Millət vəkili: “Bu saziş Ermənistanda böyük narahatlıq yaradıb”
Bizi izləyin

Nida Təhlil

Millət vəkili: “Bu saziş Ermənistanda böyük narahatlıq yaradıb”

“Xəzərin hüququ statusunun müəyyən edilməsi 5 ölkənin hər biri üçün böyük uğurdur. Ölkələr siyasi gündəlikdə olan ağır bir məsələni razılaşma ilə həll etdilər”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı sazişin imzalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bundan sonra hər bir ölkənin gəmiləri həm ümumi Xəzər hövzəsində sərbəst hərəkət edə, həm də dünya okeanına çıxış əldə edə biləcəklər.

“Bu, gəmiçilik və onunla bağlı olan sahələrin inkişafına böyük təkan verəcək, hər bir ölkə üçün çox sayda iş yerlərinin yaradılması, dənizlə bağlı sahələrin inkişafına, investisiya cəlb edilməsinə səbəb olacaq. Bu sazişlə dövlətlər həm də Xəzər dənizinin sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi barəsində razılıq əldə etmiş oldular. Bu isə mehriban qonşuluq siyasətinin daha da güclənməsi deməkdir. Ən vacib faktor isə digər ölkələrin müdaxiləsi və dəstəyi olmadan beş dövlət razılığa gəlməsidir. İmzalanan saziş hər birinin maraqlarına cavab verir.

Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə zəngin olduğunu nəzərə alsaq, Konvensiyanın imzalanması ölkələrin bu istiqamətdə sərbəst hərəkət etməsinə, layihələr həyata keçirməsinə və bundan milyardlarla dollar gəlir əldə etməsinə imkan yaradacaq. Xəzərin hüquqi statusunun bu cür müəyyən edilməsi bütün dünyaya məsələlərin danışıqlar və mehriban qonşuluq siyasəti ilə həll edilməsinin mümkünlüyünü göstərdi”.

Millət vəkili sazişin Azərbaycanla bağlı vacib olan xüsusi məqamlarına da toxunub. Onun sözlərinə görə, ilk növbədə bu, Xəzər probleminin Azərbaycan üçün artıq həll edilməsi deməkdir:

“Bundan başqa, Azərbaycan artıq Konvensiya çərçivəsində Xəzərdə onun sektoruna aid olan sahələrdə neft tədqiqatı ilə məşğul ola biləcək. Azərbaycan gəmiçiliyin inkişafı, gəmilərimizin dünya okeanına çıxması barədə razılıq əldə etdi. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycanın gəmi donanmasında 260 müasir gəmi var. Bunlar vasitəsilə Azərbaycan həm özünün, həm də digər ölkələrin yükünü daşıyacaq. Bu istiqamətdə iqtisadiyyatını inkişaf etdirəcək. Bu Konvensiyanın bağlanması Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanda böyük narahatlıq yaradıb. Artıq dünən Ermənistanın tanınmış siyasətçiləri bildirdilər ki, onlar ölkələrində siyasi çəkişmələrlə məşğul olduğu vaxtda, Azərbaycan növbəti bir uğura imza atdı. Onlar Azərbaycanın daha da güclənməsindən ciddi narahatçılıq keçirir. Konvensiyanın əldə edilməsi, Prezident İlham Əliyevin bu məsələyə ciddi diqqət yetirməsi, öz maraqları ilə, qonşu dövlətlərin milli maraqlarını qorumaq istəyi nəticəsində mümkün oldu”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm