"Prezidentin bu bəyanatı ciddi xəbərdarlıqdır" - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

"Prezidentin bu bəyanatı ciddi xəbərdarlıqdır" - Millət vəkili

“Prezidentin Ağdama səfəri sadəcə olaraq hansısa bir regiona səfər kimi dəyərləndirilməməlidir. Onsuz da, cəmiyyət prezidentin vaxtaşırı Azərbaycanın bütün bölgələrinə səfər etməsini, həmin regionların inkişafı ilə bağlı vacib qərarların qəbul etməsini artıq həyati norma kimi qəbul edib. Ancaq qeyd etmək lazımdır ki, Ağdam cəbhə bölgəsidir və Ağdamın inkişafına diqqət edilməsi - Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü ciddi prinsip kimi qarşısına qoyması deməkdir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərini şərh edərkən deyib.

Millət vəkili prezidentin çıxışında geniş yer verdiyi Azərbaycan dilinin qorunması məsələsinə diqqət çəkib:

Prezidentin Azərbaycan dili ilə bağlı söylədiyi fikirlər həm də vətənpərvər bir vətəndaş mövqeyidir. Azərbaycan dilinə xarici ünsürlərin təsiri Azərbaycan elmi, xüsusilə, dilşünaslıq qarşısında çox ciddi vəzifələr qoyur. Eyni zamanda, cənab prezidentimiz Azərbaycan dilində danışmağın təmiz nümunəsini göstərir. Bu gün hər bir kəs hansı vəzifədə işləməsindən asılı olmayaraq, Azərbaycan dilinin təmizliyinin qorunmasında, onun zənginləşdirilməsində maraqlı olmalıdır. Prezidentimizin nümunəsi isə dilimiz qarşısında, kütləvi informasiya vasitələri - saytlar, televiziyalar qarşısında ciddi məsələlər qoyur. Təəssüf ki, bu gün bir çox kütləvi informasiya vasitələri bayağı dildə danışmağı, xarici sözlərə üstünlük verməyi, vulqar sözlərə müraciət etməyi özləri üçün yaxşı göstərici hesab edirlər. Prezidentin bu bəyanatı, hesab edirəm ki, onlar üçün ciddi xəbərdarlıq mahiyyəti daşıyır”.

A.Mirzəzadə prezidentin Azərbaycanın “Dağlıq Qarabağ” probleminin həlli ilə bağlı mövqeyinin dəyişməz olması və Ermənistanın əvvəlki səhvlərini təkrarlamamasına dair sözlərini xüsusi vurğulayıb:

“Digər tərəfdən, cənab prezident Ağdam ictimaiyyəti qarşısında təkcə regionla bağlı deyil, həm də dövlətçiliyimizlə bağlı bəzi məsələləri qaldırdı. O, Ermənistanın hazırkı rəhbərlərinə əvvəlki cinayətkar rəhbərlərin səhvlərini təkrarlamamağı tövsiyə etdi. Qeyd etdi ki, Azərbaycan heç zaman öz ərazi bütövlüyündən imtina etməyəcək. Həmçinin, onun beynəlxalq məsələlər barəsində yürütdüyü fikirlər Azərbaycanın beynəlxalq platformada ciddi rol oynadığını göstərir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm