Paşinyanla döyüşdə SON SƏHNƏ: İrəvandakı ölüm-qalım qarşıdurmasının PƏRDƏARXASI DETALLARI
Bizi izləyin

Nida Təhlil

Paşinyanla döyüşdə SON SƏHNƏ: İrəvandakı ölüm-qalım qarşıdurmasının PƏRDƏARXASI DETALLARI

Ermənistan ötən gün parlament qanunvericiliyinə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və "Çarukyan" blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq baş nazir Paşinyanın təklifi ilə iclası boykot edib.

Qanun layihəsi parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır.

Bu, baş nazir Nikol Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edilə bilər. Belə ki, növbədənkənar seçkilərlə parlamentdə çoxluğu ələ keçirməyə çalışan Paşinyana qarşı artıq digər fraksiyalar birləşiblər. Parlamentdə çoxluğa sahib Sərkisyanın Respublikaçılar Partiyası, “Çarukyan” bloku və “Daşnaksütyun”la parlamentdə 3/2 səs çoxluğunu tam təmin edib.

Ermənistanda baş verən hadisələri Publika.az-a açıqlamasında şərh edən politoloq Elnur Soltan deyib ki, əsas problem Konstitusiyanın Paşinyanın əleyhinə və parlamentdə çoxluğun onun rəqiblərinin əlində olmasıdır.

“Bu, anormallıqdır. Cünki parlamentar sistemlərdə baş naziri parlamentin çoxluğunun iradəsi seçər. Amma Paşinyan Ermənistan küçəsini gətirib siyasətə qarışdırdı və Konstitusiyanın – parlament çoxluğunun üzərindən xətt çəkərək küçənin təzyiqi ilə məcburi şəkildə özünü baş nazir postuna otuzdurdu. 1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi küçəyə, Mütəllibov isə hakimiyyətə nəzarət edirdi və o gərginlik 1994-cü ilə qədər qaynamağa davam etdi. Ermənistan indi Azərbaycanın o anlarını yaşamaqdadır. Küçənin hakimi olan bir insan var, amma nə parlament, nə də Konstitusiya bunun dəstəkçisidir. Paşinyanın strategiyası nədir: küçənin dəstəyi emosionaldır, onun dəstəyi uzun müddət davam etməz və onu institutlaşdırmaq, parlamentdəki çoxluğa çevirmək lazımdır. Paşinyanın strategiyası küçənin dəstəyini yeni seçkilərə çevirərək özünün dəstəkçilərini parlamentə və hakimiyyətə gətirməkdir”, - politoloq bildirib.

Onun sözlərinə görə, keçmiş prezident Serj Sarkisyanın qoyub getdiyi konstitusiya Paşinyan üçün problem yaradır:

“Bu konstitusiya deyir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinin ancaq bir yolu var: baş nazir istefa verərək oyundan çıxır, bundan sonra parlament iki dəfə baş nazir seçməyə cəhd edir, seçə bilməsə parlament özünü buraxaraq növbədənkənar seçkilər keçirilir. Problem ondan ibarətdir ki, hadisələr bu ssenaridə inkişaf edə bilər: Paşinyan istefa verir, parlament çoxluğunu əlində saxlayan Sarkisyan və Qarabağ klanının tərəfdarları özlərinin baş nazirlərini seçirlər və Paşinyan ofsayt vəziyyətində qalır. Paşinyanın qorxusu budur. O istəyir ki, özü istefa versin, ancaq küçənin təzyiqi ilə parlament yeni baş naziri seçməsin və növbədənkənar seçkilər keçirilməsin. Amma indi Sarkisyan və Qarabağ klanı bir çevriliş etdi. Qəbul edilən qanun layihəsinə görə, əgər baş nazir istefa versə və iki cəhddə baş nazir seçilməsə, parlament özünü buraxmır. Bu qanunu Respublika Partiyası, “Daşnaksütyun” Partiyası və “Çarukyan” bloku dəstəklədi. Paşinyana qarşı bir çevriliş həyata keçirdilər. Paşinyan bunun dəhşəti ilə tərəfdarlarını yenidən parlamentin qabağına topladı və onlara təzyiq altında qəbul etdirdi ki, “mən istefa verəcəm, siz də iki dəfəyə heç kimi seçməyəcəksiniz və yeni seçkilərə gedəcəyik”. Onlar qorxularından buna “hə” dedilər. Amma belə bir vəziyyət var, o qanun artıq parlamentdən keçib. Ermənistan qanunlarına görə, qanun parlamentdən keçibsə, prezident tərəfindən imzalanmalı və qüvvəyə minməli, əks halda Konstitusiya Məhkəməsinə getməlidir. Orda da bir oyun gedəcək. Paşinyan dedi ki, bu qanunu prezident imzalamasın, Konstitusiya Məhkəməsinə göndərilsin və orada ləğv olunsun. Və nəticə etibarilə iki qrup arasında mübarizə gərginləşir. Belə olması çox gözəl hadisədir və istəyərdik ki, heç bir qrup üstünlük qazanmasın, pat vəziyyəti davam etsin” .

Paşinyanın hakimiyyətə gətirilməsi dönəmində onu müdafiə edən “Daşnaksütyun” Partiyası və “Çarukyan” blokunun indi əks mövqedə yer almasına gəlincə, Elnur Soltan bunun səbəbini belə izah edib:

““Daşnaksütyun” və “Çarukyan” pis-yaxşı sistem partiyalarıdır. Onların sistemdə müəyyən maraqları var. Onlar oliqarxlaşıblar, iqtisadi maraqları var, siyasi cəhətdən kökləniblər və qorxurlar ki, yeni parlament seçkilərində əllərində olan kresloları itirərlər. İkincisi, Rusiyanın təzyiqi var. Rusiya Paşinyana güvənmir və bunu öz kanalları ilə ifadə elətdirir, bu adamların çəkici eyni nöqtəyə vurmalarını təmin edir. Hesab edirəm ki, Sarkisyanın komandası da bunun döyüşün son pərdəsi olduğunu anlayır və Daşnaksütyun”a, həm də “Çarukyan”a müəyyən təkliflər ediblər. Həm daxildə indiki güclərini itirmək qorxusu, həm də Rusiyadan gələn təkliflər və təhdidlər onları bilinməyən bir Paşinyan əvəzinə, bildikləri və indiyə kimi iş gördükləri adamlarla bir yerdə olmağa yavaş-yavaş təhrik edir”.

Növbədənkənar parlament seçkilərinin Paşinyanın proqnozlaşdırdığı kimi dekabrda baş tutub-tutmayacağına, ümumilikdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyinə gəlincə, müsahibimiz bildirib ki, bunu proqnozlaşdırmaq çətindir. Politoloq hesab edir ki, burada Rusiyanın mövqeyi çox həlledici olacaq.

“Rusiyanın prosesi necə görmək istəməsi çox həlledici olacaq. İkincisi, ermənilər öz daxilində uzlaşmaya gedə biləcəklərmi? Paşinyan onlara söz versə ki, filan maraqlarınıza toxunmayacağıq, onda bəlkə uzlaşaraq seçkilərə gedə bilərlər. Yaxud mümkündür ki, küçənin təzyiqi qarşısında dayanmaq mümkün deyil, həyatlarını belə itirə bilərlər, bu halda da seçkilərə gedə bilərlər. Amma bu olmadığı təqdirdə, sonrakı ssenari hər iki istiqamətdə gedə bilər. Əsas təsiredici faktorlar Rusiyanın mövqeyi və Paşinyanın Rusiya ilə rəqibləri tərəfindən necə qəbul edilməsidir. Ermənilərdə daxili qarşıdurma heç vaxt bu qədər ziddiyyətli olmamışdı. Artıq ox yaydan çıxıb və həm yeni, həm də köhnə komanda üçün döyüşün son səhnəsi olması təəssüratı formalaşıb. Bilirlər ki, qarşıdakı 2-3 ay ərzində ya kimsə hər şeyi uda, ya da hər şeyi uduza bilər. Amma istənilən budur ki, proses olduğu kimi davam etsin. Hər zaman zəif tərəfi dəstəkləməyi unutmamalıyıq ki, qarşıdurma – pat vəziyyəti bir neçə il davam etsin”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm