Nida Təhlil
İlham Əliyevdən 10 gündə 3 MÜHÜM GEDİŞ və NƏTİCƏLƏR
Prezident İlham Əliyev son 10 gündə 3 ölkəyə mühüm səfər etdi.
Bu səfərlər Azərbaycanın xarici ölkələrlə ikitərəfli
münasibətlərinin inkişafı və iqtisadi dividendlər əldə edilməsi ilə
nəticələndi.
Rusiyaya səfər
Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər
etdi. Azərbaycan lideri Soçidə Rusiya prezidenti Vladimir Putinlə
görüşdü. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ kimi
mühüm məsələ müzakirə olundu. Görüşün nəticəsi olaraq Azərbaycan və
Rusiya arasında 15-dən çox sənəd imzalandı.
Belə ki, “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın
prioritet istiqamətləri haqqında Birgə Bəyanatı” Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin imzaladılar. Sonra “Rosneft” Neft Şirkəti
Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin
Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu
şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi
haqqında Saziş”, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt”,
“Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma
istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Kiçik
və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar
Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma
haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə
Yol Xəritəsi”, “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac
Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi
sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji
əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Hökuməti
ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər
və boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük
nəzarəti haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə
Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə
daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə
sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, “Azərbaycan
Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında
turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan
Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında
idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan
Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında
rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında
Memorandum”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə
Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye
sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”,
“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz
əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində
əməkdaşlıq haqqında Saziş”, “Rusiya-Azərbaycan əməkdaşlığının
başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti
arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” imzalandı.
Azərbaycan və Rusiya liderləri ikitərəfli münasibətlərin yüksək
səviyyədə inkişaf etdiyini, bundan sonra da əməkdaşlğın daha da
artacağını vurğuladılar. Rusiya lideri Dağlıq Qarabağ münaqişənin
həlli üçün səylərini davam etdirəcəklərini, Azərbaycan lideri də
buna ümid etdiklərini bildirdi. Daha sonra Prezident İlham Əliyev
prezidenti Vladimir Putini Azərbaycan səfərə dəvət etdi. Azərbaycan
liderinin Soçi səfərindən sonra Putinin sentyabrın 25-də Baklıya
səfər edəcəyi haqda rəsmi məlumat yayıldı. Bu səfər də iki ölkə
arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Türk Zirvəsi
Prezident İlham Əliyev Soçi səfərindən sonra, sentyabrın 2-də
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak
etmək üçün Qırğız Respublikasına səfərə etdi. Bu səfər türkdilli
ölkələrin əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkələrlə
münasibətlərinin inkişafı üçün müsbət çalarları ilə seçildi.
Prezident İlham Əliyev zirvə görüşündə çıxışı zamanı bildirdi ki,
Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır.
“Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim
əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat,
humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl
nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da
bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm
ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki
fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”, - dövlət başçısı
qeyd edib.
Azərbaycan lideri həmçinin, türkdilli ölkələri Bakı-Tbilisi-Qars
dəmir yolu xəttindən istifadə etməyə dəvət edib: “Azərbaycan qardaş
ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son
illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub
və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim
Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara
çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni
zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz
qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə
dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı
ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün
sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər
zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə
də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl
investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz
Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu
davam etdirəcəyik. Bütövlükdə biz qardaş ölkələrə investisiyaların
qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki,
bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş
ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb.
Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə
qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə
nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir
yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol
Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi
artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat
damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin
icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur.
Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən
bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən
Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq
Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir”.
Bu səfərin nəticəsi ilk növbədə türkdilli ölkələrin Azərbaycana
marağının daha da artmasıdır. Azərbaycan lideri türkdilli ölkələrin
rəhbərlərini ölkəmizə investisiya qoymağa dəvət etdi və BTQ kimi
mühüm layihədə iştiraka çağırdı.
Avropaya səfər və yeni bazarların əldə
edilməsi
Prezident İlham Əliyev bu zirvədə iştirakdan sonra, sentyabrın 5-də
Xorvatiyaya səfər etdi. Bu səfər Avropaya daşınacaq Azərbaycan qazı
üçün yeni bazarın açılması və Avropa İttifaqına üzv ölkə ilə
münasibətlərin bir qədər də yaxşılaşdırılmasına hesablanmışdı.
Azərbaycan lideri səfər zamanı buna nail oldu.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Xorvatiya
prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə geniş
tərkibdə görüş keçirilib. Daha sonra Azərbaycan-Xorvatiya
sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət
Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni
əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər
naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət
naziri xanım Nina Obuljen Korzinek imzalayıblar. “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının
Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya
Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım
Mariya Vuçikoviç imzalayıblar.
Prezident İlham Əliyev bildirib ki, Xorvatiya və Azərbaycan sözün
əsl mənasında strateji tərəfdaşlardır.
“Bizim siyasi dialoqumuz çox fəal aparılır... Strateji tərəfdaşlıq
əlaqələrimiz genişlənir, güclənir...Bizim energetika sahəsində
əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin
icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı
olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər
3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın
nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd
seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin
mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında
isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm
ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa
məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə
növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da
böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər. Əlbəttə ki,
Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il
ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları
keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil
olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da
imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox
əhəmiyyətli danışıqlar aparılmaqdadır”, - Azərbaycan lideri
vurğulayıb.
Xanım prezident Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, Azərbaycan
və Xorvatiya əsl dostdur: “Biz bir-birimizi Avropa İttifaqı
çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı
ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə
bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə
sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. İqtisadi
əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı
komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr
irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir... Xorvatiya
gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir.
Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox
ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak
edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə
çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk
adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu,
Azərbaycanın enerji bazarlarına çıxışını daha da
genişləndirəcək”.
Liderlərin də vurğuladığı kimi ikitərəfli münasibətlər yüksək
səviyyədədir. Lakin Prezident İlham Əliyevin Xorvatiyaya səfəri
Balkanlara açılım kimi də dəyərləndirmək olar. Balkanlar dünyanın
ən qarmaqarışıq, eyni zamanda, strateji bölgələrindəndir. Bu
bölgədə əlaqələrə sahib olmaq Azərbaycanın xarici strategiyası
baxımından mühümdür.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissəsi olan TANAP-ın
açılışı keçirilib, hazırda TAP-ın tikintisi uğurla aparılır. Bakı
gələcəkdə Balkanların da qaz bazarına girməyi planlaşdırır.
Azərbaycan liderinin Xorvatiyaya səfəri də məhz bu kontekstdə
diqqət çəkir.
Göründüyü kimi, Azərbaycan liderinin şaxələndirilmiş şəkildə
apardığı xarici siyasət ölkəmizə həm siyasi, həm də iqtisadi
cəhətdən dividendlər gətirir.
Publika.az
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR