Paşinyanın qurtuluş üçün BİR YOLU VAR - Taleh Şahsuvarlı ilə MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

Paşinyanın qurtuluş üçün BİR YOLU VAR - Taleh Şahsuvarlı ilə MÜSAHİBƏ

Ermənistanda 9 dekabrda keçiriləcək parlament seçkilərindən öncə daxili və siyasi vəziyyət gərgin olaraq qalır. Hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku ilə Respublika Partiyası arasındakı qarşıdurmalar, qarşılıqlı ittihamlar gün keçdikcə daha kəskin hal alır. Bunun fonunda Ermənistan xalqının sosial, iqtisadi vəziyyəti əvvəlkindən daha bərbaddır.

Mövzu ilə bağlı Publika.az-ın suallarını “AzNews.az” saytının Baş redaktoru Taleh Şahsuvarlı cavablandırıb.

- Ermənistanda 9 dekabr seçkiqabağı prosesləri necə dəyərləndirirsiniz?

- Ermənistanda hazırda davam edən proses əslində bir seçki prosesi deyil. Ona görə ki, Ermənistanda “inqilab” adlanan məlum hadisə- dövlət çevirilişi baş verdi və həmin prosesin koordinatoru olaraq Nikol Paşinyan ön plana çıxdı. İndi Paşinyanın Baş nazir olaraq səlahiyyətlərinin rəsmiləşdirilməsi, iqtidarının legitimləşdirilməsi prosesi gedir. Başqa sözlə, küçənin təzyiqi nəticəsində kabinet mənimsəmiş Paşinyana formal prosedur lazımdır ki, özünü iqtidar sahibi kimki təqdim edə bilsin. Halbuki, hətta bu vəziyyətdə də o bu vəzifəyə beynəlxalq güclər tərəfindən təyin edilib. Qısacası, "seçki" adlanan süni kampaniyanın nəticələri əvvəldən bəllidir və bu kampaniyanın əsl seçkiyə heç bir dəxli yoxdur. Ona görə də mən Ermənistandakı siyasi qarşıdurmaları da seçkiqabağı gərginlik hesab etmirəm.

- Nikol Paşinyan hakimiyyətə gəlməzdən öncə xalqa çox sayda vədlər verdi. Lakin bu vədlərin heç biri reallaşmadı. Hazırda Ermənistan xalqı çətin iqtisadi şəraitdədir və sosial uçuruma gedir. Bu proseslərin nəticəsi necə olacaq və Ermənistandan böhrandan çıxmaq üçün nə etməlidir?

- İstənilən siyasi prosesdə hər hansı vədlərin verilməsi tamamilə normal məsələdir. Ona görə ki, bir siyasətçi, iddia ortaya qoyan şəxs kütləni, seçiciləri öz vədlərinə inandırmalı, öz arxasınca aparmalıdır. Buna görə də müəyyən vədlər verilməsi şərtdir. O başqa məsələdir ki, küçədəki olaylarda da hər kəs öz rolunu oynayırdı, sadəcə hansısa qruplara Paşinyanın arxasınca getmək, Paşinyana da önə düşmək tapşırılmışdı. Eyni zamanda məsələ həm də ondadır ki, Nikol Paşinyanın verdiyi vədlərin özünü doğrultmayacağı əvvəldən bəlli idi.

- Niyə bəlli idi?

Tutaq ki, Paşinyan xalqın sosial vəziyyətini yaxşılaşdıracağını vəd edirdi. Ancaq hansı resurslarla yaxşılaşdıracaqdı? Ölkədə daxili istehsal bir-iki ayın içində necə qalxacaq? Bunun üçün uzun müddət lazımdır. Bir gün, beş ayın, hətta 10 ilin içində, deyək ki, Ermənistanda avtomobil istehsal etmək mümkün deyil. Bütün şərtlər dəyişməlidir, alt yapı dəyişməlidir. Yaxud Paşinyanın xarici iqtisadi əlaqələri inkişaf etdirmək üçün əlində hansı potensial var? Bəli, Ermənistanın dövlət olaraq heç bir iqtisadi potensialı yoxdur. Daxildə stehsal edə biləcəyi məhsullar məhduddur. Heç bir ciddi təbii resursu yoxdur. Ermənistan əhalisinin mühüm bir hissəsi əsasən, maldarlıqla məşğuldur. Paşinyandan öncə qoyunlar bir bala verirdirsə, o hakimiyyətə gəldikdən sonra iki balamı verəcək? Ona görə də bu vədlərin hamısının acı perspektivi bəlli idi. Populizm nümunəsi olduğu göz önündə idi. Bundan sonra da heç bir sıçrayış əldə oluna bilməz.

Ermənistanın iqtisadi cəhətdən irəli getməsinin, əhalisinin rifahının yaxşılaşdırılmasının bircə yolu var: Azərbaycanın tətbiq etdiyi təcrid siyasətindən çıxmaq. Bu, Ermənistanın xarici iqtisadi əlaqələrinin güclənməsi, beynəlxalq layihələrə qoşulması deməkdir. Bu hadisə də ancaq o halda baş verə bilər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın. Bu addım atılmayana qədər Ermənistanda hər hansı dirçəlişdən, inkişafdan söhbət gedə bilməz.

- Paşinyanın hakimiyyətinin uğursuzluqlarının səbəbini nədə görürsünüz və Ermənistan xalqının niyyəti nədir?

- Dediyim kimi, Paşinyan səlahiyyət əldə edib, rəsmi kabinet zəbt edib və dövlət idarəçiliyində titul daşıyıcısına çevrilib. O, faktiki olaraq Ermənistanın Baş naziridir. Ermənistan isə parlamentli respublikadır. Burada Ermənistanda hakim rejimin xarakteristikasını təyin etmək lazımdır. Bu məqamlar ətrafında gəzişəndə məlum olur ki, Paşinyanın rejimi kütlənin hakimiyyəti rejimidir, elmi dillə desək, oxlokratiyadır. Bu dünyada elə bir dövlət yoxdur ki, orada kütlə hakimiyyətə gəlib demokratiyaya keçid edə bilsin, xalqın sosial vəziyyətini yaxşılaşdırsın və üstəlik, xarici siyasətdə hakimiyyətə gəldiyi cəmiyyətin ümumi maraqlarını təmsil etsin. Elə bir oxlokratik rejim yoxdur ki, bu üç tapşırığın öhdəsindən gələ bilsin. Əksinə, istənilən kütlə rejimi özü ilə bərabər yeni bəlalar, xarici siyasətdə isə yeni “macəralar” gətirir, həm daxildə, həm də xaricdə düşmənçilik yaradır. Ayrı-ayrı sosial qruplar arasında nifaq güclənir. Bu baxımdan, mənim fikrimcə, Paşinyan, obrazlı desəm, toy toğlusudur. Həmin toğlunu isə Azərbaycan əsgərləri işğalçı ordunun kiçik toyunda kəsəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm