Ordumuzdan İrəvanı TİR-TİR TİTRƏDƏN ADDIM: Qısa vaxtda rayonlar azad ediləcək və... - MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

Ordumuzdan İrəvanı TİR-TİR TİTRƏDƏN ADDIM: Qısa vaxtda rayonlar azad ediləcək və... - MÜSAHİBƏ

Azərbaycan Prezidentinin əmri ilə Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postlarının sərhəd qoşunlarının xüsusi bölmələrinə verilməsi İrəvanda ciddi narahatlıq doğurub. Ermənistanın hərbi və siyasi ekspert dairələri bu dəyişikliyi işğal olunmuş torpaqlarla bağlı münaqişənin ölü nöqtədən tərpənməsi və qaçılmaz müharibənin ilk addım səsləri kimi dəyərləndirməkdədir.

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran siyasi ekspert Natiq Miri ordu dəyişikliyinin əsas səbəbləri, Qarabağ müharibəsi ilə bağlı tutarlı ehtimalları dəyərləndirib.

- Azərbaycanın Qazax və Ağstafa istiqamətlərində bəzi postlara sərhəd qoşunlarını yerləşdirməsi Ermənistanda ciddi təşviş doğurub. Ermənistan bunu müharibə siqnalı kimi qəbul edə bilərmi?

- Bu dəyişiklik Azərbaycanda müəyyən rahatlıq hissinin yaranması ilə bağılıdır. Daha dəqiq şəkildə desək, Ermənistan ictimaiyyətində belə fikir formalaşıb. İrəvandakı hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda əminlik formalaşıb və sərhəd qoşunları Qazax və Ağstafadakı cəbhə xəttinə yerləşdirib. Azərbaycanın bu addımı Ermənistanda, həqiqətən də, əndişə yaradıb. Artıq Rusiya mediasında və siyasi dairələrdə bu məsələyə diqqət yetirilir. Lakin ortada bir də Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması var. Bildirilir ki, çox yaxın təmas nöqtələri olan sərhəd xəttində, əsasən, Müdafiə Nazirliyinin qoşunları yerləşdirilib. O yerdə ki, sərhəddə, düşmənlə təmas xətti arasında iki kilometrdən artıq ərazi mövcuddur – burada təhlükəsizlik baxımından nisbətən arxayınlıq var. Buna görə də bu mövqelər sərhəd qoşunlarına tapşırılıb. Lakin yenə də Müdafiə Nazirliyi ağır hərbi texnika ilə qoşunlara dəstək verir.

Bir şeyi də diqqətdən qaçırmaq olmaz. Ola bilsin ki, bu dəyişiklik Azərbaycan Müdafiə Nazirliyinin manevri olsun. Söhbət ondan gedir ki, təhlükə olmayan təmas nöqtələri arasında Müdafiə Nazirliyinin qüvvələri ilə sərhəd qoşunlarının yerinin dəyişdirilməsi əvvəlki ordunun Qarabağa göndərilməsi üçün ola bilər. Ermənistan düşünür ki, Azərbaycan qərb sərhədindən qoşunları geri çəkib Qarabağa istiqamətləndirməklə, yaxın zamanlarda hərbi əməliyyatlara başlamaq niyyətindədir. Bu fikir Rusiya siyasətçilərində də formalaşıb. Ermənistanda bu təşvişin yaranması, hər halda, təsadüfi deyil. Ancaq bu qorxunun Demokl qılıncı kimi Ermənistanın başının üstündən asılması Azərbaycan adına sevindiricidir. Çünki Ermənistan hərbi gücümüzdən qorxmasa, danışıqlar masasında ədalətli və güzəştli mövqe tutmayacaq. Azərbaycan bu cür hərbi manevrlərlə, siyasi addımlarla daim yeni proseslər yaratmalıdır ki, Ermənistanı, Rusiyanı, ATƏT-in Minsk qrupunu və Dağlıq Qarabağ münaqişəsində iştirak edən hər kəsi öz estafeti ardınca apara bilsin.

- Qoşunların yerinin dəyişdirilməsi, həqiqətən də, döyüş hazırlığı siqnalı ola bilərmi? Ermənistan bu məsələni İkinci Qarabağ Müharibəsinin ilk addımları kimi dəyərləndirəcək?

- Əslində, Ermənistanda olan qorxu, təşviş bununla bağlıdır. Və bu, təsadüf deyil. Əlbəttə, bu cür manevrlər hansısa hərbi əməliyyatlardan öncə aparılır. Bir cəbhədən müəyyən qüvvələri götürüb başqa cəbhəyə yönləndirmək o deməkdir ki, Azərbaycan hansısa strateji qərarlar vermək ərəfəsindədir. Mənə elə gəlir ki, orduların dəyişdirilməsi hansısa hərbi əməliyyatla bilavasitə bağlıdır. Bir detalı da gözdən qaçırmaq olmaz: son həftələrdə dəqiq informasiyalar var ki, ABŞ-ın göstərişi əsasımda səkkiz təyyarə ilə Bolqarıstandan Ermənistana hərbi sursat daşınır. Ən azından, bu informasiyanı gözardı etmək və küçümsəmək olmaz. Azərbaycan da bu kontekstdə öz hazırlıqlarını görür.

- Qarabağ uğrunda müharibə başlayacağı təqdirdə, proses nə qədər müddət çəkə bilər?

- Əgər bütün cəbhələr boyu, sözün əsl mənasında, Qarabağ Müharibəsi başlayarsa, düşünürəm ki, bu müharibəni uzun müddət davam etdirməyə lüzum qalmayacaq. Çünki Azərbaycanın bütün parametrlər üzrə qüvvəsi düşmən ordusundan dəfələrlə üstündür. Müasirlik baxımından Azərbaycanın həm havada, həm də quruda üstünlüyü artıqdır. Bu şəraitdə Birinci Qarabağ Müharibəsində olan proseslərin təkrarlanması mümkünsüzdür. Burada ildırımsürətli, bütün düşmən pozisiyalarının darmadağın edilməsi ilə quru qoşunlarının həmin mövqeləri dərhal ələ keçirməsini müşahidə edəcəyik. Düşünürəm ki, çox sürətli lokal əməliyyatlarla bir neçə həftə ərzində torpaqların işğaldan azad edilməsi ilə başa çatacaq. Söhbət Dağlıq Qarabağ və ətraf rayonlarının eyni anda azad edilməsindən getmir. Lakin qısa müddət ərzində bir neçə ətraf rayonun düşməndən təmizlənməsi mümkündür. Çünki Rusiya başda olmaqla, dünya gücləri böyükmiqyaslı müharibənin davam etməsinə imkan verməyəcək. Ona görə də Azərbaycana qısa müddət ərzində müharibəyə başlamaq haqqı tanınacaqsa, ölkəmiz bu məhdud zaman çərçivəsində bir neçə strateji rayonu asanlıqla azad edə biləcək. Bu da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış ən böyük addım olacaq. Bu cür hərbi addım atılmadan Ermənistanın əsaslı güzəştlərə getməsini düşünmək özünü aldatmaqdan başqa bir şey deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm