Bakının “Aypara” TAKTİKASI: Ermənistanı məğubiyyətə uğradan yeni reallıq
Bizi izləyin

Nida Təhlil

Bakının “Aypara” TAKTİKASI: Ermənistanı məğubiyyətə uğradan yeni reallıq

Asif Nərimanlı

https://asifnerimanli.wordpress.com/

Geosiyasi reallıqların siyasi şərtləri çətinləşdirdiyi dünyada ölkələrarası münasibətlər cəbhələşmə dövrünə qədəm qoyub. ABŞ-ın timsalında Qərb, Rusiya-Çin ikiliyinin timsalında Şərq cəbhəsi, o cümlədən, bu cəbhələrin hər birinin öz içində bölünməsi, daim dəyişən maraqlar və siyasi şərait dünyanı qarmaqarışıq vəziyyətə salıb. Beynəlxalq ekspertlərin də təsdiqlədiyi kimi, dünyada faktiki olaraq I Dünya müharibəsindən öncəki vəziyyət yaranıb və bu mənzərədə milli maraqlarını qorumaqla bütün cəbhələrlə eyni məsafəni saxlamaq və bərabərhüquqlu münasibətlər qurmaq çətindir: ölkələr bəzən milli maraqlarını qurban verməli olsalar belə bu cəbhələr arasında mütləq şəkildə seçim etmək məcburiyyətində qalırlar. Çünki geosiyasi şərtlər bunu tələb edir. Lakin Azərbaycanın uğurla apardığı balanslı xarici siyasət seçim etmədən bütün cəbhələrə eyni məsafədə dayanmaq və milli maraqlar kontekstində hərəkət etməyin mümkün olduğunu təsdiqləyir.

Azərbaycanın xarici siyasətini iki istiqamət üzrə xarakterizə etmək olar: Balanslı siyasət və hücum diplomatiyası. Əslində bu, bir-birinə bağlı, biri digərinin davamıdır.

Balanslı siyasət: Heç bir geosiyasi cəbhədə yer almadan bütün tərəflərlə qarşılıqlı əlaqələr qurmaq, region ölkələri ilə mehriban münasibətlərə dayanan bərabərhüquqlu əməkdaşlıq etmək. Bu, Azərbaycana hücum diplomatiyasını uğurla həyata keçirmək üçün etibarlı tərəfdaşlar qazandırır.

Hücum diplomatiyası: Ermənistanı bütün cəbhələrdə sıxışdırmaq, işğalçının “nəfəsliklərini” bağlamaq və təslim olmağa məcbur etmək.

Prezident İlham Əliyevin apardığı bu siyasət türk dövlətlərinin sınaqdan çıxmış “Aypara” (Qurd Qapanı da deyilir, Nadir şah, Alp Arslan, Sultan Süleyman və digər türk sərkərdələri bu taktikadan uğurlu istifadə edib) hərbi taktikasının döyüşün cəbhədə deyil, masada aparıldığı bugünkü şərtlərdə müasir diplomatiyaya uğurla köçürülməsidir. Düşmən bütün tərəflərdən mühasirəyə alınır və zərərsizləşirilir.

Balans siyasəti və hücum diplomatiyasına əsaslanan bu strateji taktika bölgədə yeni reallığın yaranması ilə nəticələndi: Bütün ölkələrlə bərabərhüquqlu faydalı əməkdaşlıq quran və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən güclü Azərbaycan və ənənəvi tərəfdaşlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizimlər burulğanında boğulan Ermənistan.

Regionun yeni reallığı belədir və bu, Azərbaycan liderinin illərdir apardığı tarixi strateji taktikaya söykənən siyasətinin nəticəsidir.

Azərbaycan bu gün bölgədə qarşılıqlı əməkdaşlığın müəllifi və birləşdirici güc rolunda çıxış edir. Rəsmi Bakının həyata keçirdiyi qlobal iqtisadi layihələr və təşəbbüskarı/iştirakçısı olduğu əməkdaşlıq formatları bütün bölgənin inkişafında həyati əhəmiyyət kəsb edir. Bu layihələrin bir neçəsinə diqqət yetirək:

Cənub Qaz Dəhlizi: Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bu layihə üç hissədən – Cənubi Qafqaz Boru Kəməri (CQBK) Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərindən (TAP) ibarətdir. Boru kəmərləri Azərbaycan qazının Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çıxaracaq. Gələcəkdə təbii qaz İtaliyadan “Köhnə Qitə”nin digər ölkələrinə paylanacaq. Bu layihə boru kəmərinin keçdiyi bütün ölkələrə siyasi və iqtisadi dividend gətirəcək. Hazırda layihənin inşası uğurla davam etdirilir. Azərbaycanın həyata keçirdiyi bu layihə iştirakçı ölkələrə qazanc, Avropaya təminat verməklə yanaşı, dünyanın enerji xəritəsinin yenidən formalaşmasına da zəmin yaradıb.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti (BTQ): 2017-ci ildə istifadəyə verilən, Asiya ilə Avropanın nəqliyyat şəbəkəsinin birləşdirilməsində ilk mərhələ olan BTQ iki qitə arasında ən qısa və etibarlı yoldur. Bu yol ümumilikdə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilib. İştirakçı ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşunun artmasına, əməkdaşlığın dərinləşməsinə təkan verən bu layihə bölgənin sabitliyi və təhlükəsizliyinin qorunmasında da mühüm əhəmiyyət kəsb edir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi: Bu dəhliz Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Layihənin başa çatdırılması istiqamətində işlər davam etdirilir, bununla yanaşı, Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə Çindən Avropaya qədər uzanan marşrutu təmin edəcək.

Regionun inkişafına təkan verən bu və digər layihələr Azərbaycanın müəllifliyi və iştirakı ilə həyata keçirilir. Təbii ki, iqtisadi əlaqələr siyasi münasibətlərə də sirayət edir və rəsmi Bakının təşəbbüsləri ilə bu gün regionda formalaşan Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Rusiya kimi əməkdaşlıq formatları buna nümunədir.

Azərbaycan bu əməkdaşlıq formatlarına bütün şərtlərdə sadiq qaldı və beynəlxalq toqquşmalarda, xüsusilə qlobal güclərin Rusiya və İrana qarşı təcrid və təzyiq siyasətində yer almadı. Hərçənd, ölkəmizin qlobal toqquşmalarda platforma olması istəkləri bu gün də mövcuddur. Lakin rəsmi Bakı balanslı siyasət nəticəsində həm ölkəni bu toqquşmalardan uzaq tutdu, həm də qonşu ölkələrlə dostluq münasibətlərini gücləndirdi. Bu gün Bakı-Moskva, Bakı-Tehran, o cümlədən, Bakı-Ankara, Bakı-Tbilisi xəttində müşahidə olunan münasibətlər bunu əyani şəkildə göstərir.

Azərbaycan-Rusiya: Bakı və Moskva arasındakı münasibətlər hər iki ölkə liderinin şəxsi dostluq münasibətləri və qarşılıqlı maraqlar fonunda inkişaf edir. Xüsusilə regionda Rusiyanın ənənəvi müttəfiqi Ermənistanın davranışları da Moskvanın Cənubi Qafqaz siyasətini yenidən gözdən keçirməsini şərtləndirdi. Diqqətçəkən əsas məqam isə Rusiyanın bir çox məsələdə Azərbaycanla hesablaşması, Bakının maraqlarına toxunacaq hərəkətlərdən çəkinməsidir. Burada Azərbaycanın liderinin siyasi çəkisinin ağırlığı da mühüm amildir. Azərbaycan və Rusiya Prezidentlərinin görüşlərində də bu məqam diqqətdən yayınmır.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin iyun ayının 13-də Moskvada futbol üzrə dünya çempionatının açılış mərasiminə dəvət edilən ali qonaqlar arasında idi. Mərasimdə Azərbaycan və Rusiya liderlərinin ikitərəfli müzakirələri keçirildi. Rusiya Prezidenti Vladimir Putinin mərasimə qatılan Ermənistan rəhbərliyinə saymazyana münasibəti də diqqətdən qaçmadı.

Sentyabrın 1-də Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Soçiyə səfər etdi. Görüşdə liderlər ciddi müzakirələr apardılar, həmçinin, ikitərəfli münasibətləri daha da möhkəmləndirən 15 mühüm sənəd imzalandı.

2018-ci ildə Azərbaycan və Rusiya Prezidentlərinin ümumilikdə 6 dəfə bir araya gəlməsi, aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini göstərir.

Prezident İlham Əliyev də ötən ilin 25 dekabrında “Rossiya-24” telekanalına müsahibəsində iki ölkə arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb.

“Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir… Mən Prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşmışıq. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb. Mən şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları böyük həcmdə, yüz milyon dollarla Azərbaycanın mühüm sənaye layihələrini maliyyələşdirir. Bu, bizim münasibətlərin, həm də Azərbaycanın məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk. Biz 2019-cu il üçün planları müəyyənləşdirmişik…”, - deyə dövlət başçısı bildirib.

İkitərəfli münasibətlərin inkişaf hər iki ölkənin ictimaiyyəti arasında yaxınlığa da müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycana gələn turistlər arasında rusiyalılar birinci yeri tutur. Ötən il ölkəmizə gələn rusiyalı turistlərin sayı 1 milyona yaxın olub.

Azərbaycan-İran: Bakı və Tehran arasında da münasibətlər daim inkişaf edir. Xüsusilə Azərbaycanın İrana qarşı təcrid siyasətinə qoşulmaması, bütün dövrlərdə qonşuluq münasibətlərini əsas götürməsi iki ölkə arasında qarşılıqlı etibarı gücləndirir. Azərbaycan və İran hazırda “Şimal-Cənub” layihəsində birgə yer almaqla yanaşı, iki ölkə arasında bir sıra mühüm layihələri həyata keçirir, iqtisadi-siyasi əlaqələri də inkişaf etdirir. Misal üçün, iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə 16, 2018-ci ildə isə 73 faiz artıb. Ötən il İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı da ikitərəfli əlaqələrin inkişafına təkan verən mühüm sənədlər imzalanıb.

Bu münasibətlər İranın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə səbəb olur. Təsadüfi deyil ki, yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab etdiklərini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdi.

“Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”, – deyə iranlı general bildirdi. Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

Azərbaycan-Türkiyə: Bakı və Ankara arasında münasibətlər qardaşlıq bağları ilə qurulub. Azərbaycan müstəqillik illərində Türkiyə ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail oldu, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da intensivləşməsi “bir millət iki dövlət” şüarına yeni məzmun gətirdi.

Prezident İlham Əliyevin “XXI əsr türklərin əsridir” sözlərini yəqin ki, hər kəs xatırlayır. Bu gün türk dünyasının bütövləşməsi, bir yumruq kimi eyni hədəfə vurması fonunda bu sözlər təsadüfi deyil. O da təsadüfi deyil ki, hazırda türk dünyasının əsas aparıcı gücü məhz Azərbaycan və Türkiyədir. Bu iki gücün, iki ölkənin arasında uçurumlar yaratmaq cəhdlərinin uzaq mənzilli hədəflərində türk dünyasının birləşə bilməməsi faktoru olduğu da unudulmamalıdır. Zaman-zaman bu həmlələr olub, lakin nəticə etibarilə hər iki dövlət Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi, Heydər Əliyevin müasir siyasi tarixə damğasını vuran və düşmənlərin sevmədiyi “Bir millət, iki dövlət” sözləri heç vaxt ikinci plana keçməyib.

İki ölkə liderinin qardaşlıq münasibətləri iki ölkə münasibətlərində dəyişməz prioritetlər yaradır: Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz; Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın yaxşı və pis günündə həmişə yanındadır;

Bu prioritetlər ikitərəfli münasibətlərin bütün sferalarında öz əksini tapır.

Azərbaycan-Gürcüstan: Bakı və Tbilisi münasibətləri strateji tərəfdaşlığa söykənir. Təsadüfi deyil ki, Azərbaycanın müəllifi olduğu bütün qlobal layihələrin əsas iştirakçılarından biri Gürcüstandır. Bu gün Cənubi Qafqazın əsas güc mərkəzi olan Azərbaycan qonşu Gürcüstanın iqtisadi, hərbi və təhlükəsizliyinin əsas qarantı rolunda çıxış edir. Bu, Tbilisinin Dağlıq Qarabağ məsələsində, o cümlədən, Azərbaycanın işğalçı ölkəyə qarşı apardığı blokada siyasətində Bakının yanında yer almasını təmin edir.

Region ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan Uzaq Şərqdə Çin, Uzaq Qərbdə ABŞ daxil olmaqla bütün ölkələrlə də qarşılıqlı etibara əsaslanan əlaqələr qurub. O cümlədən, Avropa İttifaqı və ittifaq ölkələri ilə strateji tərəfdaşlıqlar yaradılır.

Yeni reallıq: Rəsmi Bakının bütün bölgədə diplomatik manevrləri regionda Azərbaycanın aparıcı qüvvəyə çevrildiyi, işğalçı Ermənistanın isə küncə sıxışdırıldığı reallığını yaradıb. Prezident İlham Əliyevin müəllifi olduğu bu reallıq Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günü daha da yaxınlaşdırır.

Azərbaycan lideri bütün ölkələrlə strateji əlaqələr qurmaqla ölkəmizi siyasi gücə çevirir, işğalçı Ermənistanın bütün yollarını bağlayan manevrlər edir və qədim türk taktikasını müasir siyasətə transfer edərək, düşməni tədricən məğlubiyyətə uğradır. Bu strateji taktika Ermənistan üzərində artıq bir dəfə öz gücünü göstərdi: Azərbaycanın uğurlu təcrid siyasəti işğalçı Ermənistanda 20 illik hərbi xunta yaradan rejimin hakimiyyətdən məhrum edilməsinə, bu ölkənin iqtisadi və siyasi sisteminin çökməsinə səbəb oldu. Şübhəsizdir ki, işğal davam etdiyi müddətdə Ermənistanın yeni hakimiyyətini də sələflərinin taleyi gözləyir.

Regionun yeni reallığında işğalçı Ermənistanın yeni hakimiyyətinin də çətin vəziyyətə düşməsi çox çəkmədi. Küçədən siyasətə gələn Nikol Paşinyanın diplomatik təcrübəsizliyi Ermənistanı region ölkələrinin hədəfinə çevirdi. “1 mart” işi, rus hərbi bazalarının bağlanması tələbləri, erməni ictimaiyyətində rusofobiyanın artması İrəvanı Moskvanın qəzəbinə tuş gətirdi. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistana ilk zərbəni endirdi, ardınca təbii qazın qiymətini artırdı, həmçinin, bir sıra iqtisadi layihələri təxirə saldı. Bunlar Rusiyanın Ermənistana qarşı müşahidə olunan ilk hücumlarıdır. Məşhur rusiyalı politoloq Aleksandr Duqinin “Moskva-baku” portalına müsahibəsində dediyi “Rusiya prezidenti hələ ki sakitdir və tərəfdaşın davranışlarını izləyir. Lakin tərəfdaş danışdığı kimi hərəkət etmirsə, Putin buna əvvəlcə bir neçə dəfə xəbərdarlıq edə bilər, sonra isə daha sərt reaksiya verəcək. Ermənistanın yeni rəhbərliyi belə siyasəti davam etdirəcəksə, bu, sadəcə qəza ilə başa çatacaq. Çünki bu üslub Putinlə işləmir” sözləri isə Moskvanın İrəvana qarşı ata biləcəyi mümkün addımları təsəvvür etməyə imkan verir.

Regionda təcridlə üzləşən Ermənistan Rusiyadan sonra ikinci “nəfəslik” hesab etdiyi İrandan da zərbələr alır. Xüsusilə Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın İrana qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Tehranı qapılarını İrəvanın üzünə bağlamağa vadar edib.

Ermənistanın regionda bu vəziyyətə düşməsinin başlıca səbəbi isə təbii ki, Azərbaycanın balanslı siyasəti və hücum diplomatiyasını özündə birləşdirən strateji taktikasıdır. Bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normal və prinsipləri əsasında həllinə zəmin yaradıb. Prezident İlham Əliyevin 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüş olacağı mesajını verməsi də təsadüfi deyil.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm