İrəvanı faş edən 6 FAKTOR: Paşinyan Azərbaycanla bağlı nələri hesaba QATMAYIB?
Bizi izləyin

Nida Təhlil

İrəvanı faş edən 6 FAKTOR: Paşinyan Azərbaycanla bağlı nələri hesaba QATMAYIB?

"Ermənistan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına mane olacaq".

Bu, gülüş və istehza doğuracaq fikirlərin müəllifi Ermənistanın baş naziri Nikol Paşinyandır. İşğalçı ölkənin baş naziri hesab edir ki, ölkəsinin belə bir imkanı var.

“Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü, yaxud müşahidəçisi olmayacaq. Azərbaycan bununla bağlı təşkilata müraciət etsə, biz buna mane olacağıq. Ermənistan heç vaxt icazə verməyəcək ki, Bakı bizim üçün ən vacib hərbi-siyasi təşkilatda üzv olsun, yaxud müşahidəçi statusu alsın. Azərbaycanın bu hərbi ittifaqa daxil olması ilə bağlı söhbətlərin əsası yoxdur”, - deyə o bildirib.

Bu, İrəvandan səsləndirilən analoji bəyanatlardan birincisi deyil və çox güman ki, sonuncusu da olmayacaq. Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan avqustun 28-də İrəvanda jurnalistlərə bildirmişdi ki, Azərbaycanın KTMT və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) məsələsinə baxılarsa Ermənistan öz veto hüququndan istifadə edəcək.

"Həqiqətən analitik dairələrdə belə müzakirələr gedir, lakin bu müzakirələr ehtimallara əsaslanır. Ermənistan XİN-in rəsmi mövqeyi belədir: Azərbaycanın KTMT və Aİİ-yə üzvlüyü məsələsinə baxılarsa, Ermənistan öz veto hüququndan istifadə edəcək", - A.Naqdalyan bildirib.

O fikrini belə qüvvətləndirmişdi ki, KTMT və Aİİ-də qərarlar konsensus ilə qəbul olunur.

Rəsmi Bakının bu bəyanata cavabı özünü çox gözlətməmişdi. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin o vaxtkı rəhbəri Hikmət Hacıyev bildirmişdi ki, Ermənistan KTMT-nin yeganə üzvü deyil. Baxmayaraq, ki, rəsmi İrəvanın da bildirdiyi kimi, təşkilatda qərarlar konsensus əsasında qəbul edilir, amma yaxşı məlumdur ki, təşkilatda varlığı ilə yoxluğu bilinməyən Ermənistanın veto hüququndan istifadə etmək üçün nə iradəsi, nə də gücü var. Bir çox məqamlar Ermənistanın sözügedən məsələ ilə bağlı mövqeyinin əsassız olduğunu, gülünc və çarəsiz göründüyünü açıq şəkildə ortaya qoyur.

1. Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı yalnız Ermənistandan ibarət deyildir. Təşkilatın üzvlüyündə olan Rusiya Federasıyası, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan kimi ölkələrlə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri vardır.

Bu ölkələrdən biri - Qazaxıstan KTMT və Aİİ-də Ermənistanla birgə təmsil olunmasına baxmayaraq, Dağlıq Qarabağ məsələsində həmişə açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyib. Misal üçün, 2015-ci ildə Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv seçilərkən, prezident Nursultan Nazarbayev Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi və Azərbaycana açıq dəstək verdi. 2016-cı ildə “aprel müharibəsi” zamanı da Astana Bakını sona qədər dəstəklədi. Bu tarixi təcrübə fonunda İrəvan narahatlığını gizlətmir və rəsmi Astananın ittifaqın öhdəlikləri tələb etdiyi üçün İrəvanı deyil, dini və soykökləri baxımından daha yaxın olan Azərbaycanı dəstəklədiyini açıq şəkildə etiraf edib.

2. Təşkilatın sözügedən üzv dövlətləri etibarlı və layiqli dost və tərəfdaş ölkə olaraq, Azərbaycanla KTMT arasında əməkdaşlığın inkişafında maraqlıdırlar.

Azərbaycanın iqtisadi, siyasi, ən əsası hərbi imkanları KTMT-yə üzv dövlətlər üçün kifayət qədər cəlbedicidir və onlardan heç biri Ermənistanın hansısa maraqları naminə Azərbaycan kimi strateji bir ölkə ilə əməkdaşlıqdan imtina etməz. Rusiyalı politoloq, Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrov bir müddət əvvəl məsələ ilə bağlı “Sputnik” agentliyinin suallarını cavablandırarkən bildirmişdi ki, hazırda Azərbaycanla Rusiya arasında iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədədir.

“Bizim cənub qonşularımızla sərhəddə təhlükəsizlik elə Rusiyanın cənubunda təhlükəsizlik deməkdir. Moskva Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqı kimi kimi təşkilatlara daxil olması məsələsinə əsla müdaxilə etməyəcək”, - politoloq söyləmişdi.

Rusiyalı məşhur politoloq, Kremlin ideoloqu sayılan Aleksandr Duqin də ölkəsinin Azərbaycanı KTMT-nin tərkibində görmək istədiklərini dilə gətirib.

3. Təşkilatın nizamnaməsinin 4-cü maddəsinə əsasən, KTMT qarşısında təşkilatın üzvü olmayan digər dövlətlərlə dostluq əlaqələrinin qurulması və inkişaf etdirilməsi vəzifələrdən biri kimi müəyyən edilmişdir. Həmçinin, təşkilatın nizamnaməsinin 21-ci maddəsinə əsasən, təşkilata üzv olmayan dövlətə müşahidəçi statusu verə bilər.

4. Üzv ölkə olmasına baxmayaraq, görünür Ermənistan 7 oktyabr 2002-ci ildə qəbul edilmiş Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Nizamnaməsi ilə tanış deyildir.

Həmin sənədin 20-ci maddəsinə əsasən, üzv dövlət tərəfindən nizamnamə əsasında öz öhdəliklərini yerinə yetirilmədiyi təqdirdə, onun üzvlüyü dayandırıla bilər. Yəni, KTMT-nin Şurası tərəfindən həmin ölkənin təşkilatdan çıxarılması barədə qərar qəbul edilə bilər. Bu halda sözügedən ölkənin səsi nəzərə alınmır.

Bundan başqa, KTMT-nin Nizamnaməsinin müvafiq bəndinə uyğun olaraq, müşahidəçi statusu çoxluğun razılığı yolu ilə də alına bilər.

5. Ermənistan Azərbaycanın KTMT ilə əməkdaşlığına mane olmağa çalışdığı təqdirdə, Ermənistanın öz üzvlüyü bu təşkilatda dayandırıla bilər.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın indiki hakimiyyəti Soros fondunun diktəsi ilə oturub-duraraq KTMT və onun üzv dövlətlərinin nüfuzdan salınmasına xidmət edən siyasət yürüdür. Baş katibin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar insident bunun açıq nümunəsidir.

6. KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, “iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər”.

Bu əsasda da Azərbaycana qarşı gücdən istifadə edərək, hərbi təcavüz törətmiş dövlət olaraq, Ermənistan KTMT əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur.

Xatırladaq ki, 1992-ci ilin mayında Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsini (KTMT) imzalayıblar. Azərbaycan sazişi 24 sentyabr 1993-cü ildə, Gürcüstan 9 sentyabr 1993-cü il, Belarus 31 dekabr 1993-cü ildə imzalayıb. Müqavilə 20 aprel 1994-cü ildə qüvvəyə minib və 5 il uzadılması nəzərdə tutulub. 1999-cu il aprelin 2-də Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri müqavilənin növbəti beş il müddətinə uzadılması haqqında protokol imzalayıblar. Lakin Azərbaycan, Gürcüstan və Özbəkistan müqaviləni uzatmaqdan imtina ediblər. Buna baxmayaraq, 1993-cü ildə Azərbaycan KTMT-ni imzalamaqla Avrasiyada siyasi-hərbi inteqrasiyaya ən azından açıq olduğunu nümayiş etdirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm