2017-ci il Azərbaycan tarixində qızıl hərflərlə yazıldı - Bu il hansı addımlar atılacaq?
Bizi izləyin

Nida Təhlil

2017-ci il Azərbaycan tarixində qızıl hərflərlə yazıldı - Bu il hansı addımlar atılacaq?

2017-ci ildə də dünya siyasi və iqtisadi böhranlardan kənarda qalmadı. Baş verənlərin məntiqi nəticəsi olaraq bir sıra ölkələr iqtisadi çətinliklə üzləşib. Sabitlik adasına çevrilən Azərbaycanda isə iqtisadi inkişaf əldə olundu. Təbii ki, bunun səbəbi Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında dediyi kimi “Sabitliyin və inkişafın mənbəyi Azərbaycan xalqı, onun iradəsi və həyata keçirilən siyasətdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir”.

Azərbaycan artıq nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınıb. Respublikamızda son 14 ildə mühüm layihələr reallaşıb. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib. Bunun nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilib. Son aylarda isə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, “Əsrin müqaviləsi”nin yenilənməsi beynəlxalq əhəmiyyətli hadisəyə çevrilib.

2017-ci ildə də Azərbaycan üçün uğurlu dövr oldu. Dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, qarşıdurmaların geniş vüsət aldığı bir dövrdə Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıbdır.

İslahatlar ili

Ötən il Azərbaycanda ümumilikdə islahatlar ili olaraq tarixə keçdi. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.

2017-ci ildə Azərbaycanda qeyri-neft sektoru 2,5 faiz, sənaye 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.

Ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artıb. Ötən il 2016-cı illə müqayisədə ölkəmizə 500 min turist gəlib.

Azərbaycanın ticarət balansının müsbət saldosu 6,2 milyard dollar təşkil edib. 2017-ci ildə 221 min yeni iş yeri açılıbdır ki, onların 177 mini daimi iş yeridir. Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Bu dünya miqyasında ən yaxşı nəticələrdən biridir.

İqtisadi və sosial layihələr

2017-ci ildə Prezident İlham Əliyev 30-dan çox rayonda yeni müəssisələrin açılışında, təməlinin qoyma mərasimlərində iştirak edib, bölgələrdə gedən vəziyyətlə əyani şəkildə tanış olub, müvafiq tapşırıq və tövsiyələr verib, qanunvericilik aktları imzalayıbdır.

Ötən il elektrik təchizatı yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb, qazlaşdırma 93 faizə çatıb, 100 min hektardan çox sahə suvarılmağa başlanıb, 1300 kilometr avtomobil yolu, o cümlədən beş yüzdən çox kəndə yeni yol salınıb, içməli su layihələri uğurla icra edilibdir. Bununla yanaşı, 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıbdır.

Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilibdir. İki Olimpiya İdman Kompleksi istifadəyə verilibdir. 116 min ailə, 400 mindən artıq insan ünvanlı sosial yardım alır, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu həyata keçirilən sosial siyasətin təzahürüdür.

2017-ci ildə 2300 qaçqın və məcburi köçkün ailəsi, 12 min insan yeni evlərə, mənzillərə köçürülübdür.

Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə qısa müddət ərzində bütün təmir-bərpa işləri aparılacaq, şəhərlər, kəndlər yenidən qurulacaq və bu gün dağılmış vəziyyətdə olan şəhər və kəndlərə tezliklə həyat qayıdacaq.

Energetika və nəqliyyat

Ötən il “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Bu, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulacağı deməkdir.

İnvestisiyalar iqtisadiyyatın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yerli müəssisələrin yaradılmasına təkan verəcək. Azərbaycanın iqtisadi inkişafının planlaşdırılmasına və neft amilindən asılılığın daha da azaldılmasına şərait yaradacaq. Kontraktların uzadılması SOCAR-ın payının 11 faizdən 25 faizə artmasına, mənfəət neftinin 75 faizinin Azərbaycana qalmasına səbəb olub. Bu layihədən Azərbaycan 3,6 milyard dollar bonus qazanacaq. Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib. TANAP layihəsinin icrası 90 faiz təşkil edir. TAP layihəsinin icrası 60-62 faiz səviyyəsindədir. Energetika sahəsində bu iki önəmli layihə Azərbaycanın bundan sonra da uğurlu inkişafını təmin edəcək.

Transmilli nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində önəmli addımlar atılıbdır. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki Azərbayacn, bölgə üçün, dünya üçün önəmli hadisə olubdur. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində üzərinə düşən vəzifələri icra edibdir.

İdman və “İslam Həmrəyliyi İli

2017-ci ildə Azərbaycan idman sahəsində böyük uğurlar qazanıbdır. İslam Həmrəyliyi Oyunları - Azərbaycanın siyasi, diplomatik, iqtisadi uğurlarına idman sahəsin dədə uğurun əlavə olunması deməkdir. İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və Azərbaycanın niyyətinin, siyasətinin göstəricisidir.

Azərbaycan dünyada həm İslam həmrəyliyinin gücləndirilməsi, həm də multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olubdur. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi göstərir ki, Azərbaycan xalqı öz tarixi, dini köklərinə bağlıdır. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir.

İqtisadi göstəricilər

2017-ci ilin ilk 11 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib. Ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb. 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib. Sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib. Dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait ayrılıb.

2018-ci ilin yanvar ayının 1-dən ölkə üzrə ehtiyac meyarının həddi orta hesabla 12 faiz artırılaraq 130 manat səviyyəsində müəyyən edilməsi, minimum əməkhaqqının yuxarı həddinin də eyni səviyyəyə qaldırılması Azərbaycan xalqının sosial və maddi rifahının yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlardır.

2018-ci ilin proqnozları

2017-ci ildə iqtisadi sahədə müşahidə olunan meyllər 2018-ci ildə daha da güclənəcək, daha böyük uğurlar əldə olunacaq.

Neft Fondunun gəlirlərinin artırılması ölkə qarşısında duran önəmli layihələrin icrasına imkan verəcək və Azərbaycanın iqtisadi dayanıqlılığını təmin edəcək.

2018-ci ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin, istehsal müəssisələrinin yaradılması davamlı xarakter daşıyacaq. İqtisadi sahəyə, sənaye potensialının, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi 2018-ci ildə də sürətlə gedəcək. Özünüməşğulluq proqramı üçün ayrılmış 35 milyon manat vəsait 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. 2018-ci ildə 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcək.

Sosial infrastruktur layihələrinin icrası istiqamətində: Bölgələrdə modul tipli 137 məktəb tikiləcək; Altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək; Dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur.

Sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atılır: Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir; Sumqayıt Kimya Sənaye Parkında işlər uğurla gedir. 2017-ci ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu; 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Proqnozlara görə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır; 2018-ci ildə də ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək. İdxaldan asılılıq azalacaq, ixracyönümlü məhsulların həcmi artacaq; Pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə həyata keçirilən tədbirlər davam etdiriləcək; Yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulub.

2018-ci ildə daha il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq və mərkəzlərin sayı 15-ə çatacaq. Bir ildən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq.

Turizmin inkişafı: 2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artıb, keçən il isə əlavə daha 20 faiz artım olubdur. 2017-ci ildə Azərbaycana 2,7 milyon xarici vətəndaş gəlib.

2018-ci ildə Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması ilə Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası Azərbaycanda dəmir yolunun sürətinin artırılmasını tələb edir. Bu məqsədlə Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görüləcək. Ləki-Qəbələ dəmir yolu tikiləcək. Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişi planlaşdırılır. Yeni yolların çəkilməsi, qazlaşdırma, suvarma və digər istiqamətlər üzrə işlər davam etdiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm