• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Ermənilərlə sorosçuların anti-Azərbaycan ittifaqı – Bir qətnamənin izi ilə...

Ermənilərlə sorosçuların anti-Azərbaycan ittifaqı – Bir qətnamənin izi ilə...

Hələ Mehman Hüseynov məsələsi gündəmə gətirildiyi ilk günlərdə bunun Azərbaycana qarşı yeni hücum planı olduğunu və məqsədin heç də həbsdə olan birinin azadlığa çıxmaq olmadığını deyirdik. Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı ortaya çıxan faktlar da bunu təsdiq etdi. Məlum oldu ki, bu qətnamə Avropa strukturlarında yuva salmış erməni lobbisi və sorosçuların (bu iki qrup məsələ Azərbaycan olanda həmişə birləşirlər) Azərbaycana qarşı birgə planıdır.

Qətnamənin həmmüəlliflərindən olan AP üzvü, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harmsın (Almaniya, Yaşıllar qrupu) kimliyi məsələyə aydınlıq gətirmək baxımından əhəmiyyətli detaldır. Rebekka Harms daim Azərbaycana qarşı məkrli oyunlar quran, dünyada “inqilabların atası” olaraq tanınan Corc Sorosun təsiri altında olan şəxsdir. O, özü bunu gizlətmir və “qoca inqilabçı”nın təmsil olunduğu platformalarda onunla foto obyektlərə poz verir.

Cors Soros vaxtilə müxtəlif fondlar və institutlar vasitəsilə Azərbaycanda fəaliyyət göstərir, ölkənin daxili işlərinə birbaşa, çağırılmamış qonaq kimi burnunu soxurdu. Bakı buna sonuna qədər dözümlü yanaşdı, nəhayət, hər şeyin sonu olduğu kimi Sorosun Azərbaycan “macəralarının” da sonu gəldi. Bundan sonra onun qisasçılıq hissi ilə geridönüşü gözlənilən idi. Lakin o, son təması qurmadan buna getmək istəmədi və 2015-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü. Yayılan məlumatlara görə, dövlət başçısından Azərbaycanda fəaliyyətinin bərpa etməyi xahiş edib və razılıq alıb. Lakin bir şərtlə: ölkənin daxili işlərinə qarışmayacaq. Bu C. Sorosa sərf etmədi və həmin görüşdən dərhal sonra Azərbaycanla bağlı tənqidi bəyanat yaydı. Qoca “inqilabçı” qisasa başlamışdı. Həmin vaxtdan Azərbaycana qarşı bütün hücumların arxasında onun “ağ başını” görmək mümkündür, hətta artıq bu adi hala çevrilib. Sorosun Avropa Şurası Parlament Assambleyasında erməni nümayəndələri ilə birlikdə Azərbaycana qarşı intensiv hücumları da onun “qisas” kampaniyasının bir hissəsi idi. AŞPA-dakı sorosçuların bir neçəsinin adını da çəkə bilərik:

“Avropa sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus;

Almaniya Xristian-demokrat ittifaqı (XDS) Kristofer Ştrasser;

Niderland siyasətçi Piter Omtzixt;

SDP üzvü (Almaniyanın Sosial-Demokrat Partiyası) Frank Şvab;

Fransız deputatlar Rene Ruke və Fransua Roşblaun (Roşblaun həm də Fransa-Ermənistan dostluq qrupunun üzvüdür) və başqaları;


Görünür, Mehman Hüseynov məsələsi Corc Soros və onun ermənipərəst komandası üçün Azərbaycana qarşı yeni hücum imkanı oldu, lakin müzakirələr zamanı baş verənlər özləri üçün ciddi biabırçılıqla nəticələndi.

Rebekka Harms ilk çıxışçı kimi kürsüyə qalxdı və ilk yalanını danışdı. Bildirdi ki, məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışıb. Hərçənd, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı nə Milli Məclisə, nə Azərbaycan Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir. Müzakirələrdə çıxış edən Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan Hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğuladı və qeyd etdi ki, Aİ diplomatik nümayəndələri Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.

Aİ-nin yüksək səviyyəli rəsmisinin bu çıxışı Mehman Hüseynovun qardaşı Emin Hüseynovu təşvişə saldı. Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə elektron məktub ünvanlayıb. Məktubunda komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmançılıq keçirdiyi hiss edilən qardaş Hüseynov özü bunu “şok oldum” kimi yazır. Maraqlıdır o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirdib, yoxsa Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?!

Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şou-ya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.

Qətnamənin qəbulunda diqqət çəkən əsas məqamlardan biri isə Ermənistan mediasının “sevincli” xəbərləridir. Qətnamə ilə bağlı ilk məlumatı da erməni mediası tirajladı. Əslində bu oyunun arxasında erməni lobbisinin olduğunu nəzərə alsaq, erməni mediasının qətnamənin qəbul ediləcəyi haqqında öncədən xəbərlərinin olduğu məlum olur. Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünü yada salmaması da sifarişin haradan gəldiyinə daha bir dəlildir.

Göründüyü kimi, bütün bu prosesdə Mehman Hüseynov qurban olaraq seçilib. Lakin bu qətnamənin kağız parçasından başqa bir şey olmadığını avroparlamentarilər də anlayır. Çünki Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün belə qətnamələrin də heç bir qüvvəsi yoxdur. Sadəcə olaraq, ortada Azərbaycana qarşı uzun illərdir müşahidə olunan ikilistandartların olması və Avropa strukturlarının ikiüzlülüklərini davam etdirməsidir.

Prezident İlham Əliyev hələ 2015-ci ildə AP-nin Azərbaycana qarşı qəbul etdiyi qətnamədən danışarkən Azərbaycana qarşı qərəzli münasibəti belə şərh etmişdi: “Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz”.

Azərbaycan bu gün milli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır, lakin Prezident İlham Əliyevin dediyi kimi, heç bir halda təzyiq və diktat metodları qəbul etmir, bundan sonra da qəbul etməyəcək.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR