvələrinə qarşı hərbi əməliyyatın dayandırılması barədə göstəriş verib. Onun sözlərinə görə, atəşkəsin məqsədi mübahisəli ərazilərdə və sərhəd-keçid məntəqələrində nəzarətin İraq ordusu tərəfindən maneəsiz ələ keçirilməsidir.

Birləşmiş Ştatlar Amerika sanksiyalarına məruz qalan rusiyalıların xeyrinə sazişlər bağlayan xarici şəxslər və şirkətlər barəsində də sanksiyaları tətbiq edəcək. Bu haqda ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə İdarədən (OFAC) bildirilib.

Xüsusi halda, prezident Donald Tramp tərəfindən imzalanmış qanuna əsasən sanksiyalara məruz qalan Rusiya sektorları, layihələri və şəxsləri ilə əməkdaşlıq edən qeyri-amerikalı şəxslər və şirkətlərə qarşı hərəkətlərin dəsti nəzərdə tutulur. Bu şəxslər və şirkətləri ABŞ-dakı bank hesablarının başlanması və Amerika dollar sistemindən təcrid edilməsi də daxil olmaqla müxtəlif cəzalar gözləyir.

ABŞ prezidenti Donald Tramp impiçment üzrə səsvermə keçiriləcəyi halda öz postunu saxlaya bilməyəcək. Bu haqda Trampın strateji məsələlər üzrə keçmiş məsləhətçisi Stiven Bennon bildirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilələri, həmçinin Trampın Rusiya ilə əlaqələri haqqında araşdırma hazırda Konqres və Federal Təhqiqatlar Bürosunda (FTB) aparılır. FTB-nin sabiq başçısı Robert Müller araşdırma üzrə xüsusi prokuror təyin edilib.

Yayda ABŞ Nümayəndələr Palatasının iki demokrat üzvü - Bred Şerman və El Qrin Trampın impiçmenti təşəbbüsü ilə çıxış edib. Onların fikrincə, Tramp Rusiya ilə əlaqələri və Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı aparılan araşdırmanın gedişatına dəfələrlə təsir göstərib.

Lakin həm Ağ Ev, həm də Kreml Trampın Rusiya ilə əlaqələri və Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm