Politoloq: Azərbaycan bu siyasətini daha da gücləndirəcək
Bizi izləyin

Nida Təhlil

Politoloq: Azərbaycan bu siyasətini daha da gücləndirəcək

Ermənistan işğalçılıq siyasətini davam etdirdikcə Azərbaycan onu təcrid etmək siyasətini daha gücləndirəcək.

Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, dövlətimizin başçısı Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı xüsusilə vurğulayıb ki, artıq bütün dünya münaqişə vəziyyətində Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir:

"Azərbaycan Ermənistanı təcrid vəziyyətində saxlamağa davam edəcək. Ermənistanda 20 il idi ki, hakimiyyəti zəbt etmiş, davamlı işğalçılıq siyasəti həyata keçirərək nəinki regional, bütövlükdə qlobal təhlükəsizliyə ciddi təhdid yaradan hərbi-xunta rejiminin siyasi səhnədən silinməsində Azərbaycanın təsirli rolu olub. Ermənistan işğalçılıq siyasətini davam etdirdikcə Azərbaycan tərəfi onu təcrid etmək siyasətini daha gücləndirəcək. Ölkə prezidentinin qeyd etdiyi kimi, hətta Ermənistanın üzv olduğu, Azərbaycanın isə üzv olmadığı təşkilatlarda belə, Azərbaycan ciddi mövqelərə, təsir imkanlarına malikdir. Bu da Ermənistanı daha da çıxılmaz vəziyyətə salıb. Həqiqətən də bu mənada KTMT çərçivəsində Ermənistanın ağır fiaskosunu xüsusi qeyd etmək lazımdır".

O əlavə edib ki, 2018-ci il Azərbaycanda həm də uğurlu sosial-iqtisadi inkişafın davam etdirilməsi ilə yadda qalır: "Prezident ölkədə yenə də ciddi sosial layihələrin həyata keçirildiyini qeyd etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının "sosial dövlət" xarakteri daha güclənib. Həmçinin idman sahəsində Azərbaycanın kompleks uğurları ölkə Prezidenti tərəfindən xüsusi vurğulandı. Belə ki, Azərbaycan ardıcıl olaraq bir neçə ildir beynəlxalq səviyyəli idman tədbirlərini ən yüksək standartlara uyğun şəkildə təşkil etməklə yanaşı, dünya miqyasında böyük uğurlar qazanan idmançılar yetişdirir. Ümumiyyətlə, bütün istiqamətlərdəki uğurlarımız daha dinamik tərəqqi üçün etibarlı zəmin yaradır".

E.Mirbəşiroğlu qeyd edib ki, 2018-ci ildə də Azərbaycan bütün müstəvilərdə potensialını yüksəltmə tendensiyasını saxlayıb: "Prezident ölkənin davamlı inkişafında sabitlik və təhlükəsizlik mühitinin həlledici rol oynadığını qeyd etdi. Həqiqətən də 2018-ci ildə ümumi dünya miqyasında münaqişə və qanlı toqquşmalar potensialı yüksəldiyi halda, Azərbaycanda sabitlik və təhlükəsizlik artıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm