Xəzərin hüquqi statusunun müəyyən edilməsi ölkəmiz üçün iqtisadi imkanlar yaradır - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Xəzərin hüquqi statusunun müəyyən edilməsi ölkəmiz üçün iqtisadi imkanlar yaradır - Millət vəkili

“Xəzər dənizinin hüquqi statusu barədə dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, uzun illərdir müzakirə olunan bu problemin həllini tapmamasında səbəb Xəzərin göl, yoxsa dəniz kimi bölünməsindəki fikir ayrılıqları idi.

Onun sözlərinə görə, bu bölgü isə ədalətli prinsip əsasında aparılıb: “1996-ci ildən danışıqlara başlayan 5 Xəzəryanı ölkə dünyanın ən böyük qapalı su hövəzsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümumi çərçivələri razılaşdırdı. SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başladı. İran Xəzərin bölünməsini göl prinsipi üzrə - yəni, hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə dəniz prinsipi üzrə - orta xətt prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Keçən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin, Qazaxsan və Türkmənistan öz aralarında dənizin şimal hissəsini orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar. 22 il ərzində 5 sammit keçirildi. Nəhayət ki, dünən keçirilən sonuncu sammitdə Xəzərin dibinin dəniz, suyunun isə göl kimi bölünməsi razılaşdırıldı. 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Konvensiyasını bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, Konvensiyadakı “Dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda, Xəzərin suyunun və təkinin tərkibi və forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqından ayrıca sazişin olmasını labüd edirdi. İmzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir. Onun əsas ideyası: Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyildir, dəniz-gölün bölünməsini ümumi prinsipləri müəyyən olunub və bundan sonra qonşu tərəflər arasında olan konfliklər ikitərəfli qaydada həll edilməlidir, 5 tərəfli yox. Bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi”.

T.Mirkişili bu bölgünün ölkəmizə gətirəcəyi iqtisadi imkanlardan da danışıb: “ABŞ-ın "Energy İnformation Administration" (EİA) təşkilatının təqribi hesablamalarına görə, Xəzərin neft və qazla zəngin təkində 6.5 mlrd ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trln dollardır.

İndiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçiriblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olub və hətta bəzi hallarda silahların münaqişə təhülkələri yaranıb. Belə mübahisələr Qazaxsan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olub. O zaman mübahisə edən tərəflər arasında əsas arqument bu idi: Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb, bunu üçün ayrıca sazişlər tələb olunur. Azərbaycan-Rusiya-Qazaxstan və Qazaxstan-Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran bu məsələdə tərəddüd edirdi, amma artıq o da ümumi qaydalara imza atdı. İran ciddi sankiyalar altındadır, indiki halda qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Onun üçün ən önəmli məsələ olan təhlükəsizlik məsələsi konvesiyada öz əksini tapıb. Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qəvvələrini mövcud ola bilməsini özündə əks etdirən Konvensiya, eyni zamanda bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir.

İndiyə qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasında da mane olurdu.

Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər. Doğrudur, Konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydaları bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razılıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək.

Qeyd etmək istərdim ki, Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 mlrd kub metr qazın ixracına imkan verə bilər.

Ümumilikdə, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çox önəmlidir və Azərbaycan illər boyunca irəli sürdüyü mövqe ilə üst üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində tranzit nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm