Paşinyanın KTMT oyunu, Ermənistanı gözləyən təlatümlər və Qarabağ üçün... - MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

Paşinyanın KTMT oyunu, Ermənistanı gözləyən təlatümlər və Qarabağ üçün... - MÜSAHİBƏ

“Paşinyan Qarabağ klanını dağıtmaq üçün hərəkətə keçib. Klanın əsas liderlərindən olan Robert Köçəryanı artıq həbs etdirib. İstisna deyil ki, yaxın zamanlarda sabiq prezident Sərkisyanı da həbsə atdırsın. Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanı da həmin tale gözləyir”.

Bu fikirləri Publika.az-a müsahibəsində siyasi şərhçi, millət vəkili Elman Nəsirli səsləndirib.

Millət vəkili hazırda Ermənistanın baş naziri vəzifəsinin icraçısı olan Nikol Paşinyanın 9 dekabr növbədənkənar parlament seçkilərindən sonrakı hədəflərini şərh edib.

- Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsini Ermənistanın prioritet məsələsi olmadığını etiraf etdi. Paşinyan bununla nəyi hədəfləyir?

- Altı dekabrda Sankt-Peterburqda KTMT-nin sammitinin keçirilməsi gözlənilirdi. Bu tədbir çərçivəsində də Paşinyan çalışırdı ki, öz nümayəndəsi həmin posta yiyələnsin. Baxmayaraq ki, onun bu istəyi heç bir halda nəzərə alınmırdı. Bu da məntiqli idi. Çünki Paşinyan özü problemi yaradan tərəf kimi çıxış etmişdi. Ancaq diqqətdən yayınmayan cəhət onunla bağlıdır ki, nə altı dekabr tarixində KTMT-nin sammiti oldu, nə də baş katib seçildi. Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verdi ki, Ermənistanda doqquz dekabr növbədənkənar parlament seçkiləri ilə bağlı Nikol Paşinyan Putinə müraciət ünvanlayıb və xahiş edib ki, bu reallığı nəzərə alıb sammitin zamanını dəyişdirsin. Putin də onun bu xahişini nəzərə alıb. Bu bəyanatdan sonra Paşinyanın mətbuat katibi açıqlama verdi ki, Rusiyanın məlumatı tamamilə yanlışdır. Paşinyan heç bir halda Putindən belə bir xahiş etməyib. Bunun ardınca Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova məsələyə müdaxilə etdi. O bildirdi ki, Paşinyan, doğrudan da, Putinə müraciət yollayıb. Nəhayət, Paşinyan səssizliyini pozub açıqlama verdi. Lakin o bildirdi ki, Rusiya tərəfinin doğru məlumat yaymamasına təəccüblənib. Bu zaman suallar yaranır ki, əslində nə baş verir?

O baş verir ki, Paşinyan bilə-bilə vəziyyəti gərginləşdirir. O, bir tərəfdən Putini yanlış məlumat verməkdə ittiham edir, digər tərəfdən Belarusun prezidenti ilə qəliz münasibətlər yaradıb. Eyni zamanda, Qazaxıstan prezidenti Nazarbayevlə də münasibətlərini kəskinləşdirib. Məqsəd isə öz oyununu oynamaqla KTMT-nin üzvü olan dövlətlərin başçıları özləri desin ki, bizə Ermənistan kimi bir müttəfiq lazım deyil. Onlar özü Ermənistanı təşkilatdan və prosesdən uzaqlaşdırsınlar. Çünki Paşinyan özü KTMT-dən çıxsa, onu ittiham edib təzyiq göstərəcəklər.

- Paşinyanın yaratdığı mürəkkəb və gərgin prosesin digər məqsədi və ya məqsədləri varmı?

- Paşinyan elə bir oyun oynamaq istəyir ki, onun bu hərəkətlərinə görə Ermənistanı təşkilatdan uzaqlaşdırsınlar. Və bundan sonra Paşinyan desin ki, daha Ermənistanın təhlükəsizlik çətiri yoxdur. O, Azərbaycan, Türkiyə amilini nəzərə alıb Qərbə doğru istiqamətlənsin. NATO yolunu seçsin. Desin ki, mən bu yolu seçmədim. Siz məni buna vadar etdiniz. Paşinyan, faktiki olaraq, ikili oyun oynayır. Rusiyaya sədaqətli olması fonunu yaratmaq istəyir. Lakin Paşinyan bu addımlarla Putini aldada bilməz. Təsadüfi deyil ki, MDB-nin qeyri-rəsmi görüşündə Vladimir Putinin yanında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əyləşmişdi. Paşinyan isə küncdə-bucaqda qalmışdı. Bu da Rusiya-Ermənistan münasibətlərinin hansı səviyyədə olduğunun göstəricisidir. Hesab edirəm ki, seçkilərə qədər Paşinyan daha çox populist mövqe sərgiləyə bilərdi. Amma seçkilərdən sonra həm ali icra hakimiyyəti onun əlində olduğu kimi, qanunverici hakimiyyət də onun nəzarətinə keçdi. “Mənim addımım” bloku seçkilərdə böyük üstünlük əldə etdi və 88 deputatlıq yer aldı. Belə olan halda istisna deyil ki, Paşinyan 2019-cu ildən başlayaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı dəyişiklik etsin. Dəyişiklik etməsə, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoymasa, dərk etməsə ki, Ermənistanın başına gələn bütün müsibətlərin, böhranların kökündə işğal faktı dayanır, Ermənistanı daha böyük təlatümlər gözləyir. Bu halda da Paşinyan bir ildən çox hakimiyyətdə qala bilməz.

- Paşinyanın qurduğu parlamentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilkin mövqeyi necə ola bilər və ilk olaraq müzakirəyə hansı məsələ çıxarıla bilər?

- Mənə elə gəlir ki, Paşinyanın münaqişə ilə bağlı mövqeyində yumşalma olacaq. Ona görə ki, Paşinyan indi özü üçün “əcinə ovu”na çıxıb. Yəni, Qarabağ klanını dağıtmaq üçün hərəkətə keçib. Klanın əsas liderlərindən olan Robert Köçəryanı artıq həbs etdirib. İstisna deyil ki, yaxın zamanlarda sabiq prezident Sərkisyanı da həbsə atdırsın. Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanı da həmin tale gözləyir. Nəzərə alaq ki, Respublika Partiyası bu dəfə parlamentə düşə bilmədi. Bu da o deməkdir ki, xalqın Qarabağ klanına etimadı yoxdur. Paşinyana da əlavə güc verir ki, xalqın etimadı yoxdursa, deməli, həbs etmək olar. Paşinyanın hədəfində Qarabağ klanının siyasətdən uzaqlaşdırmaq istəyinin şahidi olsaq, buna təəccüblənməməliyik. Paşinyan klanı zərərsizləşdirə bilsə, münaqişənin həlli üçün olduqca münbit şərait formalaşacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm