• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qarabağ klanı zərərsizləşdirilsə, o zaman Paşinyan... - ŞƏRH

Qarabağ klanı zərərsizləşdirilsə, o zaman Paşinyan... - ŞƏRH

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 dekabrda keçirilməsi nəzərdə tutulan Sankt-Peterburq sammiti 1 ay sonrakı tarixə təxirə salınıb.

Bu, hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən ilk dəfə mediaya açıqlanmışdı. Paşinyan həmin açıqlamada bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinlə sammitin təxirə salınması ilə bağlı razılığa gəlib.

Sammitin təxirə salınmasının ən real səbəbi kimi Ermənistanda 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri göstərilir. Çünki hazırda Ermənistan KTMT-nin baş katibliyi postunu Belarus təmsilçisinə vermək istəmir və istefaya gedən Yuri Xaçaturovun yerinə 2020-yə qədər baş katiblik edəcək yeni namizəd göndərmək niyyətindədir. Əgər Nikol Paşinyan bu yeni namizədi Sankt Peterburq sammitinə qədər təyin edə bilməsəydi, o zaman bu uğursuzluq parlament seçkilərində onun əleyhinə işləyəcəkdi. Uğursuzluğun qarşısını almaq üçün də sammitin keçirilməməsi, təxirə salınması daha məqsədəuyğun görünür.

Paşinyanın bu etirafından sonra onunla Vladimir Putin arasındakı münasibətlərlə bağlı ekspert dairələrindən müxtəlif fikirlər, iddialar səsləndirilib. Maraqlıdır ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə Rusiyanı qıcıqlandıran, qərbyönümlü siyasətilə diqqət cəlb edirdi. Lakin indi Rusiyanın sammiti təxirə salması ilə Paşinyanın nüfuzunu qorumaq istədiyi təəssüratı yaranır.

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, məsələyə iki faktorla yanaşmaq olar:

“Birincisi, nəzərə almaq lazımdır ki, Ermənistan bir üzv ölkə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak edir. Rusiya isə - Ermənistanın təbirincə desək – hərbi siyasi müttəfiqidir. Şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərin və təşkilatda birgə təmsil olunmanın prinsipləri bəzi məqamlarda pozulub. Bunlar da təbii ki, başqa münasibətlərdə müəyyən məsələlərlə bağlı güzəştə getməyə məcbur edib. Ermənistan, onsuz da, KTMT-dəki mövqelərini itirib. Təşkilatın baş katib postunun da yenidən Ermənistana veriləcəyi ehtimal olunmur. Belə olduğu təqdirdə, onu nə iləsə müəyyən qədər razı salmaq lazımdır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyanla Putinin razılığı ictimaiyyətə açıqlanıb. Əgər açıqlanmasaydı, Rusiyanın Nikol Paşinyanı bu və ya digər şəkildə müdafiə etdiyi ortaya çıxardı. Amma bu məsələ açıqlanıb. Lakin açıqlandığı üçün də daha pis effekt yaradıb. Çünki bu açıqlama ilə Ermənistan cəmiyyətinə açıq şəkildə mesaj verilib ki, Ermənistan KTMT-dəki mövqelərini itirib. Yəni, Paşinyanın seçkilərdə iştirakına görə Rusiya ilə razılaşma əldə edilib ki, seçkilərdə Paşinyana hər hansı maneə yaranmasın. Əslində, bu məsələnin üzrü günahından betərdir. Açıqlama Paşinyanın tamamilə ifşa olunması deməkdir. Onun bütün siyasi məqsədlərinin yalnız seçkilərdə qalib gəlməkdən ibarət olduğunun Ermənistan cəmiyyətinə çatdırılmasıdır.

Digər tərəfdən, Paşinyan burada özünü qərbyönümlü siyasətçi kimi tanıtmağa çalışırsa, addımlar atırsa, bu həm də Qərb tərəfinə mesajdır ki, Paşinyan ikili siyasət yürüdür.

Hazırkı vəziyyətdə Rusiya heç bir halda Paşinyana dəstək vermir. Burada dəstək amili yoxdur. Əgər Rusiya prezidentinin xarici məsələlər üzrə köməkçisi Yuli Uşakov bu məsələni gündəmə gətirməsəydi, daha sonra Ermənistan tərəfi təkzib etməsəydi, yenidən Mariya Zaxarova tərəfindən bu məsələ ikinci dəfə gündəmə gətirilməsəydi, o zaman fərqli fikirlər söyləmək olardı. Ancaq indiki şəraitdə Rusiya tərəfinin Sankt-Peterburq sammitini Paşinyana görə təxirə salmasını açıqlaması Paşinyanın mövqelərinin seçkiqabağı zəiflədilməsinə xidmət etmir, nəinki, möhkəmlənməsinə".

Elçin Mirzəbəyli bildirib ki, Nikol Paşinyanla Vladimir Putin arasında əldə olunmuş bu razılıqda Dağlıq Qarabağ amilinin olub-olmamasını bizə gələcək göstərəcək: "Çünki məsələ ilə bağlı belə bir fikir səsləndirilir ki, Paşinyan seçkilərdə qalib gələrək Qarabağ klanını Ermənistan siyasətindən kənarlaşdırmaq niyyətindədir. Və Putin də düşünür ki, Qarabağ klanı zərərsizləşdirilsə, o zaman Paşinyan işğal olunmuş torpaqlarla bağlı irəliyə doğru yeni, müstəqil addım ata bilər. Bununla da Qarabağ münaqişəsinə dair irəliləyiş əldə olunar.

Bu gün ölkəmizin kütləvi informasiya vasitələrində səsləndirilən 5 rayonun azad olunması, daha sonra Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşdirilməsi ilə bağlı hər hansı razılaşmanın əldə olunması iddiaları da parlament seçkilərindən sonra Ermənistanda ümumi siyasi vəziyyətdən sonra daha aydın şəkildə ortaya qoyulacaq.

Bildirilir ki, Rusiya Paşinyanı dəstəkləyir. Ona görə ki, Dağlıq Qarabağ klanı hakmiyyətdən getsin. O zaman sual olunur: Qarabağ klanını hakimiyyətə kim gətirmişdi? Nə üçün klan geri çəkilməyə məcbur edilir? Bu, Rusiyanın maraqlarına xidmət edirmi? Məsələyə Rusiyanın maraqları aspektindən yanaşmaq lazımdır".

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR