• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ, yanvarın 22-də... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ, yanvarın 22-də... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Nikol Paşinyanın Ermənistanın baş naziri postuna təyin edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən il atdığı addımlardan danışıb.ABŞ prezidenti Türkiyəni iqtisadi zərbə ilə təhdid edib. Ankara və Vaşinqton Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları davam etdirir. Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə reaksiya verəcək. ABŞ-ın İranın ünvanına növbəti ittihamlar səsləndirilib.

Azərbaycan, Dağlıq Qarabağ

Yanvarın 16-da Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Putin Ermənistanı sevir, lakin bu şərtlərdə İrəvanı titrətməyə qərar verəcəksə, onda Qarabağ geniş muxtariyyətin təminatı şərti ilə Bakının hakimiyyəti altına qayıdacaq. Heç kəs Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə mane olmayacaq. Azərbaycan əvvəlki ölkə deyil, bu güclənmiş, fəal inkişaf edən dövlətdir. Sadəcə, Rusiya Dağlıq Qarabağ məsələsində balansın qalmasına kömək edir.

Bunu Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin “Moskva-baku” portalına müsahibə verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən il atdığı addımlardan da danışıb.

Ermənistan Baş naziri Nikol Paşinyan artıq bəyan edib ki, o, Qarabağla bağlı danışıqlarda Dağlıq Qarabağın yox, Ermənistanın mövqeyini təmsil edərək iştirak edəcək. O, bu prinsipə bağlıdır. Bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan deyib. Onun sözlərinə görə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar erməni tərəfinin gündəmində qalmağa davam edəcək:

“Paşinyanla Əliyev arasındakı qeyri-rəsmi söhbət kontekstində Düşənbədə heç bir fikir ayrılığı yoxdur. Məsələ tərəflər arasında atəşkəs xəttində toqquşmaların aradan qaldırılmasından ibarət idi. Bu söhbət nəticəsində İrəvan və Bakı arasında xüsusi əlaqə yarandı, hansı ki, indiki mərhələdə gərginliyi əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verdi”.

2019-cu ilin yazında Dağlıq Qarabağda müharibənin başlanmasını gözləmək olar. Bu barədə “Ərik ölkəsi” partiyasının sədri Zarui Postandjyan deyib.

Onun sözlərinə görə, bu müharibə Ermənistan ordusunda görünməmiş korrupsiya və Nikol Paşinyanın fərasətsiz xarici siyasətinin nəticəsi olacaq.

“Bugünkü hakimiyyət Qərblə danışıqlar aparmır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əsas müttəfiqlərlə ciddi ziddiyətlərə malikdir, Rusiya ilə münasibətləri korlayır, nəticədə qazın qiyməti artdı. Bizdə milli siyasət konsepsiyası yoxdur. Qəribədir ki, seçki kampaniyası dövründə heç bir siyasi partiya bu məsələyə toxunmadı. Sonuncu dəfə bu haqda 2007-ci ildə danışılırdı, lakin o vaxtdan vəziyyət çox dəyişib”, - deyə o bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Moskvada keçirdiyi mətbuat konfransında bəyan etdi ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş gözləyirlər. Lavrov irəliləyişin konkret necə olacağını açıqlamasa da bildirdi ki, Azərbaycanın münaqişənin həll yollarını tapmaq hazırlığını dəstəkləmək lazımdır. O, İrəvan tərəfinin də həll prosesinə razılaşacağına ümid etdiyini qeyd etdi. Sual yaranır: Lavrovun gözləntiləri nə ilə bağlıdır? Burada bir neçə versiya var.

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təkcə Cənubi Qafqaz regionu üçün yox, həm də bütün dünya üçün problemdir, çünki genişmiqyaslı hərbi hərəkətlərin riski daim yüksəlir”. Bu barədə “Vestnik Kavkaza” nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland deyib.

Ermənistan

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Paşinyan 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.

Ararat Mirzoyan Ermənistan parlamentinin spikeri seçilib. Mirzoyanın spiker seçilməsini parlamentin 132 deputatından 131-i dəstələyib.

Qeyd edək ki, Mirzoyan Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının təsisçilərindən biridir. O, 2018-ci ilin mayından dekabrına qədər Ermənistan baş nazirinin birinci müavini olub.

Erməni siyasi şərhçi Razmik Akopcanyan Rusiyanın bu il Ermənistanda “dişini yoxlayacağını” iddia edir.

Ermənistanın “Daşnaksütyun” partiyası qurultayını Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirəcək. 16-24 yanvar tarixində keçiriləcək qurultaya 30 ölkədən 100-dən çox qonaq dəvət olunub.

Qurultayda son 4 ildə partiyanın fəaliyyəti müzakirə olunacaq, həmçinin, büronun yeni tərkibi seçiləcək.

Daşnakların qurultayı Dağlıq Qarabağda keçirməsi onların parlamentə düşməsinə imkan verməyən Nikol Paşinyan hakimiyyətinə mesaj olaraq qiymətləndirilir.

Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Seyran Ohanyana qarşı 2008-ci il martın 1-2-də ölkədəki Konstisusiya quruluşunu devirmək və kütləvi iğtişaşlar törətməklə bağlı ittiham irəli sürülüb. Bu haqda ölkənin Baş prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Harevik Xaçatryan bildirib.

“Seyran Ohanyana Cinayət Məcəlləsinin 300.1 maddəsi (Konstisusiya quruluşunu devirmək) ilə ittiham təqdim edilib. Onun barəsində yayayış yerini tərk etməmək barədə ehtiyat tədbiri seçilib”, - Baş prokurorluqdan məlumat veriblər.

Qeyd edək ki, daha əvvəl analoji ittihamlar ölkənin keçmiş prezidenti Robert Koçaryana təqdim edilib. O, hazırda həbsdədir.

Ötən il Ermənistan ordusunun 63 hərbi qulluqçusu müxtəlif şəraitlərdə ölüb. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, ölənləri 27-si əsgər, 23-ü müqavilə ilə xidmət edən hərbiçi, 11-si zabit, 2-si gizirdir.

Ölüm hallarının 38-si xidmət zamanı, 25-si xidmətdənkənar baş verib. 11 intihar halı qeydə alınıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 15-dəGürcüstana qeyri-rəsmi səfər edib. Gürcüstanın Baş naziri Mamuka Baxtadze N.Paşinyanla Bolnisi rayonunda qeyri-rəsmi formatda görüş keçirib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədin yaxınlığında artilleriya anbarlarının tikintisi haqqında görüntüləri dərc edib. Süjetdə raket-artilleriya silahları üçün yeni anbarların təhlükəsizliyinin xüsusi sistemlərlə təchiz edildiyi qeyd edilir.

“Mənbə qeyd edir ki, anbarların mövcudluğu döyüşün aparılması üçün daha əlverişli şərait yaradaraq döyüş sursatlarının çatdırılması vaxtını azaltmağa imkan verir. Anbarların yerləşdiyi yeri və mühəndislik işlərinin seçimi onların təhlükəsizliyini və maskalanmanı tamamilə təmin edir”, - erməni KİV-i bildirib.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi məlum oldu. Ərdoğan yanvarın 23-də Rusiyaya gedəcək. Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə Suriya məsələsi və “S-400” zenit-raket sistemlərinin alınması da daxil olmaqla, ikitərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.

Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacaq. Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

Türkiyə Müdafiə Nazirliyi Türkiyəni təhdid edən ABŞ Prezidenti Donald Trampa dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 3 il əvvəl Tvitterdəki paylaşımı ilə cavab verib. Nazirliyin Tvitterdəki rəsmi səhifəsi Ərdoğanın 2015-ci ildəki məlum paylaşımını yenidən yayımlayıb.

Prezident Ərdoğan həmin paylaşımında bildirmişdi: “Bütün dünyaya səslənirəm. Bədəli nə olursa-olsun, Suriyanın şimalında – Türkiyənin cənub sərhədlərində yeni dövlətin qurulmasına icazə verməyəcəyik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təşkil etdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Türkiyənin ünvanına etdiyi təhdidə cavab verib. Nazir əlaqə kanallarının açıq olduğunu və strateji tərəfdaşların sosial şəbəkə üzərində danışmamalı olduğunu deyib.

“Bizim əlaqə kanallarımız açıqdır. Prezident Donald Tramp prezidentimizə iki dəfə zəng edərək “Suriyadan çəkilmək istəyirik” dedi. İki gün əvvəl dövlət katibi Maykl Pompeo ilə görüşdüm. Con Bolton Türkiyəyə ziyarət etdi. Bizə verilmiş sənədə görə cavabımızı ABŞ-a göndəririk”, - nazir bildirib.

Çavuşoğlu Suriyanı parçalamaq istəyən bir terror təşkilatının olduğunu, Türkiyənin hədəfinin bu terror təşkilatı olduğunu qeyd edib.

ABŞ prezidenti Donald Trampın Türkiyəni təhdid etməsi gündəmdə bomba effekti yaratdı. Ağ Evin başçısı Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəni iqtisadi zərbə ilə təhdid edib. Trampın bəyanatını şərh edən Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı iqtisadi təhdidin pərdəarxasını yazıb.

Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıqlar böyük ölçüdə tamamlanıb. 80 min hərbçi hücum əmrini gözləyir.

Bu rəqəm, 1974-cü ildə Kipr əməliyyatında iştirak edən hərbi qüvvədən iki dəfə çoxdur. Türkiyə Cümhuriyyəti tarixində ən böyük əməliyyat Şanlıurfa və Kilis vilayətlərindən idarə olunacaq. “Mehmetcik” eyni anda 10-dan çox nöqtədən hücuma keçəcək.

Hədəf təxminən 30 min kvadrat kilometr ərazini terror təşkilatlarından təmizləyərək “terror dəhlizi” təhdidini tamamilə aradan qaldırmaqdır.

Yanvarın 14-də axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Ərdoğan amerikalı həmkarı ilə telefon danışıqlarının detallarını açıqlayıb.

O, Ərdoğan telefon söhbətində tarixi əhəmiyyətə sahib bir razılaşmanın əldə edildiyinə inandığını deyib.

“Trampın sosial şəbəkədəki hesabından verdiyi bir sıra mesajlar məni və yoldaşlarımı üzdü. Dünən faydalı bir söhbət etdik. ABŞ prezidenti Amerika əsgərlərinin Suriyadan çəkilmə qərarını təsdiqlədi. 20 mil enində təhlükəsiz zonanın yaradılması məsələsi onun tərəfindən ifadə edildi. Bu da 30 kilometrdən bir qədər çox enində olan təhlükəsiz zonadır. Suriyadakı etnik və dini fərqləri nəzərə almadan bütün qruplara qucaq açdığımızı, PKK/YPG-nin ona tabe olmayan bütün qruplara zülm etdiyini bildirdik. Bunların sənədlərini də onun məsləhətçilərinə verdiyimizi söylədik”, - Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının qrup toplantısında bildirib.

Prezident əlavə edib ki, ikitərəfli ticarət həcminin 75 milyard dollara çıxarılması hədəfinə daha sürətli addımlarla irəliləməsi mövzusunda razılaşıblar.

Ankara və Vaşinqton Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları davam etdirir. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Hansı mövzularda fikirlərin üst-üstə düşmədiyi danışıqlardan sonra bəlli olacaq. İki ölkənin baş qərargah rəisləri artıq Brüsseldə danışıqlar aparıb. Onlar ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib. Xarici siyasət idarələrimiz də birgə iş aparır. Təhlükəsizlik bölgəsi dinc sakinlər və terrorla mübarizə üçün lazımdır”, - Çavuşğlu bildirib.

ABŞ prezidenti Donald Trampın Suriyadakı qoşunları geri çəkməsinə dair qərarında hər hansı dəyişiklik yoxdur. Bu barədə Ağ Evin adının gizli qalmasını istəyən rəsmisi CNN televiziyasına açıqlamasında deyib.

Bildirilib ki, proses yaxından izlənilir. Məsələnin yenidən gündəmə gəlməsinə səbəb isə Suriyanın Münbiç şəhərində amerikalı əsgərlərə qarşı bombalı hücumun hazırlanması hadisəsi olub. Qeyd edək ki, hadisə nəticəsində 14 nəfər həlak olub. Onlardan 4-ü amerikalı, 1-i PKK terrorçusu, qalanı isə dinc şəhər sakinidir.

Trampın təhdidi tarixi ”Conson məktubu”nu yada saldı.

Hərbi baxımdan Türkiyənin qarşısına çıxa bilməyən ABŞ yenə dollar silahını sarılır. Buna qarşı Türkiyənin İncirlik kartını irəli sürməsi lazımdır. Bu, ABŞ-ın geri addım atması üçün kifayətdir. Bu sözləri ABŞ prezidenti Donald Trampın Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı – red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəni iqtisadi zərbə ilə təhdid etməsini şərh edən ekspertlər “Yeni Akit” nəşrinə bildiriblər.

ABŞ-ın qalmaqallı özəl hərbi şirkəti “Blackwater”in (sonradan adını “Academy” olaraq dəyişdirib) muzdlu əsgərləri Suriyanı tərk edən Amerika hərbçilərini əvəz edə bilər. Bu haqda şirkətin qurucusu, Birləşmiş Ştatların Hərbi-Dəniz Qüvvələrinin keçmiş zabiti Erik Prins “Fox Business” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkətin döyüşçüləri ABŞ-ın Suriyadan çıxmasından sonra İran təsirinə qarşı mübarizə apara bilər. ABŞ-ın Suriyada qalmaq üçün uzunmüddətli bir strategiyanın zəruri olmadığını ifadə edən Prins, buna baxmayaraq, ABŞ-ın müttəfiqlərdən (YPG/PKK terror təşkilatını nəzərdə tutur – red.) imtina etməsinin yaxşı bir fikir olmadığını söyləyib.

Yanvarın 16-da Suriyanın Münbiç şəhərinin mərkəzində yerləşən Kasr Əl-Umara restoranında böyük bir partlayış baş verib. Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına görə, partlayış nəticəsində ən azı 9 nəfər həlak olub. Xəbərdə daha 20 nəfərin yaralandığı bildirilir.

Suriya kürdləri Suriyanın şimalında bufer zona yaratmaqla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul etməyib. Bu barədə AFP Suriya kürdlərinin təmsilçisi Aldar Xəlilə istinadla informasiya yayıb.

“Türkiyə və Suriyanın şimalı arasında ayırıcı xətt yalnız BMT sülhməramlılarının iştirakı ilə mümkün ola bilər. İstənilən digər variant yolverilməzdir”, - Xəlil bildirib.

“İran Yaxın Şərq və Avropanı təhdid altında saxlayacaq qitələrarası lazerli ballistik raket arxasınca qaçır”. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

O, İranın ötən gün kosmosa göndərdiyi və uğursuzluqla başa çatan peyk layihəsinə işarə edərək açıqlama verib. Bildirib ki, İran kosmik gəmi göndərməklə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsini pozub: “Bu da İranın bir daha Yaxın Şərq və Avropanı təhdid altında saxlamağa çalışdığını göstərir”.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun Pentaqona İrana zərbə endirilməsi variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat yayılmasından sonra ortaya daha bir iddia atıldı. “Əl-Cəzirə” telekanalının aparıcısı və ABŞ-ın "The Intercept” portalının yazarı Mehdi Həsən Boltonun Vaşinqtonun xarici siyasətində artan təsirinə diqqət çəkərək “indi o, İranla müharibə istəyir” deyib.

İran Suriyadakı varlığını qorumağa davam edərsə, İsrail İrana girmək məcburiyyətində qalacaq. Bu iddia mərkəzi Təl-Əvivdə yerləşən İNSS düşüncə qurumundan gəlib.

İran Suriyadan öz silahlarını və qüvvələrini çıxarmayacaq. Bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfəri deyib.

“İran Suriyada bütün hərbçi və konsultantlarını, eləcə də silahlarını saxlayacaq. Biz bununla islami müqaviməti gücləndirəcəyik”, - o bildirib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kosmosa yeni sistemlər yerləşdirəcək. Bu sistemlər dünya miqyasında ballistik raketləri təsbit edəcək.

Pentaqon bunu prezident Donald Trampın vəzifəyə keçdikdən dərhal sonra verdiyi təlimat əsasında hazırlanan Raketdən Müdafiə Analizi Sənədinə əsasən tətbiq etdiyini bildirib.

ABŞ 2020-ci ilin sonuna qədər kosmosda raketdən müdafiə sistemlərinin yaradılışını bitirmək niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin müavini Con Rud deyib.

“20-ci illərin əvvəllərində təcrübələr, ortalarında və sonunda isə sistemin hazırlığını görmək mümkün olacaq.

ABŞ builki Dünya İqtisadi Forumuna qatılmayacaq. Prezident Donald Tramp federal hökumətin qapalı olması səbəbilə İsveçrədə baş tutacaq foruma Amerikan heyətinin səfərini ləğv edib.

Bu barədə Ağ Evin mətbuat katibi Sarah Sanders yazılı açıqlama verib.

Rusiya ilə müharibə başlayacağı halda, Latviyada yerləşən hipotetik NATO bazaları bir neçə dəqiqə ərzində məhv ediləcək. Bu sözləri Latviya Silahlı Qüvvələrinin Baş Qərargahının Strateji Planlaşdırma Departamentinin keçmiş rəhbəri Raymond Rublovski deyib.

"Hazırda Latviyada sadəcə NATO-ya aid bir batalyon var. Qüvvələrin balansı cəhətdən bu, Moskva üçün heç bir təhlükə təşkil etmir. Ölkənin ərazisində NATO bazasının yerləşməsi isə onun təhlükəsizliyinə kömək etmir. Belə ki, istənilən halda Latviya NATO-Rusiya münaqişəsinin əsirinə çevriləcək və hətta müharibə aparmağa belə vaxtı olmayacaq", - Rublovski bildirib.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

Birləşmiş Ştatlarda neft hasilatının artması Rusiya üçün pis xəbərdir. Bu haqda ABŞ prezidenti Donald Tramp tvitter səhifəsində “Fox&Friends” proqramından sitat gətirib.

Xəbərdə deyilir ki, indi ABŞ ötən bütün dövrlərdən daha çox neft hasil edir.

“Amma bu, Rusiya üçün pis xəbərdir. Prezident Tramp niyə belə edə bilərdi? Siz düşünürdünüz, o, Kremlə işləyirdi?” - Tramp əlavə edib.

Belarus diplomatik missiyanın mümkün genişləndirilməsi haqqında Birləşmiş Ştatlarla danışıqlar aparır. Bu haqda Belarusun Xarici İşlər Nazirliyinin başçısı Vladimir Makey bildirib.

Onun sözlərinə görə, hazırda ölkələr onlar arasında mövcud olan bütün problemli məsələləri müzakirə edirlər.

Rusiyanın razılığı olmadan NATO gəmilərinin Azov dənizinə daxil olması mümkün deyil. Bu sözləri Rusiya Prezident Adminitrasiyasının Krımdakı daimi təmsilçisi Georgi Muradov deyib.

“2003-cü ildə Rusiya ilə Ukrayna arasında imzalanmış müqaviləyə görə xarici ölkələrin hərbi gəmiləri Azov dənizi akvatoriyasına yalnız hər iki ölkənin razılığı ilə daxil ola bilər”, - Muradov bildirib.

Muradovun sözlərinə görə, xarici ölkələrin hərbi gəmilərinin Azova daxil olması yolverilməzdir və Moskva buna razılıq verməyəcək.

Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə reaksiya verəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ABŞ öz iradəsini beynəlxalq ictimaiyyətə güc yolu ilə sırımağa çalışır:

“Dünyadakı situasiya çətin olaraq qalır. Keçən il konflikt potensialı artıb. Buna əsas səbəb ABŞ-ın rəhbərlik etdiyi bir sıra Qərb ölkələrinin formalaşan çoxqütblü dünya reallığını qəbul etməməsidir”.

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları Tokionun “torpaqları ucuz almaq” cəhdi adlandırıb. Partiya lideri bu haqda “Lenta.ru” saytına müsahibəsində bildirib.

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyadan Cənubi Kuril adalarının qaytarılmasını tələb edən Tokioya novbəti dəfə sərt cavab verib. Siyasətçi adaların Yaponiyaya verilməyəcəyini bildirib.

“Tokio bu barədə susmalı və aydın anlamalıdır ki, Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir. Rusiya parlamentinin mövqeyi bu məsələdə olduqca dəqiqdir: Kuril Yaponiyaya verilməyəcək”, - partiya lideri Dövlət Dumasının iclasında deyib.

Öz növbəsində, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Jirinovskinin nitqinin yapon dilinə tərcümə edilməsi təklifiylə çıxış edib.

Rusiya nümayəndə heyəti Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilənin gələcəyi haqqında danışıqlara gəlmiş Amerika tərəfinin ultimatumuyla rastlaşıb. Bu haqda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Britaniya parlamentariləri Brüssel ilə ölkənin Avropa İttifaqından çıxması haqqında sövdələşməni razılaşdırmağa qarşı səs verib. İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.

Bundan əlavə, parlamentarilər 600 səs əleyhinə, 24-ü isə lehinə olmaqla, "Brexit" müqaviləsinə ölkənin Avropa İttifaqı ilə razılaşdırılmış İrlandiya sərhədləri üzrə plandan birtərəfli imtina etmək (geri qaytarmaq) hüququ verən düzəlişləri təsdiq etməyiblər.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtlərinə dair saziş layihəsi dəyişdirilə bilməz. Bu barədə Avropa Komissiyasının sözçüsü Marqaritis Sçinas bildirib. O, hal hazırda başqa heç bir şey edə bilməyəcəklərini qeyd edib: “Böyük Britaniyanın sonrakı addımları haqqında xəbər gözləyirik”.

"Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması məsələsini Avropa Parlamentinə bu il mayın 23-26-da keçiriləcək seçkilərdən sonraya təxirə salmaq mümkün deyil". Bunu Avropa Parlamentinin "Brexit" əlaqələndiricisi, Liberal Partiyası qrupunun rəhbəri Gi Verhofstadt Strasburqdakı dinləmələrdə çıxışı zamanı bildirib.

“Brexit"i təxirə salmağı təklif edirlər, amma Avropa Parlamentinə keçiriləcək seçkilərdən sonraya təxirə salınsa, cəmiyyətimizdə, iqtisadiyyatımızda qeyri-müəyyənlik daha da artacaq”, – o deyib.

ABŞ prezidenti Donald Trampın bilərəkdən, ya da bilməyərəkdən Rusiyanın xeyrinə lazım olduğundan artıq hərəkət etdiyi barədə sübutlar var. Bu iddia ilə “The Boston Globe” nəşrinin müşahidəçisi Maykl Koen çıxış edib.

Material müəllifinin fikrincə, son iki il ərzində Birləşmiş Ştatların prezidenti “hər şeydə Rusiya hökumətinin de-fakto agenti” idi.

“Ola bilsin prezident Vladimir Putin onu şantaj edir. 2016-cı ildə prezident seçkisi kampaniyası zamanı ehtimal ki, Rusiyayla sözləşməsi olub. Amma biz yəqin bilirik: Donald Tramp Rusiya tərəfindən gözdən salınıb”, - siyasi müşahidəçi “The Boston Globe” üçün qələmə aldığı məqaləsində yazır.

Onun fikrincə, Tramp prezident postunda qaldığı hər gün Rusiyanın maraqlarını Birləşmiş Ştatların maraqlarından daha çox müdafiə edir.

Ukrayna

Donbasdakı konfliktin uzun onilliklər boyunca dondurulmuş vəziyyətdə qalması Kiyevdən asılıdır. Bunu “Arqumenti i Faktı” qəzetinə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər şey Kiyevdən asılıdr. Əgər burada müharibə partiyası hakimiyyətdə qalsa, o zaman konfliktin bitməsi şansı yoxdur. Hazırda Ukrayna siyasi arenasında problemin dialoq yolu ilə həllinə çağırış edən qüvvə yoxdur. İşlər həqiqətən pisdir”, – deyə o bildirib.

Ukrayna təhlükəsizlik gücləri Donbasda Mironovsk su anbarının şlüzlərini minalayıblar və onları partlada bilərlər. Bu haqda “Luqansk Xalq Respublikası” separatçı qurumun nümayəndəsi Andrey Maroçko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndəsi tərəfindən aşkar edilmiş və hesabatda öz əksini tapmışdı.

“Biz dünya ictimaiyyətini və beynəlxalq hüquq müdafiə təşkilatlarını bu fakta diqqət yetirməyə çağırırıq ki, su anbarının şlüzlərinin partladılması Luqan çayında suyun səviyyəsinin artmasına, Troisk, İrmino, Pervomaysk və Kalinov yaşayış məntəqələrində daşqınlara gətirib çıxaracaq. Bu, dinc əhalisi arasında böyük miqdarda qurbanlara, respublikanın bütün ərazisində ekoloji və humanitar faciəyə gətirib çıxaracaq”, - separatçı qurumun “müdafiə idarəsi”nin nümayəndəsi deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR