• USD 1,7000 0,00% EUR 1,8841 +0,07%
    • GBP 2,2294 +0,92% RUB 0,0266 +0,38%

Sənət cameəsindən KƏSKİN QINAQ: Bu zombiləşmiş dəstə dövlətimizin ayaqları altında əzilməlidir

Sənət cameəsindən KƏSKİN QINAQ: Bu zombiləşmiş dəstə dövlətimizin ayaqları altında əzilməlidir

“Gəncə mənim üçün yenilməzlik simvolu, mədəniyyət, elm, təhsil və 100 yaşı olan cümhuriyyətimizin beşiyidir. Tarixi xatırlatmaq istəmirəm, Gəncənin hər sakini bunu məndən də yaxşı bilir. Sonadək rus imperiyasına müqavimət göstərən, cümhuriyyətimizə qollarını açan, bolşevik işğalına üsyan edən, Birinci Qarabağ savaşında qəhrəmanları ilə öndə olan siz gəncəlilər savaşçı ruhunuzla bərabər, çox saf, inanclısınız. Elə bu saflığınızdan istifadə edib 1993-cü ildə yad fitnəsi ilə dövlətçiliyimizə qəsd olundu. Onda sizin vətənpərvərliyinizdən, ölkəni xilas etmək istəyinizdən istifadə edib oyun quranlar əslində dövləti sarsıtmaq istəyirdilər. Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət olunanda dərhal vəzifəyə seçilməyə razılıq vermədi, üz tutdu Gəncəyə. Sizin yanınıza gəldi, çünki o sizi çox yaxşı tanıyırdı və bilirdi ki, sizin iradəniz olmasa Azərbaycan olmaz! Siz iradənizi göstərdiniz! Heydər Əliyev tezliklə sizin etimadınızdan istifadə edən insanların əsl simasını göstərdi. Mahir siyasəti, səbri ilə dövləti sarsılmağa qoymadı və bu işdə məhz siz gəncəlilər ona arxa oldunuz!"

Publika.az xəbər verir ki, bu fikirləri teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və tanınmış aparıcı Elçin Əlibəyli bildirib.

İyul ayının 10-da Gəncədə baş verən qeyri-qanuni aksiya haqqında danışan E.Əlibəyli vurğulayıb ki, Qarabağ savaşında ermənilərin hədəfi Gəncə olub:

"Gəncənin mərd oğulları heç vaxt məkrli ermənilərin baş qaldırıb, qan tökməsinə macal vermədi. Elə yaxın 100 ildə məhz sizin döyüşkən türk ruhu erməninin burnunu əzməyə imkan verdi. Qarabağ savaşında ermənilərin hədəfi Gəncə idi. Amma, həmin illər Gəncədə hərə bir qəhrəman oldu və erməni arzusunu ürəyində qoydu. Siz Heydər Əliyevə inanıb döyüşə atıldınız, neçə şanlı şəhidiniz, qaziniz var! Şəhəri də, ona hətta uzaq olan yüksəklikləri ordumuz qorudu. Buna görə bu gün Gəncə sabit, rahat bir yurda çevrilib.

Sizin inanclı olduğunuzu elə-belə vurğulamadım. Qədim şəhər kimi, adətləri qoruyub saxlamısınız, dinə inamı yaşatmısınız. Sovet dönəmində nə repressiyalar, nə qadağalar sizi bu inancdan döndərə bilmədi. Bu gün də siz inancınıza sadiqsiniz və bunu qadağasız, rahatlıqla icra edirsiniz".

E.Əlibəyli onu da əlavə edib ki, müstəqilliyimizi həzm edə bilməyən qonşular bizi içdən parçalamaq arzusundadır:

"Cümhuriyyətimizin 100 illik ildönümünü qeyd etdiyimiz vaxt, yenə dövlətçiliyimizə, müstəqilliyimizə qara əllər uzanır. Naliyyətlərimizi və ən başlıcası müstəqilliyimizi həzm edə bilməyən qonşular bizi içdən parçalamaq arzusundadırlar. Neçə gündür şəhərdə baş verən hadisə onun siqnalıdır. Dünən isə beyni zombiləşmiş, millətindən, dövlətindən iraq düşüb, yadların fitvası ilə oturub duran dəstə ayağa qalxdı. Ən dəhşətlisi, dövlətimizi sarsıtmaq istəyən bu qrupun iki polis zabitini şəhid etməsi oldu. Mən deyilənlərə inanmaq istəmirdim, çünki Gəncədə ağsaqqal sözü, böyük məsləhəti həmişə keçərli olub. Mən inanmıram ki, orada bir ağsaqqal dövlətinin sarsılmağını, polis zabitlərinin bıçaqlanmasını istəyə. Artıq bu zombiləşmiş dəstə sizin yox, sifarişçilərinin sözünü yerinə yetirir. Onların davası din, inanc davası deyil, dərk etmədən bizə qənim olanların əlində alətə çevriliblər. Heç bir din davasından söhbət gedə bilməz, onların çoxu fanatizmin pik nöqtəsinə çatıb və dinimizə zidd əməl olan qan tökməyə əl atıblar. Onların gözünü qan örtüb, onlar bu ölkəni Əfqanıstana çevirmək istəyirlər, amandı yol verməyin!
Bu gün dövlətimizin başındı duran İlham Əliyev Gəncəyə çox böyük dəyər verir. O, Gəncənin tarixdə, mədəniyyətdə, iqtisadiyyatda və ən başlıcası dövlət bütövlüyümüzdə yerini çox yaxşı bilir. Dəfələrlə səfərə gəlib və hər dəfəsində şəhər üçün əhəmiyyətli bir işin təməlini qoyub. Siz də ona hər zaman dəstək olmusunuz.

Aparıcı sonda hər kəsi ölkəni viran qoymaq istəyənlərə meydan verməməyə səsləyib:

"Yenidən öz iradənizi ortaya qoymalısınız! Ölkəni viran qoymaq istəyənlərə meydan verməyin! Dövlətimizə qəsd edənləri yolundan döndərin! Sizin müdrikliyinizə inanıram. O, iki şəhid polis zabiti sizin asayişiniz üçün canından keçdi. Siz imkan verməyin içimizə salınan bu xəstəlik yayılsın. Siz dövlətçiliyimizi beşiyi olan şəhərin sakinlərisiniz, üzərinizdə tarixi, mənəvi yük var! Bu yükü çiyin-çiyinə verib, birlikdə qaldıraq, bizə miras qalan dövlətimizi qoruyaq!”

Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Nürəddin Mehdixanlı bildirib ki, Gəncədə baş verən hadisə - Azərbaycanın yüksək rütbəli zabitinin soyuq silahla vəhşicəsinə qətlə yetirilməsi ölkəmizə qarşı olunan faciəvi cinayətdir:

“Bu gün Azərbaycanda heç bir halda özbaşnalığa və xausa yol vermək olmaz. Xüsusilə indiki həssas məqamda. Ətrafımızda bizi istəməyən qonşularımız və Azərbaycanda xausa maraqlı olan qüvvələr var. Dünən Gəncədə baş verən hadisə - Azərbaycanın yüksək rütbəli zabitinin soyuq silahla vəhşicəsinə qətlə yetirilməsi ölkəmizə qarşı olunan faciəvi cinayətdir. İmkan verməməliyik ki, içərimizdə qarşıdurma yaratmağa maraqlı olan qüvvələr hərəkətə keçsin”.

Sənətçi daha sonra dini fanatizmin ölkəmizdə meydan oxumasını sərt tənqid edib:

“Yol verməməliyik ki, dini fanatizm ölkəmizdə tüğyan etsin, meydan oxusun. Heç bir kəsin dini inancına toxunmadan, harada olmasından asılı olmayaraq heç bir halda kimlərinsə fanatizminə imkan vermək olmaz. Dini fanatizmin tüğyan etməsi özbaşınalıq, anarxiya, qətl və ölümlə nəticələnir. Bu gün hər bir azərbaycanlı öz dövlətinin, millətinin və bayrağının yanında olmalıdır. Bizi gözü götürməyən kifayət qədər qüvvə var. odur ki, hər şeyi nəzərə almalıyıq. Hər bir azərbaycanlı atacağı addımlardan əvvəl bütün bunları düşünməlidir. Gəncədə iki polis zabitinin qətlə yetirilməsi həm Azərbaycan dövlətinə, həm də Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir və bu cinayət cəzasız qalmamalıdır. Onlar ən sərt şəkildə cəzalandırılmalıdır. Dövlətlə oynamaq və onun üstünə getmək olmaz. Azərbaycan dövlətinə qarşı bu cinayəti törədənlər Azərbaycan dövlətinin ayaqları altında əzilməlidir. Əminəm ki, dövlət maşını işə düşərək cinayətkarları cəzasız qoymayacaq. Bunun başqa yolu yoxdur. Bir milyondan çox qaçqınımız və köçkünümüz, 20 faiz torpağımız işğal altında olduğu bir vaxtda içəridə qarşıdurma yaradanlara qarşı bizim münasibətimiz amansız və qəti olmalıdır”.

Əməkdar artist və Azərbaycan Dövlət Televiziyasının solisti Abbas Bağırov Gəncədə baş verən hadisələrdən dəhşətə gəldiyini bildirib:

“Azərbaycan vətəndaşı kimi çox təəssüf edirəm ki, dünən Gəncədə qorxunc hadisələr baş verib. Şəhid olan iki polisdən biri - İlqar Balakişiyevi çox yaxşı tanıyırdım. Onunla çox gözəl münasibətlərimiz var idi. Vəhşicəsinə qətlə yetirildiyi xəbərini eşidəndə çox üzüldüm... Azərbaycanlının azərbaycanlıya, öz həmvətəninə, onu qoruyan polis zabitinə bu cür ağır xəsarətlər yetirə bildiyini ağlıma heç cür sığışdıra bilmirəm. Ümumiyyətlə, hadisələrin bu nöqtəyə gəlib çıxması bir vətəndaş kimi məni narahat edir. Biz xalq olaraq ölkədəki sabitliyi qorumalıyıq. Sirr deyil ki, Azərbaycanın inkişaf etməsi və ölkəmizdəki sakitlik düşmənlərimizi sevindirmir. Onlar çirkin yollarla daxili sabitliyi pozmağa çalışır. Biz bir millət və dövlət olaraq onlara qarşı birləşməli və icazə verməməliyik ki, dövlətimizə qarşı uzadılan əllər cəzasız qalsın".

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR