• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Vaşinqtonun Paşinyandan QARABAĞ TƏLƏBİ, kəşfiyyat şefindən ŞOK İDDİA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Vaşinqtonun Paşinyandan QARABAĞ TƏLƏBİ, kəşfiyyat şefindən ŞOK İDDİA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Avropa Parlamentinin deputatları Angela Merkeldən “Şimal axını 2” kəmərinin tikintisini dayandırmağı xahiş ediblər. Moskva İŞİD və “Əl-Qaidə” terror qruplaşmaları barədə təhlükəli proqnozunu açıqlayıb. İran banklarının SWIFT sistemindən kənarlaşdırılması Avropa İttifaqını hərəkətə keçirdi. ABŞ-da noyabrın 6-da keçirilmiş aralıq seçkilərində ilkin nəticələrə görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında əksəriyyəti respublikaçılardan aldı.

“Ermənistanın yeni rəhbərliyinə münaqişənin həlli prosesinin hərtərəfli öyrənilməsi üçün yəqin ki, zaman lazımdır”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“ABŞ Qarabağda müharibə başladaraq, Rusiyanı vurmağı planlaşdırır”. Bu iddia ilə Ermənistan parlamentinin Respublika Partiyasından olan deputatı Artaşes Qeqamyan çıxış edir.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçılar hərbi təlimlərə başlayıb. Bu gün başlayan hərbi təlimlər 10 noyabr tarixinə qədər davam edəcək.

Bu təlimlərin Nikol Paşinyanın Qarabağa gəlməsi və təmas xəttində erməni əsgərlərə təlimatlar verməsindən sonra başlanması xüsusi diqqət çəkir. Məlumdur ki, Azərbaycan torpaqlarına yerləşdirilən qoşunlar Ermənistan ordusunun bölmələridir. Nikol Paşinyan Qarabağa son gəlişində də əsgərlərlə çəkdirdiyi şelfini “Adımız Ermənistan ordusudur” sözləri ilə sosial şəbəkə hesabında paylaşmışdı. Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi də İrəvanın illərdir “Qarabağ özünümüdafiə qüvvələri” iddialarının absurd olduğunu göstərir. Bu baxımdan, təlimlərin məhz Paşinyanın göstərişinə əsasən keçirildiyi şübhəsizdir. Bu hadisələr fonunda Ermənistanın gizli şəkildə müharibəyə hazırlaşdığı ehtimalları da gündəmdədir.

İŞİD və “Əl-Qaidə” terror qruplaşmaları tərəfdarlarının cəlb edildiyi informasiya sahəsində birləşirlər. Bunu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində bildirib.

O qeyd edib ki, hər iki struktur eyni metodlardan və ideoloji mübarizə üsullardan istifadə edir.

“Ümumi internet-auditoriyaya yönəldilmiş vahid informasiya sahəsi yaradılır”, - FTX-nin direktoru əlavə edib.

Aleksandr Bortnikov həmçinin vurğulayıb ki, sözügedən təşklatlar bəzi hallarda eyni mənbələrdən maliyyələşdirilirlər.

İran banklarının SWIFT (Ümumdünya Banklararası Telekommunikasiya Birliyi, beynəlxalq ödənişləri həyata keçirir – red.) sistemindən kənarlaşdırılması Avropa İttifaqını hərəkətə keçirdi. Avropa İttifaqının sözçüsü Maya Kosiyançiçin sözlərinə görə, qurum İranla sazişlərin saxlanılması üçün mexanizmin yaradılması üzrə işi sürətləndirib.

“Biz İran banklarının SWIFT sistemindən çıxarılması barədə qərarı təəssüflə qarşıladıq. Çünki, bu, beynəlxalq maliyyə sisteminin bütövlüyünə təsir edə bilər. Xüsusi Məqsədli Mexanizmə gəlincə, iş davam edir və indi o sürətləndirilib. Bu, Avropa biznesinin İranla qanuni ticarətinin davam etdirilməsini təmin etmək üçün edilir”, - o brifinqdə jurnalistlərə bildirib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ikinci paketinin tətbiq edilməsindən sonra mərkəzi ofisi Belçikada yerləşən SWIFT yazılı bəyanat verib. Dünya miqyasında banklar arasında elektron transferi təmin edən SWIFT ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxil olmasını təxirə saldıqlarını açıqlayıb.

ABŞ-da noyabrın 6-da keçirilmiş aralıq seçkilərində ilkin nəticələrə görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında əksəriyyəti respublikaçılardan aldı. Amma respublikaçılar Senatda üstünlüyü saxlamağı bacardılar. Aralıq seçkilərində adətən ənənəvi müxalifət qalib gəlir, çünki, seçicilər qəsdən və bilməyərəkdən hakim partiyanın təsirini tarazlaşdırmağa çalışırlar. Konqresin hər iki palatası və Ağ Evdə respublikaçıların üstünlüyü var idi və bu, siyasi tarazlığı avtomatik pozurdu.

Sorğulara əsasən, immiqrasiya, səhiyyə və iqtisadiyyat Amerika seçiciləri üçün seçkilərdə prioritet mövzu oldu.

Kreml Konqres seçkisindən sonra Moskva-Vaşinqton münasibətlərində çətinliklərin olacağını gözləmir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Münasibətlər çətin ki, pisləşə. Onsuz da hər şey indiki zamanda çox ağırdır. Rusiya dünyanın heç bir ölkəsində, o cümlədən ABŞ-da seçkiyə müdaxilə etməyib, etmir və bundan sonra da etməyəcək”, – deyə o bildirib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) futbol üzrə dünya çempionatında terror aktlarının həyata keçirilməsi üçün pilotsuz təyyarələrdən istifadə etməyə çalışan terrorçuların cəhdlərinin qarşısını alıb. Bu haqda xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, idarə xarici azarkeşlərə hücumları planlaşdıran 7 qruplaşmanı ifşa edib. Bortnikov qeyd edib ki, terrorçuların nəzarətsiz olması terror üçün dronların tətbiqi ilə nəticələnə bilərdi.

Qeyd edək ki, futbol çempionatı 2018-ci ilin 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçirilib.

Rusiya Prezidenti Vladimir Putin noyabrın 11-də Parisdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşməyəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan öncə Netanyahu ilə Putinin Parisdə görüşünün baş tutacağı haqqında məlumat yayılmışdı. İsrail tərəfi görüşün ən azından ayaqüstü baş tutacağını bildirmişdi.

Avropa Parlamentinin 100 deputatı Almaniya kansleri Angela Merkelə müraciət edərək, ondan “Şimal axını 2” kəmərinin tikintisini dayandırmağını xahiş ediblər. Merkel müraciət edən deputatlar arasında sağ mərkəzçilər, sosialistlər, liberal demokratlar yer alıb.

Məktubda deputatlar Almaniyanın bu qaz kəməriylə bağlı mövqeyinin Avropanın maraqlarına zidd olduğunu bildiriblər. Onlar Rusiyanın bununla AB-yə təsir üçün əlavə rıçaqlar əldə etdiyini vurğulayıblar.

Qeyd edək ki, Avropa Parlamentində ümumilikdə 750 deputat var.

“Resurslar, maliyyələşmənin həcmləri, hətta bu ərazilərin silahlı dəstəklənməsi azalır. Vəziyyət artıq dəyişir. Aydındır ki, radikal dəyişikliklər Rusiyada resursların olmadığı bir vaxtda baş verəcək”. Bunu Rusiyanın Donbas münaqişəsi ilə bağlı siyasətini şərh edən Dövlət Dumasının sabiq deputatı Konstantin Borovoy “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR