Qarabağ probleminin həlli üçün münbit şərait var və gələn il torpaqlarımızda... - Ekspert HƏR ŞEYİ AÇDI
Bizi izləyin

Nida Təhlil

Qarabağ probleminin həlli üçün münbit şərait var və gələn il torpaqlarımızda... - Ekspert HƏR ŞEYİ AÇDI

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində daha əlverişli atmosfer formalaşdırılacağına optimist yanaşdığını deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı bu il heç nə nəticəsiz başa çatmayıb. Bunun üçün artıq əsaslar ortaya qoyulub və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bundan sonra da əlindən gələni etməyə hazırdır.

Bəs Dağlıq Qarabağ probleminin həlli baxımından 2019-cu il münaqişə tərəfləri üçün nə vəd edir?

Bu sualın cavabını politoloq Natiq Miri Publika.az-a açıqlamasında geniş şəkildə verib.

Politoloq bildirib ki, münaqişənin müzakirə müstəvisində dəyişiklik olmayacaq: “Dağlıq Qarabağ münaqişəsi müzakirə olunan müstəvidə, yəni ATƏT-in Minsk qrupu çərçivəsində yenə də müzakirə olunmağa davam etdiriləcək. Çünki bu məsələnin həlli üçün vasitəçi qurum olan yeganə təşkilat ATƏT-dir. Hələlik, buna alternativ yoxdur. Münaqişə tərəfləri də Minsk qrupu çərçivəsində bu prosesin həlli üçün danışıqları davam etdirmək istəyirlər. Ona görə də müzakirə müstəvisi 2019-cu ildə də dəyişməyəcək”.

Lakin buna baxmayaraq, gələn il danışıqlar prosesi intensivləşə bilər: “Çünki həm regionda, həm qlobal səviyyədə müəyyən hadisələr, dəyişikliklər olub. Bu da təbii ki, bəzi münaqişələrin həll olunması üçün münbit şərait yaradıb. Dağlıq Qarabağ problemi isə acı bağırsaq kimi o qədər uzanıb ki, bu problemi yaradan və bu gün də prosesləri idarə edən tərəf - Rusiya belə anlayır ki, artıq münaqişənin həllinin zamanı gəlib”.

Bununla yanaşı, münaqişə tərəfinin işğalçılıq mövqeyində yer alan Ermənistanda hakimiyyət dəyişikliyi edilib: “Yeni hakimiyyət Serj Sərkisyandan daha fərqli bir siyasət ortaya qoymalıdır. Bu kontekstdə, Dağlıq Qarabağ məsələsinə baxışın fərqli olması vacibdir. Qarabağ klanının hakimiyyətdə olduğu dövrdə hərbi xunta, bir növ, Qarabağ kartı ilə hakimiyyətini təmin etmişdi. Buna görə də münaqişədə güzəştsiz mövqe sərgiləyirdi. Ancaq Paşinyan Sərkisyandan fərqli olaraq başqa yolla hakimiyyətə gəlib.

Ermənistanda əvvəllər böyük səlahiyyətlərə malik prezident postu vardı. Lakin indi bu yoxdur. Konsitutsiya dəyişikliyinə görə, artıq Ermənistanda parlament institutu mövcuddur. Və parlamentdə də böyük əksəriyyəti Paşinyanın rəhbərlik etdiyi blok qazanıb. İstənilən strateji məsələ, o cümlədən, Qarabağ münaqişəsi parlamentdə müzakirə oluna və qərar qəbul edilə bilər. Yəni kollektiv surətdə qanunverici orqanın məsuliyyət daşıdığı qərar ortaya qoyulacaq”.

Politoloq düşünür ki, 2019-cu ildə Dağlıq Qarabağ problemində irəliyə doğru müsbət addım atılması üçün münbit şərait var: “Azərbaycan isə bundan artıq dözməyəcək. Çünki real addımlar atılmazsa, zaman qazanılması üçün siyasət yürüdülərsə, bu cəbhə xəttində müharibəyə qədər aparıb çıxaracaq. Rusiya da bu reallığı dərk edir”.

Ən maraqlısı isə odur ki, Dağlıq Qarabağ prosesi dünya güclərinin ikinci əsas məsələsinə çevrilə bilər: “Bildiyiniz ki, ABŞ öz qoşunlarını Suriyadan çıxarmaqla bağlı qərar qəbul edib. Bu da bir neçə qlobal məsələnin siyasi həlli üçün şərait yaradıb. Suriya məsələsində irəliləyişlər əldə edildiyi təqdirdə, növbəti həll olunması gözlənilən problem Qarabağ olacaq. O vaxt Suriya məsələsində nisbi sakitlik əldə etmək üçün üçlü əməkdaşlıq formatı yaradılmışdı: Türkiyə-Rusiya-İran. Bu model Suriya məsələsində özünü əhəmiyyətli şəkildə göstərə bildi. Əgər Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində uğur qazana bilməsə, düşünürəm ki, bu üçlük formatı bizim münaqişəyə cəlb edilə bilər. Çünki regionda münaqişə tərəflərinin dostluq və əməkdaşlıq etdiyi ölkələr məhz Rusiya, Türkiyə və İrandır”.

Lakin politoloq Azərbaycanın ilk addımı atmasının tərəfdarı olduğunu qeyd edib: “Fikrimcə, 2019-cu il üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair münbit şərait var. Ancaq oturub kimlərdənsə yeni, daha kreativ layihələr gözləmək xeyrimizə işləməyəcək. Azərbaycan özü yeni prosesi yaratmalıdır. Çünki Azərbaycan özü proses yaratmadıqca, yaradılan başqa proseslərin ardınca getməyə məcbur olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm