Müqəddəs məkanda 30 il qabaqkı çirkin şou - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Müqəddəs məkanda 30 il qabaqkı çirkin şou - ŞƏRH

Dünən Azərbaycanın Milli Dirçəliş günü tarixində özünü “Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Milli Dirçəliş günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunub, onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər. Onlar qeyri-qanuni əməllərini cəhd edərkən həmişəki kimi məkanında fərqinə varmayıblar. Unudublar ki, şou göstərdikləri məkan - Azərbaycan xalqının ziyarətgahı Şəhidlər Xiyabanıdır. Unudublar ki, Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycanın çox mühüm ziyarət yerlərindən biridir. Onu da unudublar ki, Azərbaycan dövləti, hüquq-mühafizə orqanları qnunun aliliyini rəhbər tutaraq sabitliyi pozacaq, xalqın rahatlığını təhdid edəcək heç bir qeyri-qanuni hərəkətə yol vermir və verməyəcək.

Publika.az radikal müxalifətçi qrupların törətdikləri çirkin əməllə bağlı millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrənib.

Millət vəkili bildirib ki, dünənki hadisə bir daha göstərdi ki, şərait dəyişsə də radikal müxalifətçilər dəyişməyəcək:

"Xalqımızın müqəddəs məkanında və milli bayram günü cəhd edilən dünənki qeyri-qanuni aksiya bunun bariz sübutudur. Onlar hələ də 30 il bundan əvvəlki mühitin ab-havası ilə yaşayırlar. Onlar üçün milli dövlətçilik, hüquqi dövlət, vətəndaş cəmiyyəti anlayışı yoxdur. Hər bir azərbaycanlıya müqəddəs olan 17 noyabr milli dirçəliş günündə hamı kimi həmin dövrü şərəflə xatırlamaq, bu tarixin qəhrəmanlarını hörmətlə anmaq əvəzinə stabilliyi pozmaq və radikal addımlarla diqqəti özlərinə çəkməyə çalışdılar. Razılaşdırılmamış aksiya keçirməyə cəhd etmək, polisə müqavimət göstərmək, 17 noyabr amallarını bir tərəfə qoyaraq, partiya, şəxsi maraqlarını qabartmağa çalışmaq, bu gün AXCP-nin və onun ətrafında olan bir qrup insanın xarakteristikasıdır".

A.Mirzəzadənin fikrincə, bu hadisələr radikal müxalifətin hazırda Azərbaycanda hər hansı sosial dayağının, dəstəyinin olmadığına da əsaslı sübutdur:

"Onlar cəmiyyətə özlərini heç nə ilə sübut edə bilmirlər. Nə yaradıcılıq proqramları, nə demokratiyanın inkişafı ilə bağlı digər ideyaları, nə də ölkəmizin milli məqsədləri üzrə orijinal fikirləri var. Onları maraqlandıran yeganə amil ölkədə stabilliyi pozmaq, nə yolla olursa-olsun diqqəti özlərinə cəlb etməkdir. Dünən bu çirkin niyyətin bir daha şahidi olduq. Mümkündür ki, onlar bu tapşırığı xaricdən alıblar. Nəzərinizə çatdırım ki, Bakıda vaxtaşırı keçirilən beynəlxalq tədbirlər ərəfəsində məhz AXCP-nin hətta rəhbərlərinin iştirakı ilə şəhərin bu və ya digər yerlərində provokasiyalı mitinqlər keçirməyə dəfələrlə cəhd edilib. Digər vaxtlarda isə onlar görünmür, siyasi proseslərdə hər hansı iştirakları yoxdur.

AXCP-nin dünənki hərəkəti Azərbaycanın özünə inamından narazı qalan xaricdəki anti-Azərbaycan dairələrinin onlara verdiyi tapşırıq idi. Amma dövlətimiz yenə öz gücünü, hüquqa bağlılığını ən əsası dincliyi pozmağa heç kimə icazə verməyəcəyini bir daha nümayiş etdirdi".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm