• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Qarabağ separatçıları ilə GİZLİ SÖVDƏLƏŞMƏ, 100 minlik ehtiyat QÜVVƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ separatçıları ilə GİZLİ SÖVDƏLƏŞMƏ, 100 minlik ehtiyat QÜVVƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. İran bütün müsəlman ölkələri ABŞ-a qarşı birləşməyə çağırıb. İsrail İranı müharibə ilə hədələyib. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla mümkün görüşdən danışıb. Şimali Koreyanın nüvə proqramından imtinanın arxasında başqa bir səbəbin olduğu iddia edilib.

Moskvada Ermənistan xarici işlər nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Edvard Nalbandyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Bu haqda brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktoru Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, görüşdə Ermənistandakı daxili siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə olunub.

“Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı, parlamentin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyaları bu gün davam edib.

Ermənistanın hakim Respublika Partiyası ilkin şərtlərsiz daxili siyasət böhranının həlli üçün bütün tərəflərlə istənilən məsələni müzakirə etməyə hazırdır. Bu haqda partiyanın mətbuat xidməti bildirib.

Partiyada liderin dəyişdirilməsi haqqında məsələnin müzakirəsinə başlanması haqqında razılaşma əldə edilib. Dünən sabiq prezident və keçmiş baş naziri və 1999-cu ildən partiyaya rəhbərlik edən Serj Sarkisyan partiyanın parlament fraksiyasına müraciət edib.

“Ermənistanın Respublika Partiyasının yeni sədrinin seçilməsi haqqında müzakirələrin başlanması haqqında razılaşma əldə olunub”, - aprelin 25-də Serj Sarkisyan və baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyanla Respublika Partiyasının parlament fraksiyasının görüşünün nəticəsinə görə dərc edilmiş bəyanatda deyilir.

Nikol Paşinyanla Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan arasında görüş olub. Bu haqda müxalifətin lideri feysbuk səhifəsində yazıb.

“İndi mən Qagik Çarukyanla görüşdüm. Biz yaranmış daxili siyasət vəziyyəti və ondan çıxışın mümkün yollarını müzakirə etdik. Konsultasiyalar davam edəcək”, - Paşinyan əlavə edib.

Görüş mətbuata qapalı keçirilib.

Xatırladaq ki, ötən gün Qagik Çarukyanla məşhur rusiyalı milyarder Samvel Karapetyan arasında görüş baş tutub. Karapetyanın Çarukyana baş nazir postunu və Respublika Partiyası ilə koalisiya hökuməti yaratmağı təklif etdiyi bildirilir. Çarukyan bu təklifi rədd edib və etirazlara qoşulub.

Mayın 1-də Ermənistan parlamenti xüsusi iclasında yeni baş nazirin seçilməsi məsələsini müzakirə edəcək. Bu haqda parlamentin spikeri Ara Babloyan bildirib.

Ermənistanın sabiq prezidenti, keçmiş baş nazir Serj Sarkisyanın hakim Respublika Partiyasının parlament fraksiyası ilə görüşündə baş nazir vəzifəsinə ehtimal edilən namizədlər məsələsi müzakirə edilib. Sarkisyan İrəvan qubernatoru Taron Markaryan və sabiq prezident Robert Köçəryanın namizədlikləri üzərində düşünməyi məsləhət görüb.

“Ermənistandakı hadisələrin arxasında böyük güclər var və mənim ən böyük qorxum, bu proseslərin Dağlıq Qarabağda toqquşmalara gətirib çıxaracağıdır”. Bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geosiyasət üzrə ekspert Konstantin Sokolov Ermənistanda Paşinyanın rəhbərlik etdiyi xalq hərəkatını şərh edərkən deyib.

Sokolov iddia edir ki, prosesləri idarə edənlər Suriyadakı döyüşçülərə yeni “iş yeri” düzəldir.

“Mümkündür ki, muzdluları Ermənistana göndərə və böyük qan tökə bilərlər. Müxalifətin aksiyasının arxasında ciddi maliyyə və planlar var. Ermənistan mürəkkəb geosiyasi vəziyyətdədir. Bir tərəfdə Azərbaycanla müharibə, digər tərəfdə, 1915-ci il məsələsinə görə Türkiyə ilə pis münasibətlər var, qonşu Gürcüstan və İranla da əlaqələr ürəkaçan deyil”, - deyə o bildirib.

Sokolova görə, Qarabağda toqquşmalar başlayarsa, xarici güclər Suriyadan döyüşçüləri regiona transfer edə və regional toqquşmalar yarada bilərlər.

Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq. Bunu Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi Vladimir Poqosyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilərlər.

Bütün müsəlman ölkələri ABŞ-a qarşı birləşməlidir. Bu haqda İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib.

“İran ABŞ və başqa dövlətlərin zülmünə müvəffəqiyyətlə müqavimət göstərir. Biz mübarizə aparmağa davam edəcəyik. Bütün müsəlman ölkələri Amerika və başqa zülmkar ölkələrə qarşı birləşməlidir”, - dini lider deyib.

NATO İranın raket proqramına görə narahatdır. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, bu proqram Yaxın Şərqin destabilizasiyası ilə bərabər, bu bölgəyə yaxın ərazilərdə olan gəmilərin hərəkətinə təhlükə yaradır.

Türkiyənin Rusiyadan S-400 sistemləri alması məsələsinə bir daha toxunan Stoltenberq Ankaranın NATO ölkələrindən birindən hava hücumundan müdafiə sistemi alacağına ümid etdiyini açıqlayıb.

İsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtonda yüksək vəzifəli amerikalı səlahiyyətlilərlə görüş öncəsi İranı müharibə ilə hədələyib. Nazir İranın hər hansı təhdidinə laqeyd qalmayacaqlarını və lazım gələrsə, Tehranı vuracaqlarını bildirib.

“İran Tel-Əvivə hücum edərsə, İsrail Tehranı vuracaq və Suriyada İsraili təhdid edən İranın hərbi birliklərini məhv edəcək”, - o vurğulayıb.

İsrailin hər hansı müharibə ilə maraqlanmadığını ifadə edən Liberman, ancaq Suriyadakı İranın varlığına maneə olmaq üçün əvəz ödəməyə hazır olduqlarını söyləyib.

Şimali Koreyanın sülh sazişi imzalanması üçün nüvə proqramından imtina etməyə hazır olduğu bildirilsə də, çinli elm adamları məsələnin arxasında başqa bir səbəb dayandığını iddia edib. Şimali Koreyanın nüvə sınaqlarını keçirdiyi poliqonda və Mantap dağı ərazisində əslində çökmə baş verdiyi və məhz bunun Kim Çenin geri addım atmasına səbəb olduğu bildirilib.

Şimali Koreyanın nüvə poliqonunun yararsız hala gəlməsinə səbəb kimi ötən ilin payızında baş verən qəzadır. Həmin vaxt partlayış nəticəsində əmələ gələn çatlardan radioaktiv maddə sızıntısı olduğu bildirilib.

İddia edilir ki, yeni nüvə sınağının həyata keçiriləcəyi halda bölgədə fəlakət baş verə bilər.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla mümkün görüşdən danışıb. Ağ Evin lideri görüş üçün 3-4 tarix və 5 məkan arasında seçim etməli olduqlarını bildirib.

Bir neçə gün əvvəl isə Tramp fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra bildirmişdi ki, Kim Çen Inla görüş çox tezliklə olacaq.

Qeyd edək ki, sabah Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Cay arasında görüş keçiriləcək. İyun ayına qədər isə Kim Çen Inın Donald Trampla görüşü planlaşdırılır.

Ukraynada ehtiyat qüvvə üzrə unikal sistem yaradılıb. Bu haqda “Ukrinform”a müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının başçısı Viktor Mujenko deyib.

Onun sözlərinə görə, Donbasda vəziyyət kəskinləşəcəyi halda, ora dərhal 100 min döyüşçü göndəriləcək: “Vəziyyətin kəskinləşməsi halında, təlim görmüş insanların istənilən sayını cəlb etmək imkanımız var. Yüz mindən çox belə insandan söhbət gedir. Onlar hərbi hissələri çox tez doldurmağa hazırdır”, - Baş qərargahın başçısı əmin edib.

Mujenko bildirib ki, 2018-ci ildə Ukraynanın Silahlı qüvvələri tank əleyhinə müdafiəni ciddi gücləndirəcək.

Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR