• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

İstanbulda TARİXİ QƏRAR, Sürix protokollarından İMTİNA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İstanbulda TARİXİ QƏRAR, Sürix protokollarından İMTİNA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçirilib. Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. İclasın sonunda qəbul edilən bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. İrəvan Türkiyə ilə imzalanan Sürix protokollarından imtina edəcəyini açıqlayıb. ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.

“Mənim kimi, Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra Nalbəndyan da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə və danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu”.

Bu sözləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarov News.az saytına müsahibəsində Edvard Nalbəndyanın guya Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığı haqda dediyi sözlərinə münasibət bildirərkən qeyd edib.

“Vyana görüşünün nəticə olaraq razılıq əldə olunub ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaqdır. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır” - nazir bildirib.

2018-ci ilin yazını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq. Bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan jurnalistlərə açıqlamasında söyləyib.

“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı. Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması ilə nəticələndi. İndiyə qədər bu sənədlər ratifikasiya edilməyib. Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, 2009-cu ildə imzalanan protokolların əsas şərtlərindən biri Ermənistan-Türkiyə sərhədinin açılması idi. Sonradan Türkiyə bu protokolların icrasından Ermənistanın Qarabağdan ordularını çəkməməsi ucbatından imtina etmişdi.

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçirilib. İclasda ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qərarı müzakirə olunub.

Ərdoğan Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb.

“İslam ölkələri paytaxtı Qüds olan, müstəqil Fələstin dövləti tələbindən əsla vaz keçməyəcək”, - o vurğulayıb.

Toplantının sonunda yekun Bəyannamə qəbul edilib. Bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.

Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

“Biz Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyırıq. Digər ölkələri də Fələstini paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri çərçivəsində tanımasını təşviq etməliyik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının bu gün İstanbulda başlayan toplantısının açılışında bildirib.

ABŞ Rakkadan sağ-salamat çıxardığı İŞİD-çilərlə İdlibə hücum edir. Rakkadan təxliyə olunan İŞİD üzvləri İdlib-Rahcan bölgəsində 5 kəndi ələ keçirib.

Müxaliflər mühasirəyə aldıqları Rahcandakı İŞİD-çilərə gizli yolla silah-sursat çatdırıldığını deyir.

İdlibin mərkəzinə və Türkiyə əsgərlərinin mövqe tutduğu bölgələrə yaxın nöqtələrə sızan 300-dən artıq İŞİD üzvünün hücuma hazırlaşdığı deyilir.

Məlumata görə, Türkiyə əsgərlərinə qarşı hücum planı ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett McGurk tərəfindən hazırlanıb.

İsrail ordusunun 2017-ci ildə həyata keçirdiyi hərbi təlimlər ölkənin Livan istiqamətində yeni bir müharibəyə hazırlaşdığını göstərir. Bu haqda “Yeni Şəfəq” nəşri yazıb.

İsrail mart ayından etibarən 8 hərbi təlim keçirib. Ən genişmiqyaslı təlim isə 5-14 sentyabr tarixlərində keçirilən “Light of the Grain” təlimləri olub.

“Biz Krım məsələsinə qayıdacağıq. Prezident Vladimir Putin aydın şəkildə bildirib ki, Krım məsələsi danışıqlarda müzakirə olmayacaq. Hansısa məqamda olacaq”. Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bildirib.

Dövlət katibinin sözlərinə görə, hazırda əsas məsələ Ukraynanın şərqində zorakılığı dayandırmaqdır. Tillerson qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsini qəbul etməyəcək.

“Sanksiyaların ləğvi üçün Moskva Ukraynaya müdaxiləyə son qoymalı və onun ərazi bütövlüyü bərpa etməlidir”, - ABŞ xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı müqaviləni Dövlət Dumasına təqdim edib. Bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Rusiya ilə Suriya arasında imzalanan 49 illik razılaşmada hərbi-dəniz bazasının genişləndirilməsi nəzərdə tutulur.

"ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır". Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib.

"KXDR səlahiyyətlilərinin danışıqlar masası arxasına oturması zəruridir və biz istədikləri vaxt onlarla danışmağa hazırıq" deyə o bildirib.

Tillerson həmçinin vurğulayıb ki, hər yeni raket sınağı ilə, KXDR dünya birliyindən daha da təcrid olunacaq.

“ABŞ və Çin Koreya Xalq Demokratik Respublikasının nüvə silahının təhlükəsizliyinin təminatını müzakirə edir”. Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bildirib.

“Bizim üçün ən mühüm məsələ Şimali Koreyanın artıq hazırladığı nüvə silahının təhlükəsizliyini təmin etməkdir. Şimali Koreyada hər hansı qeyri-sabitlik olacağı halda, nüvə silahı başqalarının əlinə keçməməlidir. Çin və ABŞ hazırda bu məsələni müzakirə edir”, - Tillerson deyib.

Şimali Koreya dünyanın ən böyük nüvə gücünə sahib olacaq. Bu barədə Şimali Koreya lideri Kim Çen İn danışıb.

Kim Çen Şimali Koreyanın 21-ci əsrdə ultramodern müdafiə sənayesi qurmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi Pxenyan nüvə başlıqları daşımaq imkanlarına sahib “Hvasonq-15” raketlərini sınaqdan keçirmişdi.

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidentliyinə namizədliyini irəli sürməyəcəyini, lakin hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib.

"Mən normal Ukrayna hökumətində birmənalı olaraq məsuliyyəti üzərimə götürməyə hazıram. Mən heç vaxt və əsla Ukrayna prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm, mənə elə gəlir ki, bu postda ukraynalılar olmalıdırlar", - deyə o əlavə edib.

Siyasətçi Ukraynada 13 ildən çox yaşadığını bildirib.

"Lakin stajlı ukraynalılar prezident olmalıdırlar, hökumətdə isə Ukraynanın tələblərindən asılı olaraq müxtəlif insanlar işləyə bilərlər", – deyə Saakaşvili əlavə edib.

O, Ukrayna prezidenti Pyotr Poroşenkodan yerli hökumətə rəhbərlik etmək təklifi aldığını, lakin o zaman bundan imtina etdiyini bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR