• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qarabağda yeni müharibənin SƏBƏBLƏRİ, Azərbaycan Ordusu HƏRƏKƏTƏ KEÇİR... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Qarabağda yeni müharibənin SƏBƏBLƏRİ, Azərbaycan Ordusu HƏRƏKƏTƏ KEÇİR... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. ABŞ kəşfiyyatı 2018-ci ildə Dağlıq Qarabağda müharibənin başlayacağını proqnozlaşdırıb. Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı erməniləri məyus edəcək bəyanat verib. “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. İranla nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Rusiya ABŞ-ı neoimperiya ambisiyasını nümayiş etdirməkdə ittiham edib. NATO ölkələri Rusiyanın sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirəcək. KXDR Koreya yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə edib. Ardınca isə ABŞ prezidenti Donald Trampın KXDR-dən lideri Kim Çen Inla may ayına qədər görüşə biləcəyi barədə məlumat yayıldı. İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin yaxınlıqda böyük gücləri toplayır.

Azərbaycan, Dağlıq Qarabağ

Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların təmiri və təkmilləşdirilməsi həyata keçirilib. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, ötən il müdafiə xərclərinə dövlət büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən 17-dək müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

“Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü deyil, bu üzdən Xankəndinə qurum tərəfindən hərbi dəstək verilməyəcək”. Bunu KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov deyib.

O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur. Bunu ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer deyib.

Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək.

“Amerikanın kəşfiyyat cəmiyyəti belə nəticəyə gəldi ki, Suriya münaqişəsinin gedişatında prezident Bəşər Əsədin xeyrinə həlledici uğur qazanılıb və ABŞ-ın dəstəklədiyi müxalifəti artıq onu devirməyə qadir deyil”. Bu haqda ABŞ Milli Kəşfiyyat Direktorluğunun İdarəsi tərəfindən çərşənbə günü dərc edilən "Kəşfiyyat birliyi tərəfindən dünya üzrə təhdidlərin qiymətləndirilməsi" adlı məruzənin qeyri-məxfi versiyasında deyilir.

Məruzədə həmçinin Ukraynada daxili qeyri-sabit vəziyyət, Rusiyadakı prezident seçkilərində Vladimir Putinin qələbəsi və Dağlıq Qarabağda münaqişənin ciddi eskalasiyası proqnozlaşdırılır.

Türkiyə, İran, Yaxın Şərq

Martın 6-da Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış böhranı müzakirə ediblər.

Telefon danışığı zamanı R.T.Ərdoğan V.Putini Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə məlumatlandırıb. Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.

Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini əldə etməsi NATO-da ciddi qorxulara səbəb olub. Bu haqda ittifaqın hərbi komitəsinin başçısı Pyotr Pavelə istinadən “Breaking Defence” nəşri yazıb.

Hərbi-siyasi blokun nümayəndəsinin sözlərinə görə, “S-400” NATO-nun texnologiyalarına uyğun gəlmir və ittifaqın hava hücumundan müdafiə sisteminə birləşdirilməmiş ayrı vahid kimi tətbiq ediləcək. Pavel qeyd edib ki, əsas problem Türkiyədə NATO-nun hərbi strukturu haqqında operativ informasiya ilə bağlıdır.

Türkiyə və ABŞ arasında Suriya münaqişəsi üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün komitənin qurulmasından əvvəl Konqresdə Türkiyə əleyhinə gizli bir toplantı keçirilib. Konqresdəki mənbələrdən əldə edilən məlumatlara görə, toplantıda Türkiyənin küncə sıxışdırılması üzrə planlar müzakirə edilib.

“Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyat may ayına qədər bitəcək”. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Nazir bundan sonra İraqda PKK terror təşkilatına qarşı əməliyyatın keçiriləcəyini deyib.

“Əməliyyat İraqdakı seçkilərdən (2018-ci il mayın 12-də İraqda yerli və parlament seçkiləri keçiriləcək –red.) sonra birgə keçirilə bilər. Bağdad ilə razılaşma var”, - o vurğulayıb.

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı yanvarın 2-də başlayıb. Məqsəd Afrini PKK/PYD/YPJ terror təşkilatından təmizləməkdir.

Türkiyə KİV-inin yazdığına görə, Türkiyə Silahlı Qüvvələri və ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə üçmərhələli planla irəliləyir. Şimal, qərb və cənubdan irəliləyən birliklər birinci mərhələdə şəhəri mühasirəyə alacaq. İkinci mərhələdə terrorçuların mövqeləri bombardman ediləcək.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Martın 8-də Cinderes qəsəbəsinin mərkəzi ələ keçirilib. Qeyd edək ki, Cinderes Afrində ən strateji nöqtələrdən hesab olunur.

Türkiyə Silahlı Qüvvələri və ASO martın 9-da Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb. Birliklər həmçinin, Afrinlə Azezi içməli su ilə təmin edən bəndə nəzarəti təmin edib.

“Zeytun budağı” əməliyyatı çərçivəsində qazanılan qələbələr Türkiyənin də üzvü olduğu NATO-da ciddi narahatlıq yaradıb. NATO baş katibinin müavini Rouz Qetemüller Türkiyədən “Zeytin budağı” əməliyyatının ərazi və zaman baxımından məhdudlaşdırılmasını istəyib.

"Zeytun budağı” hərəkatında PKK/PYD/YPG terrorçularının ağır zərbələr alması ABŞ-ı əlavə yollara əl atmağa məcbur edib. ABŞ 1996-cı ildən Quam adasında xüsusi təlim verdiyi terrorçuları Afrinə göndərməyə başlayıb.

Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları uğurla başa çatıb. Türkiyənin Müdafiə Səneysi Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə Afrinə göndəriləcəyi bildirilib.

Rusiya istehsalı olan “S-400”lərlə eyni prinsiplər işləyən “Akkor Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı tanklara birləşdiriləcək. Nazilriyin nümayəndəsi İsmayıl Dəmirin verdiyi açıqlamaya görə, sistem tanklara qısa müddətdə uyğunlaşdırılacaq: ““Akkor Pulat” bu anlamda dünyada ilk dəfə müharibə zonasında istifadə edilən aktiv müdafiə sistemi olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Nurəddin Canikli hərbi zavodlarda 5 km məsafədən nəzarət edilə bilən sistem üzərində işlədiklərini açıqlamışdı.

ABŞ-ın Türkiyədəki səfirliyinin terror xəbərdarlığından sonra Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 20 şübhəlinin saxlanılması barədə qərar verilib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilib.

İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin yaxınlıqda böyük gücləri toplayır. Bu haqda “Al-Masdar News” nəşri yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, çox güman ki, terrorçular Fərat və Xabur çayları boyun üzrə yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaqlar. Sözügedən bölgədə kifayət qədər böyük şəhərlər, həmçinin bir sıra neft yataqları var.

Əgər informasiya düzgündürsə, minlərlə döyüşçünün hədəfi Deyz-ez-Zor və El-Haseke əyalətlərində yerləşən və ABŞ tərəfindən dəstəklənən qruplaşmalar (söhbət “Suriya Demokratik Gücləri”ndən gedir, əsas hissəsini PYD təşkil edir – red.) ola bilər. Nəşr qeyd edir ki, onların mövqeləri hökumət gücləri və İraq gücləri ilə müqayisədə kifayət qədər zəifdir.

Bundan başqa, bildirilir ki, İŞİD yenidən qruplaşmağa vaxt tapıb, çünki ona qarşı duran silahlı qruplaşmaların bir hissəsi mövqelərini tərk edərək Afrinə yollanıb. Məqsəd burada “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı döyüşməkdir.

“Al-Masdar News” əlavə edir ki, Fəratın şərq sahilində yerləşən səhra rayonlarında (Fəratın şərq sahilinə ABŞ nəzarət edir –red.) İŞİD-in minlərlə döyüşçüsü qalıb.

“Al-Masdar News”ın xəbəri isə Türkiyənin “Yeni Şəfəq” nəşrinin irəli sürdüyü iddiaları gücləndirir. Daha əvvəl “Yeni Şəfəq” nəşri xəbər verib ki, ABŞ dünyaya ““Zeytun budağı” əməliyyatı diqqətləri İŞİD-lə mübarizədən yayındırır” tezisini yaymağa və İŞİD təhdidi ilə bağlı təşviş yaratmağa çalışır. Bildirilir ki, “Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə planları pozulan ABŞ Türkiyəyə qarşı İŞİD kartından istifadə etməyə çalışır.

Suriyada Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Bu haqda Rusiya Müdafiə Nazirliliyindən bildiriblər. İlkin məlumatlara görə, təyyarənin içində 26 sərnişin və ekipajın altı üzvü var idi. Onların hamısı həlak olub. Qəza Xmeymim aerodromuna eniş zamanı, yerli vaxtla saat 15:00-da baş verib.

İlkin informasiyaya görə, qəzanın səbəbi texniki nasazlıq ola bilər. Təyyarəyə atəş açılmadığı bildirilir. Müdafiə Nazirliyinin komissiyası qəzanın bütün mümkün versiyalarını öyrənəcək.

Tehrandan İran-Türkiyə münasibətlərinin gərginləşdirəcək növbəti bəyanat gəlib. İranın dini lideri ayətullah Əli Xameneinin hərbi məsləhətçisi general Yəhya Rəhim Səfəvi Türkiyəni Suriyanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.

“Zeytin budağı” hərəkatı çərçivəsində Suriyanın Afrin bölgəsində daxil olan türk əsgərlərini “işğalçı” adlandıran hərbi məsləhətçi hərəkatın mümkün qədər tez dayandırılmasını gözlədiklərini bildirib.

Xatırladaq ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyi Ankaradan yanvarın 20-də başlayan “Zeytun budağı” hərəkatının dayandırılmasını tələb edib.

Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək. Bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti bildirib.

ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin “Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz axtarışlarına başlayacaq. “Milliyyət” nəşrinin yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll edilməsə, yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə (adanın yunan və türk hissəsi – red.) aid olduğuna dair Ankaranın tezisi qəbul edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın döyüş gəmiləri qarşı-qarşıya gələ bilər.

İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir. Bu haqda İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Aleksandr Ben-Svi bildirib.

ABŞ-ın Suriyadakı əməliyyatlarının müddəti uzana bilər. Bu sözləri Pentaqon nümayəndəsi, general Adrian Rankin Hollavey jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın müttəfiqi olaraq qalacaq:

“ABŞ Suriyada öz məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin daha da gərginləşməsi işi mürəkkəbləşdirir”.

ABŞ Prezident Administrasiyası Suriya hakimiyyətinə qarşı yeni hərbi aksiyaları nəzərdən keçirir. “Vaşinqton Post” qəzeti Trampın öz müşavirlərindən Əsədin kimyəvi hücuma görə necə cəzalandırılması gərəkdiyi barədə variantlar təqdim etmələrini istədiyini yazıb. Prezidentin təşkil etdiyi xüsusi iclasda Administrasiya rəhbəri Con Kelli, Milli təhlükəsizlik üzrə müşavir Herbert Makmaster və Müdafiə naziri Ceyms Mettis iştirak edib. İclas zamanı Mettis hərbi hücuma qarşı çıxıb, Makmaster isə bunu tam dəstəkləyib.

ABŞ Müdafiə Nazirliyi yayılan informasiyanı tam təkzib edib.

Qeyd edək ki, ABŞ sonuncu dəfə Suriya hökumətinə keçən ilin aprelində hücum edib. Əsəd rejiminə aid olan bazaya 59 qanadlı raket endirilib.

Əgər İranla nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Maykl Pens söyləyib.

“Ağ Ev indiyə qədər İrana münasibətdə yenidən məhdudlaşdırıcı tədbirlərə yönəlməkdən çəkinib. Bununla da biz nüvə razılaşması ətrafında yaranan fikir ayrılığını həll etməyə çalışmışıq. Bu, onların son şansıdır. Əgər İran nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Vaşinqton heç bir zaman imkan verməyəcək ki, İran nüvə silahına sahib olsun” – deyə o bildirib.

Avropa və ABŞ nüvə razılaşmasının şərlərini pozub və buna görə də Tehrana öz şərtlərini diktə etmək haqqına sahib deyillər. Bunu “Etemad” qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.

“Hazırda iki tərəf nüvə razılaşmasının şərtlərini pozub. Bunlar ABŞ və Avropadır. Amerikalılar bunu Vaşinqtonun siyasətinə görə, avropalılar isə ABŞ-ın siyasətinə görə pozublar. Avropa verdiyi sözlərə əməl etməyib”, – deyə o bildirib.

Qeyd edək ki, Prezident Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı barədə bir neçə dəfə bəyanat səsləndirsə də, Avropa etiraz edirdi.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.

“Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində, onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş aparmaqdır”, - diplomat deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-ın sanksiyaları altında Rusiya iqtisadiyyatının əsas sahələri üzrə 422 hüquqi şəxs var.

Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnik Sergey Skripal naməlum maddə ilə zəhərlənib. “Sky News” kanalının xəbərinə görə, onun vəziyyəti hazırda kritikdir.

Kanal qeyd edir ki, əgər Britaniya müstəntiqləri bu işdə “Kremlin əli”ni aşkar etməyi bacarsalar, bu onsuz da sərin olan Moskva-London münasibətlərinə ciddi zərər verə bilər. Xəbərə görə, bir gün əvvəl ticarət mərkəzində halı pisləşən iki nəfər 66 yaşlı – Sergey Skripal və gənc qadın xəstəxanaya çatdırılıb. Qadının kimliyi açıqlanmır. Polis hazırda hadisənin keçmiş Rusiya casusunu öldürmək cəhdinin və bu hadisədə ümumiyyətlə, cinayət tərkibinin olub-olmadığını araşdırır.

Rusiya Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yaxasını qurtarmaq istəyir. Bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kots deyib. Onun sözlərinə görə, Rusiya bu sanksiyaları dəlməklə Qərbin birliyini pozmağa və onun Ukrayna ilə bağlı mövqeyini zəiflətməyə çalışır:

“Moskva antiamerika baxışlarını genişləndirir və bununla da demokratik proseslərə zərbə endirmək istəyir. Bunun üçün Rusiya təsir əməliyyatlarından yararlana bilər. Belə ki, çətinləşən indiki şəraitdə bu cür vəziyyət bahalı deyil və az risklidir.

Rusiya ABŞ və Avropadakı müttəfiqləri arasında münasibətləri zəiflətməyə, bununla da sanksiyalardan qurtulmağa çalışır. Rusiya dayanmayacaq və 2018-ci ildə daha cəsarətli və dağıdıcı kiberəməliyyatlar aparacaq”.

Sanksiyalar siyahısının genişləndirilməsi güc deyil, zəiflik əlamətidir. Bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyevin “Dünya nizamı 2018” filmində söyləyib.

Onun sözlərinə görə, sanksiyalarınn hədəfi Rusiyanın güclənməsinin qarşısını almaqdır.

Rusiyaya qarşı yaxın bir həftə ərzində yeni sanksiyalar elan edilə bilər. Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyatının rəhbəri Daniel Kots söyləyib. Onun özlərinə görə, hələlik bu sanksiyalar nəzərdən keçirilir.

Qeyd edək ki, ABŞ Maliyyə naziri Stiven Mnuçin də yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini demişdi.

NATO-nun Şərqi Avropadakı qoşunlarının sayı hazırda 12 min nəfərdir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə, KTMT-yə ən böyük təhdidlərdən biri Ukraynadakı gərgin vəziyyətdir.

O, Şərqi Avropada NATO qüvvələrinin sayının artmasını Rusiya və Belarusa təhdid adlandırıb.

NATO ölkələri Rusiyanın sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirəcək. Bu haqda ABŞ-ın Dəniz piyada qoşununun korpus komandiri, general Robert Neller bildirib.

General qeyd edib ki, təlimlərdə təxminən 45 min nəfər iştirak edəcək. Onun sözlərinə görə, təlimlər oktyabrda başlanacaq. Rusiya sərhədlərinin yaxınlığında, Norveçin sahillərində keçiriləcək təlimlərə onlarla gəmi və təyyarə, həmçinin maşın-amfibiyalar cəlb ediləcək.

“Əminik ki, Rusiya tərəfdən demarşlar olacaq”, - general deyib.

Qeyd edək ki, NATO ölkələri 2014-cü ildə Krımın Rusiyaya birləşməsindən sonra Avropada hərbi fəaliyyətini genişləndirməyə qərar verib.

ABŞ Rusiyanın istənilən hücumuna cavab verə bilər. Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Hayten söyləyib.

“Biz bütün təhdidlərə cavab verməyə hazırıq və heç kim bundan şübhə etməməlidir. Rusiya ABŞ-a kütləvi hücumdan başqa heç nə edə bilməz. Onlar hələ də bilmirlər ki, bizim sualtı qayıqlarımız harada yerləşir. Bu sualtı gəmilər onların ölkəsini məhv etməyə qadirdirlər”, – deyə o bildirib.

ABŞ başqa ölkələrin daxili işlərinə qarışaraq neoimperiya ambisiyasını nümayiş etdirir. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Amerikalılar bildirirlər ki, başqa ölkələrin daxili işlərinə müdaxiləni azadlıq və demokratiya üçün edirlər. Biz belə fəlsəfəni qətiyyən bölüşmürük. Mən belə yanaşmaları tamamilə neoimperiya ambisiyası hesab edirəm”, - nazir deyib.

Lavrov həmçinin əlavə etdi ki, Rusiya tərəfi oxşar hərəkətlərlə məşğul olmağa hazırlaşmır.

ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olan polad və alüminium barədə çoxdan gözlənilən qərarı qəbul edib. Məlumata görə, ölkəyə idxal olunan polad və alüminium üçün Meksika və Kanada istisna olmaqla digər ölkələrdən gömrük vergisi tətbiqinə başlanılıb.

Beləliklə, ABŞ-a polad idxal edən ölkələr 25 faiz, alüminium idxal edən ölkələr isə 10 faiz gömrük vergisi ödəyəcəklər.

Avropa Birliyi ABŞ-la ticarət müharibəsinə hazırlaşmır, ancaq ABŞ ticarət öhdəlikləri tələb edəcəyi halda cavab tədbirləri görməyə məcbur olacaq. Bu sözləri Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Federika Moqerini deyib.

“Düşünürəm ki, bu, hər iki tərəf və bütün dünya üçün fəlakət olardı. Biz birlikdə dünya ticarət həcminin 30 faizini təşkil edirik. Dünyaya, dünya iqtisadiyyatına, ABŞ və Avropaya bu lazım deyil. Biz bunu istəmirik və bu olmayacaq”, - Moqerini bildirib.

Moqerini həmçinin Trampın hər hansı bir həmləsi qarşılığında cavab veriləcəyini qeyd edib.

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə edib. Bu haqda Cənubi Koreya prezidentinin administrasiyasının xəbərində deyilir.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib. Bu barədə Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön bildirib.

"Prezident Kim Çen Inla may ayınadək görüşə razılıq verib", - deyə Çon In Yön bildirib.

"KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə təzyiq davam etdiriləcək", - deyə o əlavə edib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə dəvət edib.

CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.

"Şimali Koreya nüvə və raket sınaqları keçirməyəcək". Bu sözləri bir neçə gün əvvəl Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön ilə danışıqlar zamanı Şimali Koreya lideri Kim Çen In bəyan edib. O bildirib ki, ABŞ prezidenti ilə təkbətək görüş keçirəcək.

Mətbuata məlumat verən Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön onu da əlavə edib ki, bu barədə ABŞ prezidenti Donald Trampa da məlumat verilib: "Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib".

Şimali Koreya lideri Kim Çen İnlə danışıqlar aparılması barədə qərarı ABŞ Prezidenti Donald Tramp şəxsən qəbul edib. Bu barədə ABŞ Dövlət katibi Reks Tillerson danışıb.

“Bu qərarı prezident şəxsən qəbul edib. Mən səhər tezdən onunla qərarı barədə danışdım. Bizim çox yaxşı söhbətimiz baş tutdu. Prezident Tramp bir neçə dəfə danışıqlara açıq olduğunu söyləyib və bu şəraitdə məmnuniyyətlə Kim Çenlə görüşəcək. Məncə prezident artıq bunun vaxtının çatdığını düşünür”, - Tillerson bildirib.

Ukrayna

“Rusiya Ukrayna və Baltikyanı ölkələrə qarşı müharibə barədə fikirləşir. Bunun üçün artıq ordunun yerinin dəyişdirilməsinə başlanılıb”. Bu haqda öz tədqiqatında ABŞ-ın “Institute for the Study of War” analitik mərkəzi bildirib.

Qeyd edilir ki, Kreml Rusiya-Ukrayna, həmçinin Baltikyanı ölkələrlə (Estoniya, Latviya, Litva –red.) sərhəd boyu bir neçə hərbi bölmə yerləşdirib.

“Ukrayna ilə sərhəddə üç mexanikləşdirilmiş, Baltikyanı regionunda isə yalnız bir desant bölməsi yerləşdirilib. Bu, genişmiqyaslı mexanikləşdirilmiş müdaxilə üçün optimaldır”, - sənəddə deyilir.

Analitiklər ABŞ-ı və müttəfiqləri Rusiyanın hərbi hərəkətlərinin ən ehtimal edilən ssenarilərini öyrənməyə və NATO-nun müttəfiqlərini Rusiya mümkün təcavüzündən müdafiəsi üçün lazımı olan tədbirləri təkrar gözdən keçirməyə çağırıb.

Daha əvvəl Ukrayna KİV-i yazıb ki, Rusiya və Ukrayna arasında qaz müqavilələrinin pozulması vəziyyətin idarəolunmaz hala gəlməsinə, nəticədə, Kiyev və Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...