Nida Təhlil
TANAP - Bakı və Ankaradan dünyanın enerji xəritəsini dəyişən layihə
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Transanadolu
boru kəmərinin (TANAP) açılışı oldu. Bu, Avropanın enerji
xəritəsini dəyişdirəcək addım hesab olunur. Açılış mərasimində
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğan, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti
Aleksandr Vuçiç və digər yüksək vəzifəli rəsmilər iştirak etdilər.
Mərasimdə mühüm mesajlar verildi.
Əvvəlcə TANAP haqqında: Azərbaycan qazını Avropaya daşıyacaq Cənub
Qaz Dəhlizi layihəsinin əsas hissəsi olan TANAP-ın nəql həcminin
əvvəlcə 16 milyard kubmetrə, sonra 24 milyard kubmetrə, ən sonda da
31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik
TANAP xətti Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq,
Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan,
Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan
vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq,
Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun,
Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik,
Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə
20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində
Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a
bağlanır.
TANAP layihəsi çərçivəsində SOCAR, bp və Türkiyənin “Botaş” şirkəti
arasında müqavilə imzalanıb. TANAP layihəsində Azərbaycan Dövlət
Neft Şirkəti (SOCAR) 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri
isə birlikdə 20 faiz paya malikdir.
TANAP-ın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev
“Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bildirib ki, bu, dörd
böyük layihədən ibarətdir: “Şahdəniz-2” qaz yatağının işlənilməsi,
- o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz
Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq
reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın
iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın
40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur
layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaq. Bu tarixi
nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz
ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla,
şaxələndirilmiş formada çatdırılsın”.
Bu nəhəng layihənin reallaşmasında Azərbaycan və Türkiyənin böyük
iradəsi və əməyi var. Layihə gündəmə gələndə çoxları bunun utopiya
olduğunu iddia edirdi. Lakin bugünkü nəticə utopik iddiaları
alt-üst etməklə yanaşı, Bakı və Ankaranın regionda əsas güc
olduğunu da sübuta yetirdi. Burada təbii ki, Azərbaycan-Türkiyə
qardaşlıq faktoru da xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə qardaşlığına
toxunaraq qeyd edib: “Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik.
Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya
çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya
gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik.
Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir.
Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər
dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan
birliyi, qardaşlığı həm ölkələrimiz, həm xalqlarımız, bölgəmiz, həm
də Avrasiya üçün önəmli amildir. Bu gün TANAP-ın istismara
verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür.
TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi
layihədir”.
Dövlət başçısı əlavə edib ki, Türkiyə və Azərbaycanın enerji
layihələri bölgəyə sabitlik gətirir.
“Bu layihələrdən bütün ölkələr, bütün şirkətlər, xalqlar fayda
görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi
Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi
nəticəsində mümkün olub. Bu, birgə həyata keçirdiyimiz birinci
layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən
il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün
bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla
birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz
birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli
sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun
arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız
dayanır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan liderinin də dediyi kimi, layihədə yeddi ölkə iştirak
edir və hər biri bu layihədən qazanc götürəcək.
Asif
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik