Din pərdəsinə bürünmüş anti-Azərbaycan qüvvələrin QARABAĞ HƏDƏFİ
Bizi izləyin

Nida Təhlil

Din pərdəsinə bürünmüş anti-Azərbaycan qüvvələrin QARABAĞ HƏDƏFİ

Dini pərdə altında Azərbaycana qarşı qarayaxma kampaniyası davam etdirilir. Xüsusilə sosial şəbəkələrdə aparılan bu kampaniya hazırda hər bir azərbaycanlının və Azərbaycan dövlətinin ən həssas nöqtəsi olan Dağlıq Qarabağ məsələsi üzərindən davam etdirilir.

Publika.az
xəbər verir ki, sosial şəbəkələrdə din pərdəsi altında gizlənən təxribatçı radikallar Azərbaycan haqqında yanlış rəy yaratmaq üçün “faktları” tirajlamaqdadır. Bu qruplar müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı kimi iddialar ortaya atırlar.



Hərçənd, bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır, qəbul edir. Bu gün Azərbaycanda yüzlərlə məscid, ibadət mərkəzləri dövlət tərəfindən qorunur, mühafizə olunur. Azərbaycan müharibələrin, diskriminasiyaların, dini-irqi ayrıseçkliyin baş alıb getdiyi dünyada multikulturalizm adası olaraq beynəlxalq mərkəzə çevrilib. Bu baxımdan, Azərbaycanda inanclı şəxslərin sıxışdırıldığına dair iddialar absurd olduğu qədər də tutarsızdır.

Cəmiyyətin bu cür iddialar üzərindən aparılan manipulyasiyaları qəbul etmədiyini görən təxribatçı qruplar sosial şəbəkələrdə Dağlıq Qarabağ məsələsi üzərindən Azərbaycan hakimiyyətinə və dövlətinə hücum edirlər.

Niyə Qarabağ?

Azərbaycan dövləti ərazi bütövlüyümüzün bərpası istiqamətində hərbi və diplomatik sferada durmadan çalışır. Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiya nəticəsində Azərbaycan işğalçı ölkəni küncə sıxışdırıb. Lakin dünyanın mövcud reallıqları və işğalçı ölkənin antisülh mövqeyi münaqişənin danışıqlar yolu ilə həllini uzadır. Azərbaycanın alternativ yolu var: bu, “aprel müharibəsi”ndə olduğu kimi sözü Ordumuza verməkdir. Bakı bu variantı son çarə olaraq əlinin altında saxlamaqdadır və buna paralel olaraq, münaqişənin danışıqlar yolu ilə həlli üçün diplomatik fürsətlərdən yararlanmağa çalışır.



Təxribatçı dairələr Azərbaycanda xalq-iqtidar birliyini sarsıtmaq üçün daim nələrəsə cəhd edirlər. İndiyə qədər ortaya atılan iddialar heç bir nəticə verməyib, çünki xalq öz seçiminin arxasındadır. Görünür, bu dairələr son həmlə olaraq Qarabağ amilini gündəmə gətirir. Əsas iddiaları budur ki, “guya hakimiyyət Dağlıq Qarabağı qaytarmaq istəmir, sadəcə vaxtı uzatmaqla məşğuldur”. Bu iddianın absurd olduğu məlumdur, lakin bu iddianın arxasındakı dairələrin hədəfi olduqca təhlükəlidir. Onların hədəfi Azərbaycanda xalq-iqtidar birliyini pozmaq və ölkəni xaosa sürükləməkdir. Əslində proseslər Gəncə hadisələri ilə başlanıb və heç bir şey edə bilməyən radikal dairələr son olaraq Qarabağ amilindən istifadə etməyə cəhd edirlər.

“Kimsəyə sirr deyil ki, regionun bəzi dövlətləri...”

Politoloq Elçin Mirzəbəyli də bildirib ki, bütün bunlar Azərbaycana qarşı həyata keçirilən təxribat kampaniyasının tərkib hissəsi və davamıdır: “Gəncədə baş verən terror aktı, həmçinin radikal qrupların ixtişaşa cəhdi zamanı xüsusi amansızlıqla həyata keçirilən cinayətlərdən nəticə əldə etməyən xarici dairələr və onların din pərdəsi arxasında gizlətdiyi vətən xainləri nəyin bahasına olursa-olsun Azərbaycan xalqının və dövlətinin iradəsini qırmağa, vətəndaşlarımız arasına nifaq toxumu səpməyə çalışırlar. Bu prosesin vahid mərkəzdən idarə olunduğuna qətiyyən şübhə yoxdur və prosesin arxasında dayanan xüsusi xidmət orqanlarının, işğalçı Ermənistanı himayə edən, Azərbaycan torpaqlarının qəsb edilməsi zamanı Ermənistan üçün “həyat yolu” missiyasını yerinə yetirən, regionu münaqişələr, qarşıdurmalar yolu ilə nəzarətdə saxlamağa çalışan dairələrin də ünvanı hər kəsə bəllidir. Təəssüf ki, beynəlxalq hüququn bəzi subyektləri nəinki elan etdikləri prinsiplərə, qoşulduqları konvensiyaların müddəalarına əməl etmir, əksinə terrorizm, aqressiv separatizm və digər bu kimi insanlıq əleyhinə cinayətlərə ortaq olur, bütün dinlərin, o cümlədən İslam dininin təşviq etdiyi humanizm prinsiplərinin, bəşəri dəyərlərin gözdən salınmasına xidmət edirlər".



Onun fikrincə, kimsəyə sirr deyil ki, regionun bəzi dövlətləri ayrı-ayrı Azərbaycan vətəndaşlarını qanunsuz yollarla əməkdaşlığa cəlb edir, onları qeyri-qanuni hərbi birləşmələrin, terror qruplarının təlim mərkəzlərinə göndərir və ölkəmizə qarşı müxtəlif cinayət əməllərində istifadə etməyə çalışırlar. Maraqlıdır ki, Azərbaycana qarşı həyata keçirilən bu təxribatlarda bir-birinə tamamilə zidd ideoloji müstəvidə formalaşan teokratik və sekulyar rejimlərin təmsilçiləri vahid mövqedən çıxış edir, yayındırıcı manevrlərlə diqqəti hücumların real məqsədindən yayındırmağa çalışırlar. Diqqəti cəlb edən məqamlardan biri də öz sərhədlərindən kənarda terrora, dinin radikallaşmasına və siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxdığını iddia edən bəzi subyektlər öz sərhədləri daxilində başqa bir ölkəyə, indiki halda Azərbaycana qarşı təşkil edilən terror və separatizm ssenarilərinin yazıldığı və icrasına sifariş verildiyi məkana çevrilir. Öz ərazisində baş qaldıran separatizm və terrorizm dalğasına, din pərdəsi arxasında daldalanan radikal qruplara qarşı tanklarla, raketlərlə mübarizə aparan, bütöv kəndləri, şəhərləri bombalayan dövlətlər başqa ölkəyə qarşı oxşar təxribatları həyata keçirən qrupları himayə edir, onlara hər cür imkanlar yaradır, şəbəkələşmələrinə, imformasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmələrinə hərtərəfli şərait yaradırlar. Bütün bunlar isə sübuta yetirir ki, təxribatçıların istifadə etdikləri “din”, “Qarabağ məsələsi”, “sosial problemlər” və bu kimi tezislər onlara haqqında danışdığım subyektlərin müvafiq strukturları tərəfindən ötürülüb və Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkib hissəsidir”.

Təslimçi sülhə sövq etmək gedişi

Elçin Mirzəbəylinin qənaətinə görə, əslində Azərbaycan hökumətini “Qarabağı azad etməkdə maraqlı olmadığını” iddia edənlərin niyyəti ölkəni qarşıdurmaya sürükləmək, gücdən salmaq və təslimçi sülhə sövq etməkdir:

“Bunun üçün isə onlara Azərbaycanda özlərinin idarə etdiyi, hətta forpostdan da aşağı statusa malik olan oyuncaq dövlət və marionet idarəçilər lazımdır. Onlar Azərbaycanın maraqlarını müdafiə edən, silahlı qüvvələri gücləndirən, ordunu dünyanın müxtəlif ölkələrində istehsal edilən ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edən, ölkənin beynəlxalq əlaqələrini genişləndirən, nüfuzunu artırmaq üçün çalışan, dövlətinin maraqlarını və qürurunu qoruyan dövlət başçısını özlərinə ən böyük təhlükə görürlər”, - deyə o bildirib.



Politoloq hesab edir ki, bu təxribatların detalları arasında Azərbaycanı dünyadan təcrid etmək, bir, yaxud ortaq mövqedən çıxış edən bir neçə subyektin təsiri altında saxlamaq, ölkəmizin uğurlu enerji siyasətinin qarşısını almaq, dövlətimizin dünyaya açılışını, inkişafını əngəlləmək, asılı vəziyyətə salmaq niyyəti də var:

“Şübhəsiz ki, bütün bu amillər sübuta yetirir ki, hədəfdə Azərbaycan dövləti, xalqı və övladlarımızın gələcəyidir. Bütün bu təhdidlər sabitliyimizə, təhlükəsizliyimizə, azad və firavan yaşamaq iradəmizə qarşı yönəlib. Və bu təhdidlərə qarşı bu günə qədər olduğu kimi yenə də dövlət və xalq olaraq birlikdə dayanmalıyıq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm