“S-400”ə qarşı “Patriot” gedişi və... - Türkiyə ABŞ-ı NECƏ DİZ ÇÖKDÜRDÜ?
Bizi izləyin

Nida Təhlil

“S-400”ə qarşı “Patriot” gedişi və... - Türkiyə ABŞ-ı NECƏ DİZ ÇÖKDÜRDÜ?

Dünən Amerika Birləşmiş Ştatları Türkiyəyə “Patriot” hava və raketdən müdafiə sistemini satmaq haqqında qərar qəbul edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Müdafiə-Təhlükəsizlik Əməkdaşlığı Agentliyi tərəfindən açıqlama verilib. Açıqlamada qərarın qəbul edilməsinin səbəbi bu formada göstərilib:

“Təklif edilən bu satış önəmli bir NATO müttəfiqinin təhlükəsizliyini artıracaq. Müttəfiqləri, ortaqları raket təhdidlərinə qarşı qorumaq cəhdlərini müsbət istiqamətdə artırmaqla, ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyinə də fayda verəcək. Türkiyə havadan və raketdən müdafiə qabiliyyətini inkişaf etdirmək, ərazi bütövlüyünü müdafiə etmək və regional təhdidlərin qarşısını almaq üçün “Patriot”lardan istifadə edəcək. Bu satış türk ordusunun düşmən hücumlarından və Türkiyənin sərhədləri daxilində olan NATO müttəfiqlərinin nümayəndələrini qorumaq məqsədilə müdafiə qabiliyyətini artırmağa xidmət edir”.

ABŞ-ın havadan müdafiə sistemini rahat şəkildə Türkiyəyə satması şübhə doğurur. Çünki Vaşinqton daha öncə “F-35” qırıcı təyyarələrinin istehsal layihəsinin ortaqlarından biri olan Türkiyəyə bu qırıcıların təhvil verilməsini israrla gecikdirir, bu təhvil-təslim prosesinin qarşısını hər vəchlə almaq istəyirdi. Buna səbəb isə Ankara-Moskva arasında “S-400 Triumf” raket sisteminin satılması ilə bağlı əldə edilən razılaşma idi. Türkiyənin NATO müttəfiqi olaraq Rusiyadan silah alması ABŞ-ı xeyli hiddətləndirmişdi.

Bu səbəbdəndir ki, Moskva “Patriot”ların Türkiyəyə satılması ilə bağlı xəbərə öz mövqeyini gecikdirmədi. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın Türkiyəyə zenit-raket kompleksləri satmasıyla “S-400” razılaşması arasında heç bir bağlılıq yoxdur.

Məsələyə dair bir də ekspertin mövqeyini öyrənmək istədik.

Siyasi ekspert İlqar Vəlizadə Publika.az-a açıqlamasında bildirdi ki, birmənalı olaraq, ABŞ Türkiyə bazarını itirmək niyyətində deyil:

ABŞ silahının əsas alıcılarından biridir. Ona görə də ABŞ bu addımı atır. Bəlkə də, bir az gecikmiş addımdır. ABŞ bunu bir neçə il öncə etsəydi, Türkiyə Rusiyadan sistem almayacaqdı. Bütün hallarda, Ankara Moskva ilə əldə etdiyi yüksək səviyyəli razılıqdan imtina etməyəcək. Hər iki hərbi əməkdaşlıq Türkiyənin müdafiə potensialını kifayət qədər gücləndirir. Bir şeyə də diqqət çəkmək lazımdır: ABŞ bu satışı kiçik və ortamənzilli raketlərin istehsalını qadağan edən müqavilədən çıxmaq ərəfəsində elan etdi. Bu da Vaşinqtonun müqavilədən çıxmasının rəsmi təsdiqidir. Rusiya-Türkiyə münasibətlərinin isinməsi ABŞ-a kifayət qədər güclü zərbə deməkdir. Çünki bu isinmə ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətini məhdudlaşdırır”.

PATRİOT RAKETLƏRİ NİYƏ BU QƏDƏR MARAQ DOĞURUR?

“Patriot” havadan və raketdən müdafiə sistemi ilk dəfə 1991-ci ildə Körfəz Müharibəsində Səudiyyə Ərəbistanı və İsraili qorumaq üçün istifadə olunub. 2003-cü ildə ABŞ-ın rəhbərliyi ilə İraqda aparılan hərbi əməliyyatlar zamanı yenə “Patriot”lardan istifadə olunub. O zamandan bəri ABŞ və NATO yalnız bu sistemə üstünlük verir.

“Patriot” sisteminin xüsusiyyətləri

İstehsalçı: Raytheon

Mənzil: 160 km

Hədəf: sistemin təyyarələri, taktiki ballistik raketləri, kruiz raketləri və pilotsuz təyyarələrini vurmaq qabiliyyətinə malikdir.

İstifadəsi: “Patriot”larda ayrı-ayrı alovlanan raket batareyaları mövcuddur. Kompüter sisteminə bağlı olan radarla hədəfi izləyə bilir. kompüter vasitəsilə hədəf seçə bilən hərbi heyətin atəş mövqeyinə yaxın olmasına ehtiyac yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm