Rusiyanın tərəddüdlü mövqeyi və KTMT-nin... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Rusiyanın tərəddüdlü mövqeyi və KTMT-nin... - ŞƏRH

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi planlaşdırılan sammiti təxirə salınıb. Sammiti gündəmdə saxlayan əsas məsələ isə təşkilata baş katiblik edən ermənistanlı Yuriy Xaçaturovun istefasından sonra posta hansı ölkənin nümayəndəsinin təyin ediləcəyidir. Qaydalara görə, bu post Belarusdan olan nümayəndəyə təqdim edilməlidir. Çünki KTMT-nin prosedur və rotasiya qaydalarına görə baş katiblik vəzifəsinin icrası əlifba sırası ardıcıllığına uyğun olaraq aparılır. Yəni təşkilata daxil olan ölkələrin adı əlifba sırası ilə düzülür və bu qanunauyğunluqla baş katibliyi icra edəcək şəxsin hansı ölkəyə mənsub olması seçilir.

Qanunla 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, uğursuzluqla üzləşib. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilməyib.

Məlumdur ki, Ermənistan 9 dekabrda parlament seçkilərinə gedəcək. Nikol Paşinyan hazırda bu seçkilərdə nüfuzuna təsir edəcək ən xırda detalı belə gözdən qaçırmaq istəmir. Əgər sammitdə KTMT-ya baş katiblik vəzifəsinin seçilməsində Ermənistan yenidən uğursuzluqla üzləşsə, bu, Paşinyanın nüfuzuna birbaşa təsir edə bilər və seçkilərin nəticəsi onun əleyhinə olar. Buna görə Sankt-Peterburq sammitinin parlament seçkilərindən sonrakı bir vaxta təxirə salınması Paşinyan siyasətini məmnun edir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, sammitin parlament seçkilərinə görə təxirə salınması nəzəri cəhətdən də mümkündür:

“Nikol Paşinyan hazırda məzuniyyətə çıxdığını elan edib. O, əvvəlcə, Sankt-Peterburqa gedəcəyini bəyan etmişdi. Amma sonradan açıqlama verdi ki, getməyəcək. Ola bilər ki, bu, Rusiyaya təsir edib. Və Rusiya Ermənistanda yeni intriqaların baş qaldırmaması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburq sammitinin vaxtını dəyişdirərək bir ay sonraya təyin edib. Onu da deyə bilərik ki, bu məsələdə Rusiyanın öz maraqları da var. Rusiya KTMT-ya yeni baş katib gətirilməsi məsələsində tərəddüdlü mövqe tutmaqdadır. Hətta bu ölkə Belarusun nümayəndəsinin baş katibliyə təyin edilməsini, sanki istəmir və etiraz edir.

Zənnimcə, Moskvanın niyyəti ondan ibarətdir ki, təşkilatda baş katibin birinci müavini olan rusiyalı nümayəndə gələn ilin sonunadək baş katibin vəzifələrini icra edən şəxs kimi vəzifədə qalsın. Bu da Rusiyanın maraq və mövqelərinə tamamilə uyğundur. Fikrimcə, hadisələr bu ssenari istiqamətində həll olunacaq və bu siyasət rəsmi İrəvanı da məmun edir. Çünki hazırda Rusiya və Ermənistan KTMT-nın baş katibliyinə Belarusun keçməsini qətiyyən istəmir.

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Nikol Paşinyan bildirib ki, Vladimir Putinlə telefon danışığı edib və sammitin təxirə salınması ilə bağlı razılığa gəlinib. Səbəb isə odur ki, Ermənistan sammitə gedərkən baş katibliklə bağlı yekun qərarın artıq hazır olmasını istəyir. Bu açıqlama sübut edir ki, Rusiya bu məsələlərdə rejissor rolunu oynayır və Ermənistanı da özünün siyasi manevrləri ilə təmin edir. Belə bir razılaşmanın olmasını mümkün hesab etmək olar. Çünki Rusiyanın hərəkətləri onu göstərir ki, o, Ermənistanla həm baş katibliyə namizəd, həm də sammitin keçirilmə vaxtı məsələsində həmfikirdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm