Elçin Mirzəbəyli: "Xəzər Konvensiyası bütün mübahisələrə son qoyacaq"
Bizi izləyin

Nida Təhlil

Elçin Mirzəbəyli: "Xəzər Konvensiyası bütün mübahisələrə son qoyacaq"

“Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi təkcə Azərbaycan üçün yox, bütövlükdə, region dövlətlər üçün əməkdaşlığa geniş imkanlar açır. Eyni zamanda, bundan sonra Xəzərin təkindən istifadə edilməsinə dair atılacaq bütün addımların sərhədlərini müəyyənləşdirir. Bu baxımdan, Konvensiya bu günə qədər aparılan müzakirələrə və mübahisələrə, bəzi ölkələrin ziddiyyətli mövqelərinə nöqtə qoydu”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli avqustun 12-də Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyanı şərh edərkən deyib.

Politoloq bildirib ki, Konvensiyanın imzalanmasında Azərbaycanın kifayət qədər prinsipial mövqeyi olub: “Azərbaycanın hər zaman əməl etdiyi beynəlxalq hüququn prinsiplərinə söykənən mövqe bu konvensiyada da öz sözünü dedi. Azərbaycan Xəzərin statusu ilə bağlı müzakirələrin aparıldığı ilk dövrlərdən başlayaraq öz mövqeyində kifayət qədər israrlı yanaşma nümayiş etdirib. Çünki bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə söykənməsindən irəli gəlirdi.

Nəzərinizə çatdırım ki, Sovet İttifaqı dağılana qədər Xəzərin sərhədləri SSRİ ilə İran arasında müəyyən edilirdi. Beynəlxalq Dəniz Konvensiyasına görə, Xəzər göldür, qapalı dəniz hesab olunur. Qapalı dənizdə isə ərazi suları ortaq xətt prinsipi üzrə bölünməlidir. Həmin dövrdə İranla yalnız SSRİ-nin sərhədləri var idi. SSRİ-nin süqutundan sonra isə bu müzakirələr yalnız vaxtilə Sovet İttifaqının tərkibində olan, Xəzərin sərhədində yerləşən dörd ölkə arasında aparılmalı idi. Amma İran da bu proseslərə qoşuldu. Elə bu müzakirələrdə ən üstün qeyri-konstruktiv mövqe də İranın idi. Bu günə qədər Xəzərin statusu ilə bağlı ziddiyyətlərin ortaya çıxmasında İran baş rol oynayırdı. Daha öncə də qeyd etdiyim kimi, yalnız Azərbaycanın, Qazaxıstanın və Rusiyanın bu məsələdə sərgilədiyi mövqe nəticə etibarı ilə Konvensiyanın imzalanmasına gətirib çıxardı.

Konvensiyada bir sıra mühüm iddialar yer alıb. Qənaətimə görə, Konvensiyanın özü beynəlxalq hüquqi sənəd kimi bundan sonra Xəzərlə bağlı bütün mübahisələrə son qoyacaq. Bundan sonra hər hansı bir ölkə, o cümlədən, İran bu və digər iddialarla çıxış edə bilməyəcək. Hər hansı pozuntuya yol verildiyi halda isə məsələ beynəlxalq məhkəməyə çıxarılacaq və problem çıxaranlara qarşı sanksiyaların tətbiq edilməsinə yol açacaq.

Xəzərin hüquqi statusu ilə bağlı sənədin imzalanmasında Azərbaycanın mövqeyini uğurlu hesab etmək olar və əslində, Xəzərlə bağlı ən aktiv mövqe nümayiş etdirən, müzakirə masasında daim beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə davranan da hər zaman Azərbaycan olmuşdur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm