Ermənilərin Zatulin dili...
Bizi izləyin

Nida Təhlil

Ermənilərin Zatulin dili...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Mili Məclisin deputatı Qüdrət Həsənquliyevin Rusiya haqqında fikirləri Moskvada yuva qurmuş erməni lobbisini, xüsusilə bu lobbinin ən fəal üzvlərindən olan Konstantin Zatulini hərəkətə keçirtdi.

K.Zatulin iddia etdi ki, Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. O iddialarını davam etdirərək qeyd etdi ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq, başqa cürdür.

Təbii ki, bu Zatulinin sərsəm iddialarıdır, nəzərə alsaq ki, o indiyə qədər Azərbaycana qarşı kifayət qədər belə sərsəm fikirlər səsləndirib, bu, o qədər də təəccüblü deyil. Hərçənd, Zatulinin Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini olması onun fikirlərinə daha peşəkar yanaşmasını tələb edir, çünki tutduğu post səsləndirdiyi fikirlərin Rusiya dövləti adından qəbul edilməsinə səbəb ola bilər. Lakin görünür Zatulini təmsil etdiyi dövlətin maraqları yox, Moskva restoranlarının birində erməni dostlarının onun üçün verəcəyi içki qonaqlığı və nə qədər qazanc əldə edəcəyi maraqlıdır.

Bu baxımdan, onun növbəti sərsəmləməsi o qədər təəccüblü deyil. Sadəcə olaraq, bu sərsəmləmə regionda baş verən proseslər fonunda diqqət çəkir və əslində bu sözləri kağıza yazıb Zatulinin əlinə verənlərin məqsədini aydınlaşdırır.

Qüdrət Həsənquliyevin açıqlaması özünün də dediyi kimi, şəxsi mövqeyidir və bunu Azərbaycan dövlətinin adından qəbul etmək, yaxud təqdim etmək absurddur.

“Mən Zatulindən fərqli olaraq iqtidarı təmsil etmirəm, Azərbaycan hökuməti də heç vaxt Rusiya müxalifətinin təmsilçilərinin çıxışlarına rəsmi reaksiya verməyib. Çox böyük ehtimalla mənim parlamentdəki çıxışım məqsədyönlü təhrif olunmuşdu ki, Rusiyadakı müəyyən qüvvələrə ötürülsün. Əvvəla Zatulindən fərqli olaraq mən Azərbaycanın Rusiya ilə yaxınlaşmasını istəyirəm. Hətta Qarabağın azadlığı qarşılığında Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional ittifaqlara qoşulmasının mümkünlüyünü də dəfələrlə vurğulamışam. Bir şərtlə ki, Rusiya Qarabağ probleminin həllində ədalətli mövqe tutsun və imkan versin ki, biz öz torpaqlarımızı işğaldan azad edək. Mənim müdaxiləmdən sonra təhrif aradan qaldırıldı. Zatulin bunu bilməmiş deyildi. Bu da onu göstərir ki, ona sadəcə bəhanə lazım imiş. Zatulin əslində həm də Bakıda mənə qarşı təxribat edən əlaltılarına dəstək vermək üçün Azərbaycana hücum edib. Milli Məclisdə mən deməmişdim ki, Rusiya bizim torpaqları işğal edib, demişdim ki, işğalçının arxasında Rusiya dayanır. Bu isə sübuta ehtiyacı olmayan aksiomadır. Onu da vurğulamışdım ki, bəzi adamlar məqsədyönlü gərginlik yaradıb bizi müharibəyə sürükləyir, lakin bu zaman biz Ermənistan-Rusiya cütlüyü ilə üz-üzə qala bilərik. Qoy, Zatulin desin ki, mən səhv edirəm və Rusiya Çeçenistanda öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, Azərbaycan da güc tətbiq etməklə ərazi büövlüyünü bərpa edə bilər”, - deyə Həsənquliyev məsələyə münasibət bildirib.

Ortada yanlış təqdim edilən fikir və bu yanlışığı siyasi fürsətə çevirmək istəyən qüvvələr var. Zatulinin fikirlərinə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı kontekstində yanaşanda hər şey məlum olur.

Bakı və Moskva arasında son dövrlərin ən müsbət atmosferi yaranıb. Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Həmin görüşdə 15-dən çox ikitərəfli sənəd imzalandı. Ardınca Vladimir Putin sentyabrın 27-də Bakıya səfər etdi və Azərbaycan paytaxtında Dağlıq Qarabağ münaqişəsindən tutmuş regional təhlükəsizliyə qədər bir sıra ciddi məsələlər müzakirə olundu. Ermənistanın gözlədiyinin əksinə olaraq Putin İrəvana səfər etmədi və Uşakovun dili ilə “vaxtının olmadığını” bildirdi. Bölgədə şərtlər Azərbaycanın xeyrinə formalaşmağa davam edir. Ermənistan yeni baş nazir Paşinyanın timsalında Moskvadan qaçmağın əzabını yaşadıqları vaxt, Bakı şərtləri öz xeyrinə dəyərləndirir.

Azərbaycan və Rusiyanın yaxınlaşdığı vaxtda erməni lobbisi klassik üslubunu işə salaraq, Zatulinin üzərindən fitnə toxumları səpməyə başladı. Zatulindən açıqlama alan medianın “rusarminfo” olması da bütün daşların yerinə oturması deməkdir.

Hədəf Azərbaycanda müxalif siyasətinin fikirlərini təhrif etmək və bunu rəsmi Bakının mövqeyi kimi təqdim edərək, Moskva-Bakı xəttində çatların yaradılmasıdır. Bu hədəfə çatmaq üçün Zatulinin seçilməsi də təsadüfi deyil.

Konstantin Zatulin qoyun dərisi geyinmiş tülkü rolunu oynayır. Çünki o, bütün siyasi karyerası boyunca erməni lobbisinin qulu olub. Hətta Batumidə doğulan bu şəxsin ermənilərlə qohumluğunun olması da istisna deyil.

Zatulin daim Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı ittiham edir, erməni işğalını legitimləşdirməyin lazım olduğunu bildirir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər etdiyi üçün rəsmi Bakının “qara siyahısı”na düşüb. Belə bir şəxsin ermənilərin uazdığı iddiaları təkrarlayaraq, Rusiya-Azərbaycan münasibətlərini pozmağa cəhd etməsi təsadüfi deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm