Düşmən tir-tir əsir, ordumuz erməni texnikasını MƏHV EDƏCƏK - Hərbi ekspert AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Düşmən tir-tir əsir, ordumuz erməni texnikasını MƏHV EDƏCƏK - Hərbi ekspert AÇIQLADI

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı rejim aviasiya təlimlərinə başlayıb. Məlumata görə, təlimlər 25-28 sentyabr tarixində həyata keçiriləcək.

Publika.az
xəbər verir ki, Ermənistanın Azərbaycan torpaqlarında yaratdığı kukla rejimin bu addımı cəbhədə vəziyyətin gərginləşməsi ilə nəticələnə bilər.

Beynəlxalq hüquqda Dağlıq Qarabağ Azərbaycan ərazisi olaraq tanınır, Qarabağın hava məkanı da Azərbaycanın hava məkanına daxildir. Ermənistan Qarabağda hava limanı açsa da, Azərbaycanın vura biləcəyi ehtimalına görə indiyə qədər heç bir təyyarə havaya qaldıra bilməyib. İndi Qarabağın hava məkanında aviasiya uçuşlarının həyata keçirilməsi Azərbaycana istənilən təyyarəni vurmaq haqqı verir.

Azərbaycan Müdafiə Nazirliyi yaydığı bəyanatda bildirilir ki, “Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur. Ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Publika.az-a açıqlamasında Qarabağ hava məkanında istənilən hərbi obyekti zərərsizləşdirməyin Azərbaycanın beynəlxalq konvensiyalara əsaslanan hüququ olduğunu deyib.



Hərbi ekspert hesab edir ki, Azərbaycan öz hüququndan istifadə edəcək.

“Burada maraqlı məqam odur ki, ATƏT-in Minsk qrupu buna səssiz qalır. BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı qəbul etdiyi qətnamələrinə barmaqarası yanaşırlar. Ermənistanın təxribat addımlarına yumşaq halda desək, göz yumurlar. Ermənistanın baş naziri daxili siyasətdə reytinq qazanmaq üçün öz övladını Azərbaycan torpaqlarında hərbi xidmət etməyə göndərir. Bu, beynəlxalq hüquqda böyük cinayətdir, lakin həmsədr ölkələr buna heç bir reaksiya vermir”, - deyə o bildirib.

E. Həsənli qeyd edib ki, Ermənistan və onun yaratdığı qondarma rejim Azərbaycanın işğal altındakı ərazilərində dəfələrlə hərbi təlimlər həyata keçirib.

“İndi də aviasiya uçuşları həyata keçirir. Azərbaycanın reaksiyası təbii və hüquq normalarına uyğundur. Lakin ermənilər anlamırlar ki, Azərbaycan Ordusu hərəkətə keçəcəksə, onlar üçün ağır nəticələr olacaq. “Aprel müharibəsi” bunun əyani sübutudur. Bu gün Ermənistan ordusunun zabitləri Azərbaycan Ordusunun qarşısında tir-tir əsirlər. Çünki onlar “aprel müharibəsi”ndə bizim gücümüzü gördülər. Bütün bunlara baxmayaraq, yeni hakimiyyət daxili siyasətdə xal qazanmaq üçün bölgədə müharibə vəziyyətini qızışdırır. Hərçənd, Azərbaycan 2014-ci ildə təmas xəttində yaxınlaşan erməni helikopterini məhv etdiyi kimi bu dəfə də işğalçı ölkənin istənilən uçan hərbi obyektini məhv edəcək”, - deyə hərbi ekspert vurğulayıb.



2014-ci ilin 12 noyabrında işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirən erməni hərbi birləşmələrinin helikopteri Ağdam istiqamətində təmas xəttinə yaxınlaşan vaxt Azərbaycan hərbiçilərinin açdığı dəqiq atəş nəticəsində məhv edildi. Həmin vaxt Ermənistan bu məsələni beynəlxalq platformada Azərbaycana qarşı “hərbi cinayət” kimi təqdim etməyə çalışsa da, böyük dövlətlər və dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq hüquqa əsas belə bir addım atdığını qəbul etdilər. İndi eyni situasiya yenidən təkrarlanır və Ordumuz düşmənin istənilən təxribatına ağır cavab verəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm