• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Ermənistanı yox edəcək ADDIM, müharibə BAŞLADI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Ermənistanı yox edəcək ADDIM, müharibə BAŞLADI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərin arasında görüş keçirilib. Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədi məlum olub. Türkiyə ordusu Afrin əməliyyatına başlayıb. Dəməşq Ankaranı türk təyyarələrini vurmaqla təhdid edib. ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atdı. Fələstin lideri ABŞ tərəfindən irəli sürülən sülh planına etiraz edib. Kanadada Şimali Koreya nüvə böhranı ilə bağlı zirvə keçirilib. ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaları yanvarın 29-da elan ediləcək. ABŞ Prezidenti Donald Tramp Rusiyanı Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçməyə kömək etdiyini bildirib. ABŞ Təl-Əvivdəki səfirliyini 2019-cu ildə Qüdsə köçürəcək.

Azərbaycan, Dağlıq Qarabağ

Polşanın Krakov şəhərində yanvarın 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.

“Dağlıq Qarabağ münaqişəsini bir sənəddə həll etmək mümkün deyil, məsələyə mərhələli yanaşmaq və münaqişə tərəfləri arasında iş aparmaq lazımdır”. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyada münaqişənin həlli ilə bağlı konkret plan yoxdur: “Çünki problemi yalnız tərəflər həll edə bilərlər. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ və Fransa ilə birlikdə 2018-ci ildə də münaqişənin həllinə çalışacaq”.

Qeyd edək ki, indiyə qədər mediada Qarabağla bağlı Rusiyanın “Lavrov planı”nın olduğuna dair məlumatlar yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını şərh edib.

H.Hacıyevin sözlərinə görə, BMT Baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş formada qalmasına bəraət qazandırıla bilməz.

Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər. Bunu Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində qeyd edib.

Ermənistan

ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarının Rusiyanın Azərbaycan və Ermənistana silah satmasına da təsir göstərə biləcəyi ehtimalı erməniləri narahat edir.

İrəvanda bu prosesdən ən çox Ermənistanın əziyyət çəkəcəyini düşünürlər. Hərbi ekspert Vova Vardanov deyir ki, ABŞ-ın sanksiyaları işə salınandan sonra Ermənistanın vəziyyəti ağır olacaq.

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədi məlum olub. Ermənistan prezidenti Serj Sarkisyan yeni namizədin Böyük Britaniyadakı səfir Armen Sarkisyanın olacağını açıqlayıb.

Ermənistan mediası A.Sarkisyanın da Ter-Petrosyan kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həllini dəstəkləməsindən və prezidentliyi dövründə buna çalışmasından narahatdır.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatının detalları məlum olub. Türkiyə ordusu Afrinı tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.

Plana görə, xüsusi təyinatlı qüvvələrin (“Bordo Beretlilər”, sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) – red.) hərəkətə keçməsi ilə əməliyyat başlanacaq.

Yanvarın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Jens Stoltenberq arasında telefon danışığı baş tutub. Ərdoğan həmsöhbətinə xəbərdarlıq edib ki, Suriyanın şimalında “Suriya Sərhəd Mühafizəsi Xidməti”nin yaradılması qəbuledilməzdir. Türkiyə prezidenti qeyd edib ki, ölkəsi beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində milli təhlükəsizliyinin mühafizəsi üçün bütün lazımı tədbirləri görəcək.

Afrin əməliyyatına hazırlanan Türkiyənin ilk hədəfləri məlum olub. Türk ordusu ilk növbədə PKK/PYD terrorçularının əlindəki Afrində 6 düşərgəni və Minniğ hərbi aerodromunu vuracaq.

Bir həftə içində başlayacağı gözlənilən əməliyyatın 60-70 gün içində başa çatacağı planlaşdırılır.

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirəcəyi əməliyyatın planı artıq hazırdır. Əməliyyata 2-ci ordu komandiri general İsmail Mətin Təməl başçılıq edəcək.

Türkiyənin müxtəlif bölgələrindən gətirilən və çoxu xüsusi təlim alan hərbçilərdən ibarət təxminən iki briqada böyüklüyündə hərbi güc əməliyyatda iştirak edəcək. “Fərat Qalxanı” bölgəsində İŞİD terror təşkilatına qarşı “süpürmə” taktikası tətbiq edən Türkiyə ordusu Afrində PKK/ PYD-yə qarşı “mühasirə əməliyyatı” taktikasını həyata keçirəcək.

Pentaqon Türkiyənin Afrin əməliyyatına mane olmayacaq. Bu barədə ABŞ-ın rəhbərliyi altında koalisiya güclərinin sözçüsü Ryan Dillon deyib. Onun sözlərinə görə, Afrin koalisiya güclərinin əməliyyat sahəsinə daxil deyil.

Analoji bəyanatı ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrian Rankin-Qollivay da verib.

ABŞ-ın “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etməsindən sonra Fərat çayının şərqi Türkiyənin milli təhlükəsizlik məsələsinə çevrilib. Ankara Fəratın şərqinin terrordan təmizlənməsi üçün ilk olaraq diplomatik alətlərindən istifadə edəcək.

Lakin ekspertlər, ABŞ və Türkiyə arasında hərbi toqquşma ehtimalını yüksək qiymətləndirirlər.

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Hulisi Akar yanvarın 18-də Rusiyaya səfər edib. Yüksək vəzifəli rəsmilər Moskvada Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Türkiyə Rusiya ilə Afrin əməliyyatıyla bağlı məsləhətləşmələr aparır. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Müdafiə naziri Nurəddin Canikli söyləyib.

“Biz Afrində əməliyyatlara hazırlaşırıq. Bunun üçün lazımı addımlar atırıq. Rusiya və regionun digər maraqlı ölkələri ilə koordinasiya qurmağa çalışırıq. Onların baxışlarını bizim mövqe ilə yaxınlaşdırmaq lazımdır”, – deyə o bildirib.

Rusiya Afrin əməliyyatında hava məkanından istifadə üçün Türkiyəyə icazə verməyəcəyi halda, Ankara “B planı”nı tətbiq edəcək. Bu haqda “Haber7” saytı yazıb.

Türkiyə Silahlı qüvvələrinin həyata keçirəcəyi Afrin əməliyyatı öncəsi rus əsgərləri bölgədən geri çəkilməyə başlayıb. Türkiyə KİV-inin xəbərinə görə, Türkiyə sərhədində olan 170 rus əsgəri 17 kilometr cənuba çəkiləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonradan bu xəbəri təkzib etdi.

Türkiyə Silahlı qüvvələrinin “Fərat Qalxanı” əməliyyatından sonra Suriyada həyata keçirəcəyi ikinci əməliyyatın detalları məlum olub. Türkiyənin “Sabah” qəzeti xəbər verir ki, “Mehmetcik” üç mərhələdən ibarət əməliyyat planı çərçivəsində PYD terrorçularını məhv edəcək.

Məlumata görə, Türkiyə Silahlı qüvvələrinin Baş qərargahında qurulan xüsusi qrup Suriyadakı hərbi əməliyyatın strategiyasını tamamlayıb. “İsti plan” adlandırılan hərbi strategiyanın detalları aşağıdakılardır.

Yanvarın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. 4 saat 20 dəqiqə davam edən toplantıdan sonra verilən yazılı açıqlamada Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirilir.

Türkiyə Silahlı qüvvələri faktiki olaraq Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə ordusu növbəti əməliyyatını Suriyanın Münbic bölgəsində keçiriləcək.

“Terror təşkilatlarına etibar etməyinin nə qədər yanlış olduğunu öyrənəcəklər. Bu bölgədə Türkiyədən başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər. Türkiyənin əli-qolu bağlı oturacağını hesab edirlərsə, səhv edirlər. Artıq ABŞ-ın nə dediyi bizi maraqlandırmır”, - Ərdoğan bildirib.

Türkiyə Silahlı qüvvələri YPG-yə qarşı Afrində ilk qələbəsini qazanıb. Yerli mənbələrin verdiyi məlumata görə, ötən gecə Hatay vilayətinin Afrinin bölgəsinin qərbindəki Baliye kəndinə doğru Türkiyə hərbçilərinin dəstəyi və zirehli texnikanın tətbiqi ilə əməliyyat təşkil edilib.

Yeni Suriyanın qurulması üçün ABŞ-a Türkiyə ilə əməkdaşlıq zəruridir. Bu barədə Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson yanvarın 18-də bildirib.

"Suriyanın gələcəyinin təminatı üçün Türkiyə ilə əməkdaşlıq bizə zəruridir”, - deyə o, Kaliforniyada, Stenfordsk Universitetindəki çıxışında bəyan edib.

Tillersonun sözlərinə görə, ABŞ Türkiyənin ölkədəki vəziyyətlə, xüsusən kürd təşkilatlarının - hansılar ki, ABŞ və Türkiyə terror hesab edilirlər - fəallığı ilə bağlı narahatlığını anlayır.

ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanvarın 17-də verdiyi bəyanatla “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da mövzu ilə bağlı açıqlama verib.

“Türkiyənin cənubunda bir terror dəhlizinin yaradılması 4 ölkənin – Türkiyə, İran, İraq və Suriyanın intiharı deməkdir”. Bunu “Yeni Şəfəq” nəşrinin internet saytında yayımlanan “Sosial şərh” proqramında siyasi şərhçi İbrahim Karagül deyib.

“Türkiyənin Afrində həyata keçirəcəyi hər hansı hərbi əməliyyat Suriyaya hücum kimi qiymətləndiriləcək”. Bunu Suriyanın xarici işlər nazirinin müavini Faysal Mikdad bildirib.

O qeyd edib ki, Türkiyənin döyüş təyyarələri Suriyaya müdaxilə edəcəyi halda, ölkənin hava hücumundan müdafiə sistemləri onları vurmağa hazır olacaq.

“Vaşinqton Suriyanın ərazi bütövlüyünü saxlamaq istəmir”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov 2017-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin nəticələri ilə bağlı keçirilən mətbuat konfansında deyib.

Lavrov qeyd edib ki, türk həmkarlarının İdlibdə yeni müşahidə məntəqələrini mümkün qədər tez bir zamanda yaratmasına ümid edirlər.

“Səhv etmirəmsə, indiyə qədər 3 müşahidə məntəqəsi tamamlanıb. Ümumi say isə 20 olmalıdır. Bunlar rəsmi təmaslar zamanı müzakirə edildi. Bizə bu işin sürətləndiriləcəyi barədə zəmanət verdilər. Bütün bunların İdlibdəki vəziyyətin stabilləşməsinə yardım edəcəyinə ümid edirəm”, - Lavrov bildirib.

ABŞ Suriyada böyük müharibəyə hazırlaşır. Bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin üzvü İqor Morozov Şimali İraq kürd muxtariyyətinin “Rudav” telekanalına açıqlamasında deyib.

“Moskvadakı müşahidəçilərinin əksəriyyəti ABŞ-ın Suriyada böyük müharibəyə hazırlaşdığını düşünür”, - o bildirib.

Rusiyalı senatorun sözlərinə görə, ABŞ-ın dəstəklədiyi kürdlərin və digər qüvvələrin müharibədə qarşı-qarşıya gələcəyi uzaq ehtimal deyil.

ABŞ Suriyada İŞİD-in tam məhvinə qədər bu ölkədə mövcudluğunu davam etdirəcək. Bu barədə Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson bildirib.

O, qeyd edib ki, ABŞ Suriyada hərbi mövcudluğunu saxlayacaq ki, İŞİD yenidən meydana çıxmasın. “Bizim mövcudluğumuz müəyyən şərtlərə əsaslanacaq", - deyə o, Kaliforniyada Stenford Universitetindəki çıxışında deyib.

İranda Avropa şirkətlərinin çoxmilyardlı müqavilələri təhdid altındadır. Bunun səbəbi isə ABŞ prezidenti Donald Trampın Tehranla nüvə razılaşmasından çıxmaq niyyətində olmasıdır.

D.Tramp "altılıq" qrupunun (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya – red.) Tehranla bağladığı nüvə sazişinin şərtlərinə daha 120 gün riayət etmək niyyətində olsa da, Vaşinqtonda İrana qarşı əvvəlki sanksiyaların qayıdışını istisna etmirlər.

Fələstin lideri Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının Mərkəzi Şurasında çıxışı zamanı ABŞ tərəfindən irəli sürülən sülh planına etiraz etdiyini bildirib. O deyib ki, ABŞ prezidenti Donald Trampın Qüds haqqında qərarından sonra Fələstin bu mövzuda ABŞ-la razılaşmayacaq: "Fələstin Trampın bu planını qəbul etməyəcək. Biz heç kəsdən təlimat almayacağıq”.

Vaşinqton Fələstin qaçqınlarına yardım edən BMT-nin Yaxın Şərq Agentliyinə etdiyi ödənişləri azaltmaq haqqında qərar qəbul edib. ABŞ-ın yardımlarının 125 milyon dollardan 60 milyona qədər endirildiyi bildirilir.

Bu məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert də təsdiqləyib. Onun sözlərinə görə, bu vəsait muxtariyyətin saxlanılması üçün yetərli olacaq. O, ABŞ-ın Fələstin üçün yeganə böyük donor olmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Fələstin bundan öncə İsraili müstəqil dövlət kimi tanımadığını bəyan edib.

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 13-cü konfransının yekun bəyanatında Donald Trampın İsraildəki ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarı ləğv edilənə qədər İsraillə diplomatik və iqtisadi münasibətləri olan ölkələrin həmin əlaqələri kəsməsi barədə çağırış edilib.

“Biz Qüdsün sionist rejimin paytaxtı olaraq tanınması barədə ABŞ-ın birtərəfli qərarını qəti şəkildə qınayırıq. Qərarın beynəlxalq sülhə, təhlükəsizliyə təhdid və fələstinlilərin hüquqlarına qarşı tammiqyaslı təcavüz olduğunu düşünürük”, - yekun bəyanatda deyilib.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini açıqlayıb.

ABŞ Təl-Əvivdəki səfirliyini 2019-cu ildə Qüdsə köçürəcək. Bu haqda mənbələrə istinadən “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Daha əvvəl administrasiyadan iddia edirdilər ki, səfirliyin köçürülməsi prezident Donald Tramp səlahiyyət müddətinin sonuna (2021-ci il yanvarın 20-si - red.) olmayacaq. Ancaq nəşrin yazdığına görə, ABŞ-ın prezident administrasiyası köçürülmə ilə bağlı plan hazırlayıb.

Rusiya, ABŞ, ABŞ-Qərb münasibətləri

ABŞ-ın yeni nüvə doktrinası Avropada yaradılan və Rusiyaya zərbə endirməyə kömək edən infrastrukturun müdafiəsinə yönəlib. Bu sözləri öz Feysbuk səhifəsində Rusiya Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski söyləyib.

“ABŞ-ın sürətli qlobal zərbə üçün Şimali Koreya və İrandan raket zərbəsi bəhanəsi altında Polşa ilə Rumıniyada infrastruktur yaratması heç kəsə sirr deyil. Amerikalılar bu işdə kifayət qədər davamlıdırlar. Onların yaratdığı infrastruktur Rusiyaya qlobal zərbə endirməyə imkan verir. İndi ABŞ yeni doktrina qəbul etməklə bu infrastrukturun müdafiəsinə çalışır”, – deyə o bildirib.

ABŞ və Qərb dünyada öz dominantlığını itirir. Bunu mətbuat konfransında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“ABŞ və Qərb dünyada 500 ildir dominantlıq etdiyi mövqelərini itirir. Dünyada yeni iqtisadi artım mərkəzləri, maliyyə gücləri yaranır. ABŞ beynəlxalq sistemə adaptasiya olub, yeni güc mərkəzləri ilə bərabərhüquqlu dialoq aparmaq əvəzinə, qeyri-legitim olan metodlara baş vurur”, - Lavrov bildirib.

ABŞ-ın Yaponiyada yerləşdirdiyi raket hücumundan müdafiə sistemlərinin Rusiyaya qarşı olduğuna dair bir çox sübutlar var. Bu haqda Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyanın əldə etdiyi məlumatlar onu göstərir ki, “Aegis Ashore” sistemi universal işəsalma qurğularına malikdir və zərbə silahlarını tətbiq etməyə qadirdir.

Baltikyanı ölkələr ərazilərində NATO qoşunları yerləşdirərək ABŞ-ın girovu olublar. Bunu “Sputnik” agentliyinə müsahibəsində Milli Təhlüksizlikdə İctimai Problemlərin Öyrənilməsi Mərkəzinin rəhbəri və istefada olan polkovnik Aleksandr Jilin bildirib.

“Faktiki olaraq, Amerikanın hücum silahları yerləşdirilənə kimi nə Latviya, nə Litva, nə Estoniya, nə də Polşa və Rumıniya bizim nüvə güclərimizin strateji hədəflərinin siyahısına daxil idi. Biz ümumiyyətlə, onlara ciddi rəqib kimi baxmırdıq. Və onların təhlükəsizliyi yüksək səviyyədə idi”, - ekspert deyib.

Jılin vurğulayıb ki, münaqişə, həmçinin III Dünya müharibəsi halında məhz bu ölkələr hərbi toqquşmaların mərkəzində olacaqlar.

Kiçik gücə malik nüvə silahının yeni nümunələrinin hazırlanması ABŞ-ın Rusiya və Çinlə müharibə riskini artıracaq. Bu haqda ekspertlərə istinadən “Newsweek” yazıb.

Qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə silahının iki yeni nümunəsi hazırlayır. Xüsusi halda, yeni nüvə doktrinasında “Ohayo” sinfinin sualtı qayıqlarında yerləşdirilən “Traydent” sualtı raketləri üçün kiçik gücdə olan nüvə döyüş başlıqlarının yaradılması yer alıb.

Pentaqonun bu qərarı nüvə imkanlarının elastikliyinin artırılmasına olan ehtiyacla izah olunur. ABŞ öz nüvə silahlarını “çox böyük və güclü hesab edir. İdarənin fikrincə, Rusiya və bütün dünya ABŞ-ın nüvə silahından istifadə ehtimalının yüksəldiyini anlayacaq.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir. Bunu Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı Avropa Şurasının rəhbəri Donald Tusk söyləyib.

“Biz üç il yarım ərzində Rusiya aqressiyası qarşısında ukraynalılara aktiv yardım etmişik. Biz bu kursu davam etdirəcəyik”, – deyə o bildirib.

ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaları yanvarın 29-da elan ediləcək. Bu haqda ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman bildirib.

Neçə nəfərin ABŞ-ın yeni sanksiyalarına məruz qalacağına gəlincə, səfir dəqiq cavab verməyib. O əlavə edib ki, yeni sanksiyaların Rusiya-ABŞ münasibətlərinə təsir edəcəyi şübhə doğurmur.

NATO-nun şərq hissəsinin gücləndirilməsi davam edəcək. Bunu NATO Baş katibi Yens Stoltenberq və NATO-nun Avropadakı qoşunlarının rəhbəri Kertis Skaparotti ilə görüşdən sonra Polşa Daxili İşlər naziri Mariuş Blaşak söyləyib.

“Hər iki həmsöhbətim şərq sərhədlərinin gücləndirilməsinin davam edəcəyinə əmin etdilər. Bu, Polşa üçün böyük imkanlar deməkdir. Biz bunu illərdir gözləyirdik”, – deyə o bildirib.

“Moskvanın yenilənmiş hərbi potensialından Avropaya qarşı istifadəyə hazır olması istisna edilmir”. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford NATO-nun Hərbi komitəsinin Brüsseldə keçirilən müşavirəsində deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Silahlı qüvvələrinin müasirləşdirilməsindən narahatdır. Amerikalı general qeyd edib ki, Rusiyada son 10 il ərzində silahlı qüvvələrdə müasirləşdirilməyən heç bir qoşun növü yoxdur.

“Dirilən Rusiya qitədə ən böyük təhdiddir. Buna görə də ittifaq şərq qonşusunun qarşısının alınması üçün regiona hərbi texnika və hərbçilər yerləşdirir. Onların (Rusiya – red.) davranışına baxın. Dönün, Gürcüstan və Ukraynaya baxın”, – o bildirib.

Böyük Britaniya Avropa Birliyinin üzvü olaraq qalmalıdır. Bunu Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.

“Mən Britaniyanın AB-dən ayrılmasını fəlakət sayıram. Biz istəyirik ki, onlar qalsınlar. Əgər onlar bunu istəsələr, o zaman yeni imkan verilməlidir”, – deyə o bildirib.

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib. S.Lavrov bu barədə BMT Təhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib.

“Rusiyanın Nüvə Silahlarının Qadağan Olunması Müqaviləsinə qoşulmaq niyyəti yoxdur. Çünki hesab edirik ki, nüvə silahının ləğvi yalnız ümumi, hərtərəfli və tam silahsızlaşdırılma kontekstində, Nüvə Silahının Yayılmaması haqqında müqavilə ilə hamı üçün (o cümlədən nüvə ölkələri üçün) nəzərdə tutulmuş bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi şəraitində mümkündür”, - deyə Lavrov qeyd edib.

S.Lavrov Rusiyanın nüvə partlayışlarına qoyulan qadağanın uzadılmasını dəstəklədiyini bildirib.

ABŞ 2017-ci ildə ticarət sektorunda rekord qıran Çinə mane olmaq üçün iqtisadi müharibə başlada bilər. “Wall Street Journal” qəzetinin məlumatına görə, Ağ Ev Çinin ixracatlarına qarşı özəl plan və məhdudiyyətlərdən ibarət yeni “silah” hazırlayır. ABŞ-ın Çinin iqtisadi sürətinə mane olmaq üçün elan edəcəyi müharibə isə “Titanların savaşı” adlandırılıb.

Məqalədə “ABŞ daha öncə Çin kimi iqtisadi gücü, qlobal hədəfləri olan bir rəqibə rast gəlməyib. Yaponiya ABŞ-ın müttəfiqidir, buna görə bu ölkənin təhlükəsi olmayıb. Ancaq Çin getdikcə Amerikanın rəqibinə çevrilir” ifadələri yer alıb.

Şimali Koreyanın nüvə təhdidlərindən sonra Çin ilə ABŞ arasındakı ticarət müharibəsi dünya iqtisadiyyatını alt-üst edəcək.

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) “Yeni müdafiə strategiyası” hazırlayıb. Sənəddə ABŞ üçün əsas təhdidlər açıqlanıb.

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir. Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson “Qardiyan” nəşrinə açıqlamasında deyib.

“Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib.

Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir:

“Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.

ABŞ Koreya böhranının həlli üzrə “ikiqat dondurulma” planını rədd edir. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətləri arasında yanvarın 17-da danışıqlar keçirilib. Danışıqlarda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında KXDR idmançılarının iştirakı imkanları və detalları müzakirə ediləcək. Danışıqlar silahsızlaşdırılmış zonada yerləşən Pxanmundjom məntəqəsində keçirilib.

Qeyd edək ki, KXDR-in olimpiadada iştirakı haqqında prinsipial razılıq yanvarın 9-da əldə edilib.

Şimali və Cənubi Koreya Qış Olimpiya Oyunlarında eyni bayraqla təmsil olunmaq barədə razılıq əldə edib. Ölkələrin hansı bayraqla mötəbər yarışda təmsil olunacağı bildirilməyib.

ABŞ-ın Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində (2018-ci ildə fevralın 9-dan 25-dək keçiriləcək - red.) Koreya Xalq Demokratik Respublikasının lideri Kimdə Çen Ina təzyiqı artıracaq və onun barəsində “yavaş-yavaş boğulma” siyasətini tətbiq edəcək. Bunu hərbi ekspert Oleq Jdanov “Apostrof” nəşrinə bildirib.

Ekspert ABŞ-ın dövlət katibi Reks Tillersonun dünən verdiyi bəyanatı xatırladıb.

Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçməyə kömək edir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Rusiya bizə Şimali Koreya məsələsində yardım etmir. Bizə Çin dəstək verir. Çinin bu köməyini isə Rusiya dəyərsiz edir. Moskvanın sayəsində əldə etdiyimiz bütün nəticələr yox olur”, - Tramp bildirib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə döyüş başlıqlarının miqdarı barədə səsləndirilən rəqəmlər bütövlükdə həqiqətə uyğundur. Bu haqda Rusiya hərbi eksperti, “Vətənin Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovskiy “RİA-Novosti” agentliyinə bildirib.

Onun sözlərinə görə, yüklərin belə miqdarı Pxenyana ehtiyac olduğu halda cavab zərbəsini vurmağa imkan verir.

Konqresin Nümayəndələr Palatasının 33 üzvü ABŞ prezidenti Donald Trampa məktub yazaraq Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb.

"Şimali Koreya ilə hərbi əlaqələri bərpa et. Şimali Koreya dünyada ABŞ-ın hərbi səviyyədə informasiya mübadiləsi olmayan yeganə nüvə ölkəsidir. Sən əlindən gələni etməlisən ki, iki ölkə arasındakı münaqişələr genişlənməsin. Məsələ nüvə müharibəsinə gedib çıxmamış, bu problemlər həll edilməlidir", - məktubda deyilir.

Məktubla bağlı ABŞ prezidenti heç bir cavab verməyib.

“Pxenyanı nüvə proqramından imtinaya məcbur etmək məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına ən məhdudlaşdırılmış hərbi zərbələr faciəli nəticələrə gətirib çıxara bilər”. Belə xəbərdarlıqla İraq müharibəsinin veteranları - İllinoys ştatından demokrat senator Temmi Dakuort və Arizona ştatından demokrat senator Ruben Qalleqo çıxış edib.

Onların xəbərdarlığı ABŞ-ın dövlət katibi Reks Tillersonun Şimali Koreya ilə bağlı son bəyanatından sonra verilib. Tillerson qeyd edib ki, nüvə və raket proqramlarından imtina etməyəcəyi halda, müharibənin başlanması istisna edilmir.

“Pxenyan hücumdan bir neçə saat sonra – müttəfiqlər Şimali Koreyanın artilleriyasını məhv etməyə vaxt tapmadan Seulda və ətraf rayonlarda yaşayan yüz minlərlə Cənubi Koreyalını və amerikalını məhv edə bilər. Bundan sonrakı həftələr və aylar ərzində hər gün on minlərlə insan həlak olacaq”, - qanunvericilər bildiriblər.

Ukrayna

“Rusiya Krımda keçirilən referendumdan sonra yaranmış vəziyyət çərçivəsində Ukraynanın ərazi bütövlüyünə hörmət edir”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov 2017-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin nəticələri ilə bağlı keçirilən mətbuat konfansında deyib.

“ABŞ “Javelin” tank əleyhinə raket komplekslərini yarım il ərzində Kiyevə verə bilər”. Bunu Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Viktor Mujenko bildirib.

Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunu qəbul edib. Sənədi Ali Radanın 280 üzvü dəstəkləyib. Qanunda Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi göstərilib.

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu təsdiq edib. O, qanunu “Krım üçün siqnal” adlandırıb.

Ukrayna Ali Radasında Donbasın reinteqrasiyası haqqında qanunun qəbulu Kiyevin yeni müharibəyə hazırlığının sübutudur. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, qanun Donbas münaqişəsinin güc yolu ilə həllini nəzərdə tutan xəttin qanunvericilikdə təsdiqlənməsidir.

ABŞ Prezidenti Donald Tramp Donbas konfliktinin həlli ilə bağlı danışıqların aparıldığı məkanın dəyişdirilməsini istəyir. Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib.

“Biz “Minsk-1” danışıqlarının dalana dirəndiyini, o zaman “Minsk 2” danışıqlarına başlanması gərəkdiyini bildirdik. O isə məndən bunun başqa yerdə keçirilməsini istədi. Hazırda Minsk razılaşmaları dalana dirənib”, – deyə o bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR