Məsələ Prezidentin nəzarətindədirsə...
Bizi izləyin

Nida Təhlil

Məsələ Prezidentin nəzarətindədirsə...

İyulun 3-də gecə saatlarında Mingəçevirdə - “Azərbaycan” İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birində baş verən yanğın ölkəni qaranlığa qərq etdi. Hadisə qısa zamanda sosial şəbəkə və mediadakı xəbərlər vasitəsilə bütün ölkəyə yayıldı. Uzun illərdir dayanıqlı elektrik təminatı olan ölkəmizdə qəfil belə bir hadisənin baş verməsi insanlar arasında panikaya səbəb oldu. Ancaq bu panika Prezident İlham Əliyevin məsələni nəzarətə götürməsi ilə aradan qalxdı desək, heç də yanılmarıq. Çünki bununla insanlar birinci şəxsin hər zamankı kimi, yenə də öz vətəndaşının yanında olduğunu, hadisələrə nəzarət etdiyini gördülər. Məhz qısa zamanda aidiyyəti dövlət qurumlarının rəhbərləri Prezidentin tapşırığı əsasında hadisə yerində oldular. Nəticədə qısa vaxt ərzində yarımstansiyada yanğın söndürüldü və ölkə ərazisinə elektrik enerjisinin verilişi tədricən bərpa edildi. Lakin problemlər qalmışdı. Hadisənin ilkin səbəbi kimi havanın isti keçməsi və elektrik xətlərində yüklənmə göstərildi. Amma bu ehtimalın inandırıcı olmadığını Prezident keçirdiyi müşavirədə açıq şəkildə bəyan etdi. Bu barədə bir az sonra.

İyulun 4-ü 19 radələrində isə "Azərbaycan" İstilik Elektrik Stansiyasının yarımstansiyasında ikinci yanğın baş verdi. Bu dəfə hadisənin günün pik saatlarında baş verməsi vəziyyəti qəlizləşdirdi. Amma xalq öz dövlətinə, dövlət başçısına arxayın idi və Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aidiyyəti qurumların bu sınaqdan da üzüağ çıxacağın əmin idi. Necə ki, bu problem uğurla həllini tapdı...

Məsələ Prezidentin nəzarətindədirsə...

Sözügedən hadisədən dərhal sonra Prezident İlham Əliyev hadisəni nəzarətə götürdü. Belə ki, Prezidentin sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıldı.

Sərəncamda Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırıldı. Bu sərəncam, ölkəni işıqsız qoyan hadisəyə çevik reaksiya qəfil elektrik kəsintisinə görə əhali arasındakı narahatlığa son qoydu, başqa sözlə, onların təşvişli ürəyinə su səpdi. Çünki məsələ Prezidentin nəzarətindədirsə, hadisədə günahkarlar mütləq cəzasını tapacaq, problemlər həll olunacaq, insanların rahatlığı üçün bütün lazımi addımlar atılacaq. Necə ki, atıldı...

Qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi sahələr, habelə əhalinin təminatı ciddi nəzarətə götürüldü. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alındı, ən əsası insan tələfatına yol verilmədi. Bu hadisə fonunda görülən tədbirlər isə Azərbaycan hökumətinin bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini təmin etmək bacarığında, təcrübəsində olduğunu göstərdi.

Yeganə mənbə Mingəçevir SES-dir?

Təbii ki, bu məqamda ilk ağla gələn sual son illər ərzində Azərbaycanın enerji sektoruna dövlət başçısının çox böyük investisiyalar ayırmasına baxmayaraq, qəza zamanı digər mənbələrdən elektrik enerjisinə ehtiyacın nə üçün ödənilməməsidir. Belə ki, son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib və enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyaları inşa olunub. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılıb. Rəsmi statistikaya görə, Mingəçevir SES ölkədə elektrik enerjisinə tələbatın 60 faizini ödəyir. Lakin son qəzadan sonra ölkə ərazisinin əhəmiyyətli hissəsi elektriksiz qaldı. Bu da təbii olaraq Mingəçevir Su Elektrik Stansiyasının ölkənin elektriklə təminatında yeganə mənbə olduğu təəssüratını yaratdı. 2010-17-ci illərdə “Azərenerji”nin xətti ilə əmlak və avadanlıqların alınması üçün 1 milyard 982 milyon manat vəsait xərclənib.

“Bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki...”

Bu sahəyə ayrılan vəsaitin həcmi ilə müqayisədə yaşanan bu hadisə və ölkənin bir neçə saatlıq da olsa, işıqsız qalması iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirənin əsas mövzularından idi. Prezident müşavirədəki çıxışı zamanı hadisədən sonra bütün vətəndaşlara kömək göstərilməsi üçün aidiyyəti qurumlara verdiyi tapşırıqların yerinə yetirildiyini bildirdi:

“Bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bütün dövlət orqanlarının nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş vermədi”.

Prezident Fövqəladə Hallar Nazirliyinin yanğını söndürmə və təxliyə, Daxili işlər orqanlarının asayişin qorunub saxlanması və şəhər nəqliyyatının idarə edilməsi, Bakı Nəqliyyat Agentliyinin dərhal operativ tədbirlər həyata keçirməsini yüksək qiymətləndirdiyini bildirdi. Prezident eləcə də, Azərbaycan vətəndaşlarına bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərdiklərinə görə təşəkkür etdi.

Prezidentdən sərt tənqid...

Lakin müşavirənin keçirilmə səbəbi təbii ki, təkcə təşəkkür etmək deyildi. Hər zaman xalqın yanında olan və onun hər bir probleminə xüsusi həssaslıqla yanaşan İlham Əliyev müşavirədəki çıxışı ilə bir daha sübut etdi ki, vətəndaşının rahat yaşaması Onun ümdə məqsədidir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Etibar Pirverdiyevin çıxışını bir neçə dəfə yarımçıq saxlayan Prezident xalqı narahat edən halların hesabını açıq şəkildə qurum rəhbərinə sorğu-sual etdi. Prezident əvvəlcə yanğının isti hava ilə əlaqələndirilməsinə inanmadığını bildirdi. Və bu səbəblə heç cür razılaşa bilməyəcəyini qeyd etdi:

“Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var”.

“…Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya inşa olunub. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən”, - deyə Prezident bildirdi.

Təbii ki, bu fikirlər dövlət başçısının baş vermiş hadisəyə xüsusi həssaslıqla yanaşdığını göstərir. Prezident bu məsələdə kəskin mövqeyini ortaya qoydu və elektrik enerjisinin kəsilməsi səbəbindən narahatlıq keçirən hər bir vətəndaşının qeydinə qaldığını, heç bir vətəndaşının əziyyət çəkməsi ilə razılaşmayacağını göstərmiş oldu.

Prezident xalqın dilindən danışırdı

Müşavirədə dövlət məmurlarının hesabatlarını diqqətlə dinləyən Prezidentin çıxışlara müdaxilə etməsi əslində xalqı narahat edən problemdən xəbərdar olduğunu, onların həlli üçün hər zaman olduğu kimi var qüvvəsi ilə çalışdığını açıq şəkildə göstərdi.

Məsələn, səhiyyə naziri Oqtay Şirəliyev çıxışı zamanı bütün xəstəxanaların generatorla təmin edildiyini bildirdi. Prezident isə “Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”, - deyə bildirdi.

Xalqın problemlərini dilə gətirməklə İlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu bir daha göstərmiş oldu.

“Bu digər şəxslərə də dərs olsun”

Prezidentin müşavirədə çıxışını diqqətlə izlədiyini deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, hadisə olan kimi Prezident İlham Əliyevin yaranmış şəraiti bilavasitə öz nəzarətinə götürməsi və komissiya yaratması fövqəladə hallar zamanı dövlət idarəçiliyinin çevikliyini və funksionallığını bir daha təsdiq etdi:

“Bəzən xoşagəlməz hadisələr özlərinin ardınca daha yaxşı işlərin görülməsini zəruri edir. Ona görə də hesab edirəm ki, bu müşavirədən sonra qəbul ediləcək qərarlar ölkəmizin enerji təhlükəsizliyinin daha etibarlı və alternativ vasitələrlə təmin olunmasında yeni bir səhifə açacaq. Bu səhifəni də cənab Prezident yazacaq. Ölkəmizin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Quba və digər iri şəhər və sənaye mərkəzlərinin, o cümlədən, strateji əhəmiyyət daşıyan obyektlərin alternativ mənbələrdən elektrik enerjisi ilə təmin edilməsi zərurətə çevriləcək. Xüsusən, təkcə su elektrik stansiyaları deyil, dünyada geniş istifadə edilən külək, günəş enerjisi ilə təminat məsələlərinin həllinin önə çıxacağını düşünürəm. Digər tərəfdən, bu hadisəyə görə məsuliyyət daşıyanların ciddi cəzalandırılması da vacibdir ki, strateji sahələrə məsul olan digər şəxslərə də dərs olsun”.

“Alternativ mənbə yaradılmalıdır”

İqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə heyətinin sədri Vüqar Bayramov deyir ki, təkcə 2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib:

“Bu o deməkdir ki, vətəndaşlar, eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər. Qurumun enerji satışından əldə etdiyi gəlirinin yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq “Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki, 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi. Maraqlıdır ki, 2016-cı ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub. Yəni 2017-ci ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəlirinin əvvəlki ilə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq qurumun zərəri ötən il 6 dəfə çoxalıb. Bütün bu investisiya qoyuluşları fonunda belə hadisənin baş verməsi elektrik sisteminə ayrılan vəsaitin müasir texnologiyanın bu sektora transferinin həyata keçirilmədiyini göstərmiş oldu”.

Ekspert gələcəkdə belə problemlərin yaranmaması üçün digər elektrik stansiyalarının işə salınmasını və elektrik təminatında şaxələnmənin tətbiqinə ehtiyac olduğunu deyir:

“Alternativ enerji mənbələrindən istifadə mütləqdir. Azərbaycan Günəş və küləyin çox olduğu ölkələrdən biridir. Paytaxtda külək enerjisi, eləcə də ölkə ərazisində Günəş enerjisi hesabına alternativ mənbə yaradılması mümkündür. Bir tərəfdən ənənəvi mənbələr genişləndirilməli, digər yandan alternativ enerji mənbələrindən istifadə edilməlidir ki, ölkə bir mənbədən asılı olmasın”.

Hamı Prezident İlham Əliyevin qəti mövqeyini gördü

Millət vəkili Tahir Kərimli Prezident İlham Əliyevin keçirdiyi sonuncu müşavirənin dərin təəssüratlar yaratdığını, ölkə başçısının proseslərə ciddi yanaşmasından xəbər verdiyini deyir:

“Cənab prezident məsələyə olduqca ciddi münasibət bəslədi. Mingəçevirdə qəza baş verməsi və nəticədə bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi dövlət başçısını ciddi narahat etdi. Bu məsələ o qədər ciddi oldu ki, dövlət başçısı məmurlarla sərt danışdı. Müşavirədə o da üzə çıxdı ki, bu işdə səhlənkarlıqlar da olub. Bu işdə hamı Prezident İlham Əliyevin qəti mövqeyini gördü. Düşünürəm ki, bu, ciddi bir məsələdir. Cənab Prezident təqsirkar şəxslərin tapılaraq cəzalandırılması məsələsini qoydu. Bununla bağlı həm inzibati, həm də cinayət işi başlanıb. Bu işdə təqsirkar şəxslər mütləq məsuliyyətə cəlb olunacaq. Çünki, bu hadisə həm dövlətə maddi ziyan vurub, həm də xalqa maddi və mənəvi ziyan vurub. Bu həm də dövlətə qarşı bir hadisə kimi də qiymətləndirilə bilər. Ölkənin bütün enerji sisteminin sıradan çıxması çox ciddi məsələdir. Bu müşavirə çoxlarına dərs oldu”.

Bu, saymazlıqdır

Müşavirədə prezident İlham Əliyevin dilə gətirdiyi əsas məsələlərdən biri də, ciddi araşdırmalar aparılması və günahkarların məsuliyyətə cəlb edilməsi oldu.

“Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir”, - deyə dövlət başçısı bildirdi.

Millət vəkili Rüfət Quliyev Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac olduğunu deyir. Millət vəkili Prezidentin sərəncamı ilə yaradılan Komissiyanın hadisənin səbəblərini üzə çıxaracağını vurğulayıb:

“Fövqəladə Hallar Nazirliyi “Azərenerji”yə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi nöqsanların olması barədə dəfələrlə məktub yazsa da, “Azərenerji” həmin məktubda yazılanları öz fəaliyyətində nəzərə almayıb. Bu, böyük faciəvi problemdir. Dövlətin böyük strukturu olan Fövqəladə Hallar Nazirliyi müraciət edir, amma onun müraciətini başqa dövlət qurumu qəbul etmir. Yaxud da qəbul edir, amma fəaliyyətində nəzərə almır. Məncə, bu saymazlıqdır. Çünki bütün ölkələrdə Fövqəladə Hallar Nazirliyi xüsusi bir dövlət qurumudur. Onun adi bir məktubu əmrə bərabər olan bir sənəddir. Ölkə Prezidenti qəzanın baş verməsində günahı olan bütün şəxslərin cəzalanacağını da söyləyib”.

Dövlət xalqın rahatlığının təmin olunması üçün...

Millət vəkili Elman Məmmədov deyir ki, dövlətin fövqəladə hadisənin öhdəsindən gəldiyini bu qurumlar sayəsində öyrəndik: “Təbii ki, ciddi narahatlıqlara səbəb oldu, vətəndaşlar əziyyət çəkdilər. Ancaq cənab Prezident məsələni şəxsən nəzarətə götürdü və komissiya yaratdı. Lazımi tədbirlər görüldü və komissiya qəzanın səbəb-nəticələrini araşdırır. Problem aradan qaldırılıb və hər şey nəzarət altındadır. Ən ucqar bölgələrdə belə dayanıqlı enerji təminatı var. Təbii ki, bu bölgələrdə enerjinin olması daha vacibdir”.

Millət vəkili qeyd edib ki, əhali gördü ki, dövlət bu kimi ciddi problemlərin öhdəsindən bacarıqla, operativ şəkildə gəlir:

“Dövlət xalqın rahatlığının təmin olunması üçün lazımi tədbirləri görür. Təhlükəsizlik, ictimai asayişin qorunması lazımi səviyyədə təşkil edilir. Heç bir dövlət bu cür hallardan sığortalanmayıb. Dünyanın bir çox inkişaf etmiş, güclü dövlətləri var ki, onlarda zaman-zaman belə hadisələr baş verir. Təbii fəlakət, genişmiqyaslı yanğınlar, terror hadisələri müxtəlif problemlərə yol açır. Əsas şərt odur ki, dövlət operativ olaraq belə problemlərin öhdəsindən gəlsin”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm