Azərbaycan Fransa şirkətləri ilə əlaqələri yenidən gözdən keçirə bilər - Qarabağ TƏXRİBATI
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Fransa şirkətləri ilə əlaqələri yenidən gözdən keçirə bilər - Qarabağ TƏXRİBATI

Bu yaxınlarda Fransanın bir neçə bələdiyyə başçısı (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib.

Publika.az
xəbər verir ki, beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozan bu şəxslərin səfərləri Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejimi ilə “dostluq dərnəyi”nin digər üzvlərinin belə səfərlərə qoşulması onların sifarişli xarakter daşıdığını açıq-aşkar şəkildə sübut edir.

Fransa bələdiyyə başçılarının qeyd edilən səfərləri qondarma rejimin sui-istifadə etdiyi işğal və azərbaycanlıların kütləvi etnik təmizləmələri əsasında qurulan status-kvonun təşviqi üçün nəzərdə tutulmuş təxribat xarakterli addımlardır. Belə ki, Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə “bəyannamə”lərin imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmə nəticələri ilə razılıq bildirilməsi deməkdir.

Yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və Yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimat məcburi xarakter daşıyır.

Lakin məlum olmayan səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir.

Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir və həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.

Fransa XİN tərəfindən qondarma rejimin tanınmaması barəsində verilən açıqlama qənaətbəxş xarakter daşımır. Fransa nəinki tanımamalı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Özünü mühacir adlandıran bəzi Azərbaycan vətəndaşları Fransanın ərazisində yerləşərək ölkəmizdə terror və zorakılığa çağıran bəyanatlarla çıxış edirlər. Fransa hökuməti tərəfindən nifrət nitqi əsasında terrora və zorakılığa çağırış edən bu şəxslərin fəaliyyətinin qarşısını almaq üçün heç bir hüquqi tədbir görmür.

Fransanın şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada Suez, Total, Thales və sair digərlərini qeyd edə bilərik. Bunun müqabilində Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi kontekstində tutduğu mövqeyi məqbul deyil. Əgər Fransa Azərbaycana münasibətdə bu kimi mövqeyini sərgiləməkdə davam edəcəksə, Azərbaycan Fransa şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər.

Bu qanunsuz səfəri şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Fransanın mərkəzi hökumətinin qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti göstərdiyini deyib.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik. Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mərkəzi qaydada imzalanmış təmimi təlimata baxmayaraq, Fransanın bəzi şəhərlərinin rəhbərləri Fransadakı erməni lobbisinin təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir və hərbi işğal altında olan şəhərlərlə müxtəlif qeyri-qanuni sənədlər imzalayırlar. Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır", - deyə E.Əhmədov bildirib.

O əlavə edib ki, bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin rəhbərləri, o cümlədən Sent-Etyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır:

"Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər, Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi, eləcə də rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub".

Professor əlavə edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr var:

"İnsan hüquqları universal və bərabərhüquqlu xarakter daşıyır. Hazırda sayı 80 min nəfərdən artıq olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, o cümlədən sayı 33 mindən artıq olan Şuşa sakininin Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində fundamental hüquqlarının kobud şəkildə pozulması şəraitində Dağlıq Qarabağın yalnız erməni icmasının hüquqlarından danışmaq ədalətsizlik və insan hüquqlarına hörmətsizlikdir".

E.Əhmədov vurğulayıb ki, Ermənistan tərəfinin atəşkəs rejiminin arxasında gizlənərək bu kimi riyakar və cılız addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməsi siyasəti heç zaman gözlənilən nəticəni verə bilməz: "Münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.

Biz Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının Azərbaycanın sərhədləri və ərazi bütövlüyü çərçivəsində yenidən birlikdə sülh şəraitində yaşamasına inanırıq. Yalnız bu halda regionda dayanıqlı və ədalətli sülh təmin oluna bilər. Fransa hökumətini isə ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm