Azərbaycan Prezidenti: "Aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtdı"
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Prezidenti: "Aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtdı"

Aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident vurğulayıb ki, Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış antimilli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən bizim inkişaf dinamikamız, bax, bunun əsas səbəbkarı oldu. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Prezident bildirib ki, 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir.

Dövlətimizin başçısı qeyd edib ki, qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda antimilli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü. Həmin o fərarilərin tör-töküntüləri bu gün də özlərini müxalifət adlandırırlar. O vaxt qaçıb gizləniblər, ölkəmizi bərbad vəziyyətə qoyublar, torpaqlarımızı satıblar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmayıb. Bax bu səbəblərdən o vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt edib. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər.

Azərbaycan isə ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik - həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm