Elmar Vəliyevin vəzifəsindən azad olunma SƏBƏBİ
Bizi izləyin

Nida Təhlil

Elmar Vəliyevin vəzifəsindən azad olunma SƏBƏBİ

“İcra başçılarının dəyişdirilməsi və bu posta kimin təyin olması Prezident İlham Əliyevin tam səlahiyyətindədir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı və bir sıra rayonlara yeni icra başçılarının təyin olunmasını ehtiva edən sərəncamını şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin vəzifədən azad edilməsində hər hansı qeyri-adi səbəb axtarmaq doğru deyil:

“Bu gün təkcə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev deyil, bir neçə rayonun və şəhərin icra başçısı dəyişdirildi. Bu təyinatlar prezidentin konsitutsion səlahiyyəti çərçivəsindədir. Ona görə də mənə elə gəlir ki, prezidentin səlahiyyəti çərçivəsində olan təyinatlarla bağlı hər hansı fikir söyləmək yerinə düşməz. Prezident işlərin hansı şəkildə görülməsini, kimə həvalə etməsini hər kəsdən yaxşı bilir.

O ki qaldı, Elmar Vəliyevin əvəz edilməsinə. Bu şəxs Gəncə icra başçısı təyin edilməzdən öncə Yevlaxda həmin vəzifənin icraçısı olub. Bu isə o deməkdir ki, Elmar Vəliyev prezidentin etimadını qazanan bir şəxs olub. Prezidentin bugünkü dəyişiklikləri şəhərlərin və rayonların infrastrukturunun, rifahının yaxşılaşdırılması dəyişikliklərin aparılması və inkişafın təmin olunması məqsədilə aparılıb. Elmar Vəliyevin isə səhhətinin bərpası üçün müəyyən müddət dincəlməyə ehtiyacı var. Burada xüsusi bir səbəb axtarmaq məntiqsizdir. Elmar Vəliyevə də Allahdan can sağlığı, şəfa diləyirəm. Sağlamlığına qovuşduqdan sonra prezident bəlkə ona başqa vəzifə etibar etdi, bəlkə özü hər hansısa arzuladığı işlə məşğul olmaq istədi - bu isə gələcəyin işidir”.

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub. Onun yerinə Niyazi Bayramov təyin edilib.

Xatırladaq ki, N.Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu. Etibarlı mənbədən aldığımız məlumata görə, E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsdən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır. Belə ki, son günlər yayılan görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını gösətərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm