• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Zurabişvilinin xarici siyasəti: Qərb, yoxsa Rusiya?

Zurabişvilinin xarici siyasəti: Qərb, yoxsa Rusiya?

Sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsi:

- Prezident seçkilərindən sonra Gürcüstan-Rusiya münasibətlərində hansısa dəyişiklik gözlənilirmi?

- İnanmıram ki, Gürcüstan-Rusiya münasibətlərində irəliyə doğru güclü addımlar atılsın. Çünki Rusiya faktiki olaraq, Gürcüstanı parçalayır, onun ərazilərinin bir hissəsini ilhaq edib. Beləliklə, Gürcüstan dövlətçiliyinə böyük bir zərbə vurub. İndi belə bir cəsarətli adam tapıla bilməz ki, Rusiyanın elədiklərinə rəğmən onunla münasibətləri əvvəlki səviyyəsinə qaytarsın. Onsuz da Gürcü Arzusu Partiyası hakimiyyətə gələndən sonra Bidzina İvanişvilinin təşəbbüsü ilə Rusiya ilə ticarət əlaqələrində dönüş yaradıldı. Yəni Gürcüstanla ticarətə qoyulmuş əvvəlki embarqo götürüldü. Gürcüstanın əsasən alkoqollu içkiləri Rusiya bazarına göndərilməyə başladı. Bundan əvvəl isə Rusiya ilə Gürcüstan arasında aviasiya əlaqələri bərpa edildi. Ona qədər Rusiya ilə hava əlaqələri demək olar ki, dayandırılmışdı. Eyni zamanda Rusiya ilə diplomatik əlaqələr durdurulmuşdu. Faktiki olaraq Gürcüstanın Moskvada, Rusiyanın Tiflisdə diplomatik missiyası yoxdur. Amma Rusiyanın təşəbbüsü ilə Gürcüstanla Rusiya arasında gediş-gəliş viza sistemi ilə həyata keçirilir. Bidzina İvanişvili nə qədər çalışsa da, bunu aradan qaldıra bilmədi. Çünki elə o zaman Gürcüstan həmçinin MDB-dən də çıxmışdı. İndi münasibətlər və ticarət əlaqələri bərpa edilib.

Prezident seçkilərinə qədər Gürcüstan Rusiya qarşısında daha bir güzəştə getməyə məcbur oldu. Bu da ondan ibarət idi ki, Ermənistanla Rusiya arasında əlaqələri bərpa etmək üçün hələ Çar Rusiyası dövründən adı Gürcüstan hərbi yolu olan hərbi yol iki qola ayrıldı. O qoldan biri əvvəl Gürcüstan ərazisindən keçərək, Rusiyaya gedirdisə, artıq o, işğal edilmiş Cənubi Osetiya ərazisindən keçirildi. Çünki qış aylarında qarın çox yağmasına görə köhnə yol hər zaman qarla örtülü olurdu və buradan hərəkət minimuma enirdi. Cənubi Osetiyadan keçən yol isə daimi işlək vəziyyətdədir. Rusiya məsələni belə şərh etdi ki, guya Ermənistandakı hərbi bazalarına, orada yaşayan hərbçilərinə lazımi məhsulları tədarük edə bilmir və bu yolun açılmasına ehtiyac duyur. Bir sözlə, Bidzina İvanişvili bu məsələdə də Rusiyaya güzəştə getdi. Faktiki olaraq, Rusiya-Ermənistan əlaqələri üçün daha yaxşı bir şəraitin yaradılmasına nail oldu. Həmin yoldan Rusiya təkcə hərbi bazalara yük daşımır, eyni zamanda, Ermənistana taxıl və digər ticarət məhsulları göndərir. Yəni Ermənistanın blokada vəziyyətinə iri maneələrdən biri aradan qaldırıldı.

İvanişvilinin dövründə Ermənistanın Poti dəniz limanından istifadə etməsi qaydalarına da dəyişikliklər edildi. Ermənistanın bu liman vasitəsi ilə dənizə çıxışına şərait yaradıldı.

- Bundan sonra da Gürcü Arzusu Partiyası Rusiyaya bu cür güzəştlər edəcəkmi?

- Yeni prezident Zurabişvili nə qədər də desə ki, Rusiya ilə əlaqələr qaydaya salınmayacaq, faktiki olaraq indiyə qədər İvanişvilinin təşəbbüsü ilə həyata keçirilən müəyyən tədbirlər Rusiyanı da, Ermənistanı da qane edəcək səviyyədədir. Sadəcə olaraq, Gürcüstandan keçən dəmir yolunun bərpasına Tiflis icazə vermədi. Bu da Gürcüstanın özünün maraqlarına ziddir. Çünki dəmir yolunun böyük hissəsi Abxaziyadan keçir. Bu, Abxaziya üçün də sərfəli şərait yaradardı və onun güclənməsinə gətirib çıxarardı. Ona görə də Gürcüstan buna icazə vermədi.

Digər tərəfdən, Rusiya bölgədə elə bir siyasət aparmır ki, bu, münasibətlərin həlimləşməsinə gətirib çıxarsın. Məsələn, hələ də Rusiya Abxaziya, Cənubi Osetiyanın - hər iki bölgənin özünə birləşdirilməsi istiqamətində müəyyən tədbirləri davam etdirir. Bu tədbirlərin də ana xəttini həmin bölgələrin vətəndaşlarına Rusiya pasportunun verilməsi təşkil edir. Bununla faktiki olaraq həmin ərazilərdə yaşayan sakinlər Rusiya vətəndaşlığına keçir. Artıq bu proses bir neçə ildir ki, aparılır və demək olar ki, başa çatmaq üzrədir.

Abxaziya və Cənubi Osetiya ilə diplomatik əlaqələr mövcud olsa da, faktiki olaraq, hər iki tərəf Rusiyaya birləşdirilmiş ərazilər kimi davranır. Demək olar ki, Rusiyanın təlimatı ilə hərəkət edirlər. Bu isə Gürcüstanın ərazilərinin 20%-dən çox hissəsinin işğal altında olması, Rusiya tərəfindən ilhaqı deməkdir. Bu reallığın üzərindən Rusiya-Gürcüstan münasibətlərini hər hansısa bir səviyyəyə qaldırmaq qeyri-mümkündür.

- Gürcüsatanın xarici siyasətində Azərbaycan mühüm yer tutur. Seçkinin nəticələri Azərbaycanla münasibətlərə nə dərəcədə təsir edəcək?

- Gürcüstanın bu gün xarici ticarət əlaqələrində, ölkənin büdcəsinin qorunub möhkəmləndirilməsində Azərbaycan mühüm rol oynayır. Azərbaycanın reallaşdırdığı bütün iqtisadi layihələrdə Gürcüstan iştirak edir və bundan çox böyük mənfəətlər qazanır. Bu isə Gürcüstanın iqtisadi durumuna ciddi surətdə təsir edir. Seçkinin nəticələrinin iki ölkə arasındakı münasibətlərə hər hansı formada təsir edəcəyini düşünmürəm.

- Bəs Qərblə Gürcüstanın münasibətləri necə olacaq?

- Gürcüstan qərbyönümlü siyasət həyata keçirməkdə davam edəcək. Tiflis NATO ilə yaxınlaşma siyasətinə davam edir və NATO-ya daxil olmaq fikrini açıq şəkildə bəyan edir. NATO-da da bu fikir qəbul edilib və bu istiqamətdə hazırlıq işləri aparılır. Hazırda NATO-nun Gürcüstanda qərargahı var. Vaziani aerodromunun yenidən qurulub NATO-nun böyük bir hərbi hava bazasına çevrilməsi istiqamətində işlər aparılır. Bütün bunlar onu göstərir ki, xanım Zurabişvili daha çox bu istiqamətə diqqət yetirəcək və Gürcüstan-Qərb əlaqələrinin möhkəmlənməsinə töhfə verə biləcək.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR